"Yay məktəbi" böyük maraqla qarşılanıb

"Quba rayonunda 27 min şagirddən 10 minə yaxını "Yay məktəbi"nə ərizə verib"

Bildiyimiz kimi, mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edildi. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratdı. Mövcud vəziyyəti nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəb”i təşkil edildi. Qeyd edək ki, Azərbaycanda yay müddətində yay məktəbi və düşərgələri sovetlər dönəmində kütləvi şəkildə istifadə olunmağa başlamışdı. İlk dəfə 1921-ci ildə Azərbaycan məktəbliləri üçün pioner düşərgələri təşkil olundu.



Bunu istirahət adlandırsaq da, təhsil nəzəriyyəsində göstərilib ki, bu, şagirdlərin tədris prosesində öyrəndikləri nəzəri məlumatların praktiki olaraq həyata keçirilməsidir. Yay məktəbləri və yay düşərgələri şagirdlərdə ünsiyyətin yüksək səviyyədə inkişafı, təhsil prosesindən uzaqlaşmaması, tədris ili müddətincə qismən tanış olduqları sinifdənxaric oxu materiallarını daha dərindən öyrənmək, istehsalat və peşə fəaliyyəti ilə yaxından tanış olmaq üçün fəaliyyət göstərir. Bu, bütün dünyada mövcud prosesdir. Artıq bir neçə gündür ki, ölkəmizdə yay məktəbləri təşkil edilir.

Mövzu ilə bağlı Quba RTŞ-nin aparıcı məsləhətçisi Qələmşah Dostuyev  "Şərq"ə açıqlama verib. O vurğulayıb ki, ölkəmizdə yay məktəbləri valideynlərin ərizəsi əsasında təşkil olunub:

"Qeyd edim ki, qanuna əsasən hər sinifdə ən azı 3 şagird olanda dərslər təşkil oluna bilər. Əgər şagird sayı bundan azdırsa, onlar yaxın siniflərlə birləşdirilir. Məsələn, 3 və 4 , 5 və 6-cı siniflərlə. Müşahidə etdiyimiz qədərilə tədris kifayət qədər böyük maraqla qarşılanıb.

Təbii ki, bu yeni bir layihədir və müəyyən çətinliklər var. Lakin buna baxmayaraq, layihə kifayət qədər uğurlu alınır. Şübhəsiz ki, növbəti illərdə daha da təkmilləşmiş formada təşkil etmək mümkün olacaq.



Fikrimcə, infrastruktur imkanları genişləndirilsə daha yaxşı olar. Qeyd edim ki, “Yay məktəbi”ndə əsas 3 fənn - ana dili, riyaziyyat və xarici dil tədris olunur. Daha 3 fənni isə məktəb özü müəyyənləşdirir. Xüsusən hansı fənlər üzrə geriləmələr daha çox müşahidə olunursa, onlar keçirilir".

Q.Dostuyev qeyd edib ki, bu layihə çox böyük yenilikdir:

"Sadəcə bunu optimal formada təşkil etmək üçün hələ xeyli iş aparılmalıdır. Zənnimcə, "Yay məktəbi"nə valideynlərin də müəyyən dərslər zamanı cəlbi məsələsi nəzərdə tutula bilər.  İlk növbədə buna uyğun müəyyən maddi-texniki baza gücləndirilməlidir.

Məsələn, "Yay məktəbi" üçün karandaş, kağız, rəngli vərəq, boya və s. kimi əşyaları nəzərdə tutmaq olar. Hazırda Quba rayonunda 27 min şagirddən 10 minə yaxını "Yay məktəbi"nə ərizə verib və dərslərdə hazırda iştirak edirlər.

Hələki "Yay məktəbi" ilə bağlı ciddi bir problemlərimiz olmayıb. Dərslərə qoşulan şagirdlərin sayında isə azalma yox, əksinə, artım müşahidə olunur. Bu isə çox yaxşı haldır".