Repetitorluq təhsilin səviyyəsini aşağı salmır

Əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı

"Repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün  bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı"


  “Biz təhsildə köklü islahatlara getməliyik”. Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Qüdrət Həsənquliyev deyib.
Təhsillə bağlı bir sıra təkliflərlə çıxış edən deputat  bildirib ki, ilk növbədə repetitorluğa son qoyulmalıdır: “Bu gün repetitorluğun aradan qaldırılmasının tək yolu orta məktəb buraxılış imtahanlarına uyğun ali məktəblərə qəbulun həyata keçirilməsidir”. 

  Deputatın təklifini dəyərləndirən təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında nəinki ölkəmizdə, postsovet ölkələrinin əksəriyyətində təhsil sisteminin acınacaqlı vəziyyətdə olduğunu deyib. 

 Bunun da  səbəbləri kifayət qədər dərindir: “Fikrimcə, bu vəziyyət siyasi faktorlarla bağlı olub.  SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərindəki real qüsurlu məqamında axtarmaq gərəkdir. 

  Bu uğursuz təhsil modelinin məntiqi nəticəsi olaraq orta məktəb şagirdləri dərsdən  sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr yaxşı nəticə əldə edə bilmirlər. Çünki repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtlı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Düzdür ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin. Amma belə şagirdlərin sayı çox azdır.  Hər nə qədər  repetitorluğu tənqid etsək də,  etiraf edək ki, bu model  təhsilin səviyyəsini aşağı salmır, əksinə, yüksəldir. Əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı”.

  K.Əsədovun sözlərinə görə, repetitorluq ta qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb: 

"Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əməkhaqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq". 
  Bununla belə ekspert  son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etdiyini deyib. Onun sözlərinə görə, bunun  əsas səbəbi xidmət haqlarının yüksək olması ilə bağlıdır. Yəni illərlə bu sahə ilə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidməthaqqı təklif edirlər:  “Valideynlər isə daha uzun xidməthaqqına meyl edirlər. Yəni valideyn iki repetirora 200 manat verməkdənsə, 5 fənnə göndərir kursa, tədris mərkəzinə övladını və iki repetitora verdiyi xidmət haqqını ödəyir. 

Bundan başqa son dövrlədə qəbul imtahanlartında baş verən dəyişiklikləri repititorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar. Həmçinin şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtərəfli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər”.  

  Ekspertin fikrincə, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün  bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. 

Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Sosial Müdafiə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir: “Bu gün taksi fəaliyyəti göstərmək üçün  fərqlənmə nişanı  verilir. Yəni yalnız sənədləri qaydasında olan sürücülərin sərnişindaşıma xidmətinə icazə verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır”.