Uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi doğru qərardır

İcra hakimiyyətləri işi qura bilmədilər, tədris, tərbiyə prosesi axsayırdı

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

  Uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam həm təhsil sahəsi üzrə mütəxəssislər, həm də  valideynlər tərəfindən razılıqla qarşılanıb. Xatırladaq ki, Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncamda qeyd edilir ki, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Təhsil mütəxəssisləri sərəncamın uşaq bağçalarının yenilənməsi, təkmilləşməsi istiqamətində müsbət irəliləyişə təkan verəcəyinə inanmaqla yanaşı, uşaqların fiziki və mənəvi tərbiyəsində də əhəmiyyətli olacağını hesab edir. Zatən təhsil mütəxəssisləri bu fikirdə idi ki, uşaq bağçaları təhsil zəncirinin mühüm halqasıdır və bu sahə Təhsil Nazirliyinin əhatə dairəsində olmalıdır. Uşaqlar ilkin bilik və bacarıqları uşaq bağçalarında qazanır və ya qazanmalıdır. Söhbət icra hakimiyyətlərinin uşaq bağçalarına hansı dərəcədə diqqət ayırmasından getmir. Mümkündür ki, icra hakimiyyətləri uşaq bağçalarını lazımi avadanlıq, qida ilə təchiz etsin. Hərçənd, bunun o qədər də mükəmməl olmadığı da məlumdur. Bir nümunə gətirək ki, bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi dövlət uşaq müəssisələrində yoxlama aparmışdı. Bu barədə məlumat verən AQTA-nın əməkdaşı Şəhla Yusifzadə qeyd etmişdi ki, bu il oktyabrın 4-dən ölkə üzrə fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılıb. Bunların sayı 1622-dir: "Dekabrın 1-nə olan statistikaya görə, 220 müəssisədə dövlət nəzarət tədbirləri başa çatıb. 205 müəssisədə 1236 nöqsan aşkarlanıb. 

Bütün bu monitorinqlərin yekunu olaraq məktəbəqədər təhsil müəssisələrində qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə həm Bakıda, həm də bölgələrimizdə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evi rəhbərlərinin və məsul şəxslərin iştirakı ilə təlim keçirilib. Bu təlimlər artıq silsilə xarakteri daşıyır və davam etdiriləcək". Ş.Yusifzadə bildirib ki, dövlət bağçalarında yoxlamalar yekunlaşdıqdan sonra ikinci mərhələdə özəl bağçalarda da yoxlamalara start veriləcək.
AQTA yanında İctimai Şuranın üzvü, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, uşaqların sağlamlığı sağlam qidalanmadan başlayır. Uşaqların sağlamlığını düşünürlərsə, bağçalarda qidaların kalorisi uşaqların tələbatına uyğun olmalı, qidanın kalorisi uşaqların yaş qrupuna görə dəyişməlidir. Bunun üçün xüsusi normativ qaydalar var. Bağçalarda buna mütləq əməl olunmalıdır.  Həmçinin, sanitar-gigiyenik qaydalara riayət edilməli, mətbəxlər, qidaların, ərzağın saxlanma şəraiti normalara uyğun olmalıdır: - Uşaqlar bağçada ilkin vərdişlər qazanır. Hərflərlə tanış olurlar, danışıq vərdişləri, mahnı oxumaq, rəqs etmək qabilyyəti qazanırlar. Bunlar hamısı təhsilin elementləridr. Eyni zamanda fiziki tərbiyə ilə də məşğul olurlar. Bu, uşaqların gələcək inkişafını təmin edən amildir.  

Təhsil naziri Emin Əmrullayev də uşaq bağçaları ilə bağlı məsələyə toxunub. Nazir bildirib ki, ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692-i dövlət müəssisəsidir. Onun sözlərinə görə, bu müəssisələrdə ümumilikdə 126 min 509 uşaq təhsil alır:

"Dövlət məktəbəqədər təhsil müəssisələrindəki uşaqların sayı 120 min 485, özəl müəssisələrdəki uşaqların sayı isə 5124 nəfərdir. Təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil önəmli pillədir. Eyni zamanda məktəbəqədər təhsildə əhatəlilik ölkənin rifahının, sağlamlığının, şagirdlərin nailiyyətlərinin əsas fundamentidir. Məktəbəqədər təhsillə bağlı son illər ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində ciddi işlər görülüb", - nazir deyib. Uşaq bağçaları ümumi orta təhsilin ilk pilləsi hesab edilir. Uşaqlar ibtidai sinfə daha hazırlıqlı olsun deyə, bağça tədrisi önəmlidir. Erkən yaşdan məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin, şagirdin məktəbdə aldığı dərs və həmin dərsin məzmunu çox vacibdir. Nazir bildirib ki, inkişaf etmiş ölkələrin bir çoxunda 3 yaşdan başlayaraq 100 faizlik təhsil əhatəliliyi mövcuddur. Uşaq bağçaları da uşaqları məktəbəqədər təhsil prosesinə hazırladığı üçün onların icra hakimiyyətlərinin tabeliyində olması doğru deyildi. 

Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsinin doğru qərar olduğunu dedi: 

- Yerində verilmiş, lazımlı bir qərardır. Uşaq bağçaları icra hakimiyyətlərinn tabeliyinə verildikdən sonra bu sahədə durğunluq yaşandı. Məsələ texniki təchizatla bağlı deyil, pedaqoqların işə qəbulu, uşaqların tədris-tərbiyə-təlimi ilə bağlıdır. İcra hakimiyyətlərinin belə bir bazası yoxdur. Bir halda ki, uşaq bağçalarına pedaqoji təhsil almış şəxslər işə qəbul edilir, bu Təhsil Nazirliyinin tabeliyində olmalıdır və nazirlik cavabdehlik daşımalıdır. Tabelik bir neçə qurumun əlində olanda nəzarət bölünür.  Nəzarət etmək də çətinləşir, tədris, tərbiyə prosesi də axsayır. Ona görə də nəzarət bölünməməli, bir qurumun əlində olmalıdır. Məktəbə şagird göndərən uşaq bağçalarıdır. İbtidai sinfə qəbulda uşaq bağçaları güzgü rolunu oynayır. Uşaq bağçalarında məktəbəqədər qruplar var, bu qrupların fəaliyyətindən çox şey asılıdır. Uşaq bağçalarındakı məktəbəqədər qruplar uşaqları məktəbə düzgün hazırlamalıdır.  Uşaqların sağlamlığı, fiziki inkişafı, eyni zamanda məktəbə hazırlıqlı olması uşaq bağçalarından asılıdır. Ümid edirəm, bundan sonra uşaq bağçaları da üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirər.