Heç bir məktəb rəhbəri təkbaşına qərar verə bilməz

Vahid məktəbli formaları üçün hər bir məktəbin pedaqoji şurası təkliflər hazırlamalıdır

Məktəblilər üçün yeni geyim nümunələri təsdiq üçün təqdim edilib. Bu barədə Təhsil Nazirliyindən bildirilib. Rəsmi məlumata görə, həmin təsvirlər təsdiq edildiyi təqdirdə ictimaiyyətə bildiriləcək. Bununla belə qeyd edilib ki, yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları da istifadədə qalacaq.

Təhsil eksperti Kamran Əsədov mövzu barədə "Şərq"ə açıqlama verib. O qeyd edib ki, ölkəmizdə məktəbli forması ənənəsi kütləvi şəkildə sovetlər dövründə tətbiq edilməyə başlayıb:

"Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunurdu. Yəni hər məktəb öz şagirdləri üçün vahid geyim  forması tətbiq edə bilərdi.

Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilirdi. Amma Prezident İlham Əliyevin imzaladığı “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana əsasən  dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilməlidir. Belə ki, Təhsil Nazirliyi tərəfindən  4-5 vahid məktəbli geyiminin formaları təsdiqlənəcək və təhsil müəssisələri yalnız bu geyimlərdən istifadə edə biləcəklər".

K.Əsədov əlavə edib ki, ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub:

"Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə bəyənilib. Məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına müsbət təsir göstərib. Respublikamızın, habelə yaxın və uzaq xarici ölkələrin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizdə fəaliyyət göstərən 4472 orta məktəbində təhsil alan 1.6 milyon şagirdin hər biri vahid məktəbli forması ilə tədris prosesinin iştirakçısına çevrilir.

Amma bu o demək deyil ki, bütün məktəblər eyni məktəbli formasından istifadə etməlidir. Hər bir məktəbin pedaqoji şurası qərar qəbul edib təklif edilmiş 4-5 layihədən istədikləri dizaynda forma müəyyən edə bilərlər. Yəni ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının mövcud olması mümkündür və bu barədə məhdudiyyət yoxdur.

Bir vacib məqamı qeyd edim ki, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar qəbul olunduqdan sonra qəbul edilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz". 

Təhsil eksperti vurğulayıb ki, rayonlarda məktəbli formasından istifadə ilə bağlı müəyyən çatışmazlıqlar var:

"Bu da hava şəraiti ilə bağlıdır. Belə ki, valideynlər soyuq havalarda məktəbli formaları nazik olduğu üçün uşaqlar üşüyürlər, onlara soyuq olur. Ona görə də daha çox qış aylarında bu hal baş verir. Hesab edirəm ki, məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan istifadə ilə bağlı problem olmaz. Digər tərəfdən isə geyimlərin tikilməsi ilə Bakı Tikiş Evi (BTE) məşğul olmamalıdır. Bu, keyfiyyətə ciddi təsir göstərə və rəqabət mühitini aşağı sala bilər.

Ona görə də Təhsil Nazirliyi 4-5 eskizi müəyyən edib ictimaiyyətə təqdim etməli və məktəblərə göndərməlidir. Onun standartlara uyğun olaraq tikilməsini valideynlər ya fərdi qaydada, ya kollektiv şəkildə, ya da ki, məktəblə birlikdə həyata keçirməlidirlər".