İki ölkə arasında tələbə mübadiləsi sürətlənəcək

Azərbaycan və Türkiyə Məzunlar Dərnəyinin qurulması müsbət haldır

Azərbaycan və Türkiyə Məzunlar Dərnəyinin qurulması istiqamətində işlər davam etdirilir. Bu barədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub. Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə qarşılıqlı olaraq hər iki ölkədə ali təhsil müəssisələrinin məzunların dərnəklərinin qurulması təşviq ediləcək. Bu işlərin həyata keçirilməsi Azərbaycan tərəfdən Təhsil Nazirliyinə, Türkiyə tərəfdən isə Xaricdə Yaşayan Türklər və Əqraba Topluluklar Başqanlığına (YTB) tapşırılıb.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, azərbaycanlı tələbələrin sayı Türkiyədə 21 min nəfərdir. Təhsil eksperti qeyd edib ki, bu, kifayət qədər ciddi rəqəmdir:

"Etiraf edək ki, bir çox hallarda xarici ölkələrdə təhsil almağa gedən bizim abituriyentlərimiz orada ciddi problemlər yaşayırlar. Bu problemlər yaşayış yerinin müəyyənləşdirilməsi, yəni ev və ya yurdlarda qalma, həmin ərazilərlə bağlı uyğunlaşma ilə əlaqədardır. Yəni bu sahədə müəyyən çətinliklər çəkirlər. Azərbaycan və Türkiyə Məzunlar Dərnəyinin olması çox mühümdür. Çünki ən azından Türkiyədə təhsilini başa vurmuş şəxslər bu dərnək vasitəsilə gələcəkdə Türkiyəyə oxumağa gedənlərə məlumat verəcək. Təbii ki, bu, kifayət qədər yaxşı  bir haldır". 

K.Əsədov əlavə edib ki, digər tərəfdən Azərbaycan və Türkiyə Məzunları Dərnəyi Türkiyədəki müsbət təcrübənin Azərbaycanda da yayılmasına gətirib çıxaracaq:

"Ümumiyyətlə, hazırda Türkiyədə 21 min azərbaycanlı,  Azərbaycanda isə 1600 yaxın türkiyəli tələbə təhsil alır. Belə deyək ki, bu dərnək iki ölkə arasında tələbə mübadiləsini də sürətləndirəcək. Həmçinin, əvvəlki illərdə məzun olmuş şəxslər təhsil müddətlərində qarşılaşdıqları problemlərin birbaşa bu dərnək vasitəsilə həllinə çalışacaqlar. Ümumilikdə isə dünya təcrübəsində bu tipli məzun dərnəkləri ölkələr arasında inteqrasiyaya, təhsilin inkişafına, təhsilin əlçatanlığına ciddi şəkildə müsbət təsir göstərir".