"Qəbul imtahanları ləğv oluna bilməz"

Emin Əmrullayev: "Biz ali təhsilin genişlənməsinin tərəfdarıyıq. Ali təhsilə davranış və yanaşma dəyişəcək"

"Sertifikasiyadan keçməyən müəllimləri də işsiz qoymayacağıq"

  "Elə müəllimlər var ki, təlimdən sonra da nəticəsi qalxmır". Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, müəllimləri 4 ilə qədər sertifikasiyadan keçirməyi planlaşdırırlar: “Buna texniki imkanlarımız var. Gələn il 7-10 min müəllimi imtahandan keçirəcəyik. 

Pandemiya bizə çox şey öyrətdi. Sertifikasiyadan keçməyən müəllimlərlə bağlı biz hələ ki, 1-ci mərhələdən keçməyənlərdən danışırıq. Diaqnostikadan sonra biz bütün aşağı bal yığan müəllimlərə təlim keçmişdik. Sertifikasiyadan keçməyənlərə də təlim keçəcəyik. Amma elə müəllimlər var ki, təlimdən sonra da onun nəticəsi qalxmır. Hər imtahanın arxasında ciddi data var. Sertifikasiyadan keçməyən 20 faiz müəllimdən 5-10 faizi hansı sualı versək də, cavab verə bilməyəcək. Bu gün bizim komandanın çətinliyi odur ki, sualı necə yazaq ki, müəllim cavab verə bilsin”.

"Bacarıqlı müəllim 700 manat maaşa direktor olmaq istəmirdi"

  E.Əmrullayev bildirib ki, bizim üçün sertifikasiyanın çox önəmli tərəfi yaşlı müəllimləri sistemdə saxlamaqla bağlıdır: "Müəllim var ki, yaşı 65-dən yuxarıdır və 51 bal yığıb. Biz onu sistemdə saxlamağın tərəfdarıyıq. Direktorları da imtahan edirik, çünki direktor fənni bilmirsə, o, məktəbə necə rəhbərlik edəcək?! Builki direktor əməkhaqqılarına əlavələr kifayət qədər böyük məbləğdir. 700 manat maaşa bir o qədər də bacarıqlı müəllim gəlib direktor olmaq istəmirdi. Ona görə də bu əlavələrlə əməkhaqqını artırdıq və bacarıqlı müəllimlər direktor olmaq istəyirlər. Bu dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

"Külli miqdarda saxta diplom verən ali məktəblərimiz var"

  Nazir qeyd edib ki, külli miqdarda saxta diplom verən ali məktəblərimiz var: "Həqiqət budur ki, qurumlar öz nüfuzunu qorumursa, kimsə qoruya bilməz. Bunun faktları da var. Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim etdiyimiz ali məktəbləri yoxlamaq deyil”.

"Bilmirik ki, adam əlindəki kağızı ali məktəbə gedib alıb, ya yox"

  Nazir deyib ki, Azərbaycan məktəblərində işləyən müəllimlərdən ən yaşlısı 40 il əvvəl, ən gənci keçən il ali məktəbi bitirib: "1990-cı illərin əvvəllərindəki diplomlara baxsanız, fərqi görərsiniz. İndi texniki olaraq kiməsə saxta diplom vermək mümkün deyil. Amma 1990-cı illərdə bu, mümkün idi. 1990-cı illərin orta ixtisas diplomu kağızdır. Biz o adamı çağırıb soruşuruq ki, bu diplomu sizə kim verib, necə verib. Çünki o vaxt diplomlar FİN-ə bağlı deyildi. Möhürlü diplomlar var ki, biz onların necə alındığını bilmirik. Əlimizdə çoxlu başqa ölkələrdən olan külli miqdarda belə diplomlar var. 1998-ci ildə bir qanun vardı, 2002-ci ildə bir qanun. Bu nöqteyi-nəzərdən əlimizdə kifayət qədər sübut yoxdur. Bilmirik ki, adam əlindəki kağızı ali məktəbə gedib alıb, ya yox”.

"Sertifikasiya könüllü olsa, diplomu saxta olan müəllimlər imtahana gəlməyəcəkdi"

  Nazir bildirib ki, sertifikasiya könüllü olsa, diplomu saxta olan müəllimlər imtahana gəlməyəcəkdi: "Sertifikasiya liberal ola bilməz. Bu olarsa, biz bəzi problemlərlə üzləşə bilərdik. Könüllü olsa, özünə güvənən müəllimlər sertifikasiya olunacaq və maaşı artacaqdı. Amma diplomu saxta olan, özünə güvənməyən müəllimlər imtahana gəlməyəcəkdi. Biz onları müəyyənləşdirə bilməyəcəkdik. Biz indiyə kimi bir neçə direktoru, bağça müdirini işdən azad edə bilmişik. Amma məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur. Bizdə adam haqqında məhkəmə qərarı var ki, müəllim işləyə bilməz, işdən çıxıb. Amma adam qəbuluma gəlir ki, məni bərpa elə. Biz ona görə sertifikasiyanı tətbiq etməliyik. Sosial tərəfi də nəzərə alırıq, amma bunu etməliyik. Adam imtahandan kəsiləndə olur ədalətsizlik, adamı işdən çıxarırsan, olursan ədalətsiz”.

"65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı, 25 yaşlını saxlamıramsa, pis nazir oluram"

  Nazir bildirib ki, hazırda bizim müəllim çatışmazlığı ilə bağlı problem yoxdur. Bizim yeni məzun olacaq müəllimlər üçün də yerimiz var: "Əmək və musiqi müəllimləri istisnadır. Mən burada yaş amilini də nəzərə alıram. Bu gün 65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı nazir, amma 25 yaşlı müəllimə işləməyə imkan vermirəmsə, pis nazir oluram. Datalara baxaq, bu gün müəllimlik ixtisasını bitirənlərin əksəriyyəti işləmir, orta məktəbdə dərs demir. Ya ailə qurur, ya ixtisasını dəyişir. Digər tərəfdən, deyirlər ki, vakansiyalar azdır. Amma bu, avtomatlaşmış sistemdir. Biz sistemdə kimin nə qədər maaş aldığını görürük. Kimin 65 yaşının gələn il tamam olacağını görürük. Nəzəri olaraq direktorun vakansiyaları gizlətmək imkanları çox məhduddur. Bizim məktəblərdə müəllimlərin sayı ilə siniflərin sayı arasında balans pozulur. Heç də həmişə çıxan bütün müəllimlərin yerinə vakansiya elan etmirik”.

"Repetitorlar başqa planetdən gələn adamlar deyil"

  Emin Əmrullayev deyib ki, repetitorlar başqa planetdən gələn adamlar deyil. Onlar eyni müəllim, eyni şagirddir. Nazir bildirib ki, problemin kökünü axtarmalıyıq: “Necə olub ki, məktəb müəllimi dərsdən kənarda daha yaxşı nəticə göstərir? Müəllimlərin işə qəbulunu keçirəndən sonra artıq tanışlıqla işə qəbul olmaq istəyənlər azalıb. Bu, birölçülü sistemdir. Mən sistemə o insanı götürürəm ki, imtahanı yaxşı verir. Çalışırıq ki, başımız ağrımasın. Sistemdə vahidlik yoxdursa, haqlı və ya haqsız adamlar həmişə nəsə istəyəcəklər. Vahid mexanizmdə isə bir mexanizm olur”.

"Bizim foksumuz müəllimə olmalıdır"

  Nazir siniflərdə şagird sıxlığı ilə keyfiyyətli təhsili əlaqələndirməyi düzgün saymayıb: "Şagird sıxlığı ilə təhsil keyfiyyəti arasında elə də böyük əlaqə yoxdur. Sinifdə 15 uşaq olanda uşaq yaxşı oxuyacaq, 25 uşaq olanda pis oxuyacaq”, - deyə bir şey yoxdur. Sinqapurda sinifdə təhsilin keyfiyyətini müəyyən edən əsas faktor müəllimdir. Təbii ki, 70 nəfərdən danışmıram, 15 və 25 nəfər arasındakı fərqdən danışıram. Sinqapur təhsil sisteminə baxsaq, onlarda şagird sıxlığı bizdən daha çoxdur. 15 faiz sinfimizdə 40-dan çox uşaq var, bunlar da daha yaxşı nəticə göstərən məktəblərdir. Məsələn, Daşkəsəndə hər sinifdə 5-10 uşaq var, amma bu, onların yaxşı nəticə göstərdiyini deməyə əsas vermir. Şagird sıxlığı daha çox Bakı məktəblərində, daha çox rus sektorundakı məktəblərdə olur. Amma biz desək ki, sinif sıxlığını şərti olaraq 25-dən 20-yə salaq, bu zaman bizim təhsilimiz düzələcək, bu, olmayacaq. Bizim foksumuz müəllimə olmalıdır”.

  Nazir qeyd edib ki, bir müəllim müxtəlif fənlərdən dərs deyirsə, onun əməkhaqqı sertifikasiyaya hansı fəndən imtahana giribsə, ona uyğun artırılır: "İndiki sürətlə sertifikasiyanı 4-5 ilə bitirəcəyik. 5 il sonunda sertifikasiyadan keçməyən müəllimlərlə bağlı nə edəcəyimizə gəlincə, bu adamları günahlandırmaq, sistemdən kənarda qoymaq düz deyil. Problem bu adamların uşaqlara dərs deməməsidir, amma işsiz də qalmamasıdır. İndiki məntiqimiz budur. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq. Növbəti məlumatımız bununla bağlı olacaq”.

"Əgər bir şey keyfiyyətsizdirsə, ona güzəşt etmək lazım deyil"

  E.Əmrullayev nazirlik yanında agentliklərin və nazirliyin funksiyalarına aydınlıq gətirib: "5 ildən sonra biz müəllimlərin daha başqa bacarıqlarını yoxlamağa yönələcəyik. Bu 5 ildə isə biz sertifikasiyanı bitirməyə çalışacağıq. Ancaq sonra proses dayanmayacaq. Artıq Prezidentin fərmanı ilə nazirliyin tabeliyində müvafiq agentliklər yaradılıb. Bu agentliklər idarəetməyə yönələcək, nazirlik isə prosesin təftişinə nəzarət edəcək. Təftişdən çıxan nəticələr ictimaiyyətə təqdim olunacaq. İctimaiyyətdə keyfiyyət mədəniyyəti formalaşmalıdır. Əgər bir şey keyfiyyətsizdirsə, ona güzəşt etmək lazım deyil”.

  Nazir deyib ki, qəbul imtahanları ləğv oluna bilməz: "Biz ali təhsilin genişlənməsinin tərəfdarıyıq. Ali təhsilə davranış və yanaşma dəyişəcək. Ali məktəblərin müəllimlərinin imtahandan keçirilməsi məsələsi çox qaldırıldı. Amma ali məktəblərdə professorlar, elə sahə müəllimləri var ki, onlar təkdir. Biz onları necə imtahan edək? Onlara sualı necə yazaq?”.


"40-44 yaşlı müəllimlərdən 9 nəfəri sertifikasiya imtahanında 0-10 bal yığıb"

  Emin Əmrullayev deyib ki, 45-49 yaşlı müəllimlərdə vəziyyət ondan da pisdir: “Həm də bu, bütün ölkənin nəticəsi deyil. 9 il sonra məktəbi bitirən uşaq aşağı nəticə göstərəndə nəticənin heç bir əhəmiyyəti yoxdur. Çıxıb Elm və Təhsil Nazirliyini tənqid etməyin heç bir nəticəsi yoxdur. Burada nəticənin pis olmasının səbəbi fundamentin səhv olması ilə bağlıdır. Biz təxmini proqnozlar veririk ki, nə qədər adam sertifikasiyadan keçməyəndə uşaqların təhsilinə necə təsir edir. Mənim onların şəxsiyyəti, yaxşı və ya pis insan olması ilə heç bir problemim yoxdur. Mənim problemim onların uşaqlara dərs deməsi ilə bağlıdır. Amma biz həmin müəllimləri də küçəyə ata bilmərik. Düşünürəm ki, bu, müəllimi işə götürəndən başlayan məsuliyyətdir. Sosial tərəflə təhsil tərəfi arasında balans qurmalıyıq. Sertifikasiya 4 ildən sonra bitəcək və bizim müəllimlərimizin hər biri sertifikasiyadan keçmiş olacaq. Müəllim saylarında da biz 4 ildən sonra tənzimləməyə gedə biləcəyik. Məsələn, Şəkinin hansısa məktəbində 2 ibtidai sinfə 16 müəllimin düşməsi problemi sertifikasiyadan sonra olmayacaq”.