Təhsil sahəsinə ayrılan vəsaitdə yüksəlmə var

Lakin vəsaitin bölünməsində vacib məsələlər yenə arxa planda qalıb 

"Təəssüf ki, elmi istehsalata, elmi tədqiqatlara yenə də az vəsait ayrılıb. Əgər biz gənclərin elmə gəlməsini təşviq etmək istəyiriksə, bu sahəyə ayrılan vəsaitin miqdarı çox olmalıdır"

Gələn ilin dövlət büdcəsindən təhsilə 3.884 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, həmin vəsaitin 376 milyon 858 min 452 manatının məktəbəqədər təhsilə, 2 milyard 090 milyon 153 min 867 manatının ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatının orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatının ali təhsilə, 3 milyon 937 min 523 manatının əlavə təhsilə, 7 milyon 015 min 701 manatının təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manatının təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclənəcəyi nəzərdə tutulur. 

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, təhsil sahəsinə ayrılan vəsaitdə yüksəlmə var, lakin vəsaitin bölünməsində vacib məsələlər yenə arxa planda qalıb:

 - Təəssüf ki, elmi istehsalata, elmi tədqiqatlara yenə də az vəsait ayrılıb. Əgər biz gənclərin elmə gəlməsini təşviq etmək istəyiriksə, bu sahəyə ayrılan vəsaitin miqdarı çox olmalıdır. Yəni vəsait elə bir həddə olmalıdır ki, yeni elmi araşdırmalar, elmi tapıntılar üçün əlverişli imkanlar yaransın. Elmlə məşğul olmaq istəyənlərdə həvəs yaransın, görsünlər ki, fəaliyyət üçün imkanlar var. Ümumilikdə təhsilə ayrılan təqribən 4 milyard manat ciddi  rəqəmdir, amma bu məbləğdə elmin payı yenə azdır. 

K.Əsədov bildirdi ki, məktəbəqədər təhsilə ayrılan vəsait də azdır:

- Ölkədə ümumilikdə 1670 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunun da 350-si paytaxtdadır. Bölgələrdə məktəbəqədər təhsil müəssisələrinə böyük ehtiyac var. Qax, Zaqatala, Daşkəsən... bir çox bölgələrdə məktəbəqədər təhsil müəssisələri çatışmır. Qəzalı vəziyyətdə olan məktəblər də çoxdur. Xüsusilə Quba, Qusar, Xaçmaz, Yardımlı, Daşkəsən, Tovuz... və digər bölgələrdə. Doğrudur, işğaldan azad edilmiş ərazilərdə yeni məktəb binalarının tikintisinə vəsait ayrılıb. Belə də olmalıdır. Eyni zamanda harada daha çox ehtiyac varsa, həmin bölgələr nəzərə alınmalıdır. Təhsil Nazirliyi yeni məktəb binalarının, eləcə də məktəbəqədər təhsil müəssisələrinin daha çox ehtiyac duyulan yerlərdə tikintisinə çalışmalıdır.