Tələbələr sosial yataqxanaların imkanlarından istifadə edə biləcəklər



Yeni “Ali təhsil haqqında” qanun layihəsi yüksək səviyyədə hazırlanıb

Noyabrın 2-də Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi üzrə  parlamentin Elm və təhsil komitəsi yanında yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib. İşçi Qrupunun rəhbəri, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev öncə bu qrupun yarandığı dövrdən indiyədək olan fəaliyyəti barədə məlumat verib. Ali təhsil müəssisələrinin rektorları ilə görüşlərdə onların təkliflərinin dinlənildiyini, qanun layihəsi ilə bağlı səmərəli fikir mübadiləsi aparıldığını bildirib. Təhsil ekspertlərinin də “Ali təhsil haqqında” qanun layihəsinə dair təkliflərinin nəzərə alındığını qeyd edib. B.Əliyev qanun layihəsinin müzakirəyə təqdim olunmuş variantının sahə mütəxəssisləri və Təhsil Nazirliyi ilə çox sıx əməkdaşlıq şəraitində xeyli təkmilləşdirildiyini, cəmi 53 maddədən ibarət olduğunu və konseptual baxımdan dəstəkləndiyini diqqətə çatdırıb. Bildirib ki, bu sənəd dövlət başçısının təhsil sahəsində həyata keçirdiyi islahatların ruhuna uyğun hazırlanıb. Xüsusilə, ali təhsil sisteminin rəqabət qabiliyyətinin artırılmasına və möhkəmləndirilməsinə xidmət edəcək. Layihədə müasir dövrün yeni çağırışları nəzərə alınıb.
Müzakirələrdə iştirak etmiş millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında “Ali Təhsil haqqında” qanun layihəsi ətrafında aparılan müzakirələrin çox səmərəli olduğunu deyib. Deputatın sözlərinə görə, işçi qrupunun parlamentdə təmsil olunan üzvləri, o cümlədən Təhsil Nazirliyinin nümayəndələri çox konstruktiv müzakirələr aparıblar: “Qanun layihəsinin yüksək səviyyədə hazırlandığı, mütərəqqi olduğu qeyd olundu. Çünki layihə təhsillə bağlı olduqca mühüm məqamları özündə əks etdirir. Hesab edirəm ki, qanunun qəbul edilməsi ümumi təhsilimizin inkişafına, daha da irəli getməsinə ciddi töhfə verəcək. “Ali təhsil haqqında” qanunda əksini tapan vacib məsələlərdən biri də sosial yataqxanaların yaradılması məsələsidir. Ali məktəblərə qəbul olunan tələbələrin ən çox üzləşdiyi çətinliklərdən biri bununla bağlıdır. Hər il ali məktəbə qəbul olunan tələbələrin bir qismi təhsil haqqı ilə bərabər kirayə pulu da ödəməli olurlar. Hazırda bir sıra ali təhsil müəssisələrinin ümumiyyətlə yataqxanaları yoxdur, bir qisminin yataqxanası yararsız halda, bir qismi isə başqa təyinatla istifadə edilir. Bu isə imkanları zəif olan ailələrin övladlarının ali təhsil almasında müəyyən çətinliklər yaradır. Ölkəmizdə sosial yataqxanaların yaradılması tələbələrin bu çətinliklərinin aradan qaldırılmasına ciddi təsir göstərəcək. Tələbələr sosial yataqxanaların imkanlarından istifadə etməklə təhsil xərclərini nisbətən azalda biləcəklər. Bu da öz növbəsində onlara təhsillərini uğurla davam etdirməyə şərait yaradacaq”.