"İbtidai sinifdə yaşlı müəllimlər dərs deməlidir"

"Biz yolunu tapıb təhsilimizin səviyyəsini qaldırmalıyıq"

"Kişi müəllimlərimiz gündən-günə azalır, uşaqlarımız qız kimi böyüyür. 10-15 faizinin içində aqressiya yaranır"

  “Mən təklif edirəm ki, ali məktəbi bitirənlərin heç biri sertifikasiyaya cəlb olunmasın. Bu, ali məktəbə inamsızlığımızı göstərir”. Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Siyavuş Novruzov deyib. O bildirib ki, tələbələr ali məktəbdə imtahan verirlər: “Onları sertifkasiyaya cəlb ediriksə, onların aldığı təhsilə nə ad qoyaq? Əgər bunlara təhsili ali məktəbdə verimiriksə, o zaman həmin ali məktəbin özünün sertifikatı ləğv olunmalıdır, nəinki o məktəbi bitirən tələbələrin. Biz fikirləşməliyik ki, tələbəyə nə veririk, nə tələb edirik?

Bilirikmi ki, bu gün dünyada elm və səhiyyə qədər inkişaf edən sahə yoxdur. Digər məsələ, biz ali məktəblərimizin özünün nüfuzunu qaldırmalıyıq. Biri Avropadan, ABŞ-dən diplom ortaya qoyan kimi onu işə qəbul etməyə sıraya dururlar. Amma bizim universitetləri bitirənlər işsiz qalır. Onda bizim ali məktəblərimiz, bizim təhsilimiz hanı?! Şərt qoymalıyıq ki, birinci işə qəbul edilən bizim ali məktəbi bitirənlər olmalıdır. Çünki xaricdə təhsil alan özü ilə təkcə təhsil gətirmir, oranın davranış qaydasını, adətini də gətirir. Biri gəlir ki, 2 ildə xaricdə 4 institut qurtarıb. Belə deyil axı. Sertifikat başqa şeydir, diplom başqa. Bizdə o sertifikatlardan doludur. Sonra deyildi ki, müəllim yaşlandıqca onun biliyi azalır, amma əksinədir. Əksinə, onlar üçün şərait yaratmaq lazımdır ki, biliklərini yeniləsinlər. Başa düşürəm ki, birinci sinif uşağı ilə 65 yaşlı müəllim arasında uyğunsuzluq var”.

“Repetitorluğa son qoyulmalıdır, təhsildə köklü islahatlara getməliyik” 

  Deputat Qüdrət Həsənquliyev deyib ki, sertifikasiyadan keçməyən şəxslərin yerini tutmağa hazır müəllimlər varsa, dərhal onların yerlərinə götürülməlidir: “Çox savadlı müəllimlər var ki, onlar tədris etdikləri fənni şagirdə sevdirə bilmir. Müəllim gərək fənnə maraq yaratsın ki, onu şagird özü oxusun. Müəllimlərimizin çox təəssüf ki, tədris etdikləri fənni belə bilməmələri faktı var”. Parlament üzvü bir sıra təkliflərlə çıxış edib: “Birinci növbədə repetitorluğa son qoyulmalıdır. Bu gün repetitorluğun aradan qaldırılmasının tək yolu orta məktəb buraxılış imtahanlarına uyğun ali məktəblərə qəbulun həyata keçirilməsidir. İkincisi, özəl məktəblərin tikintisi stimullaşdırılmalıdır. Çoxlu sayda özəl məktəb tikilsə, bizim müəyyən vəsaitə qənaət etmək imkanımız olacaq ki, dövlət məktəblərindəki müəllimlərin əməkhaqqısı artsın. Universitetlər özəlləşdirilməlidir. Digər tərəfdən bizim konstitusiya və “Dövlət qulluğu haqqında” qanunla deputatlara elmi işlər müdafiə etmək qadağan edilib. Bu nə biabırçılıqdır! Keçmiş sovet respublikalarında belə qayda var idi ki, ziyalıların övladları hüquq oxumasın. Bu qərar da ona bənzəyir”.

“Bu gün Eynşteyn də testin heç birindən keçə bilməz”

  Deputat Hicran Hüseynova deyib ki, əslində təhsilverənlərin sertifikatlaşdırılması çox mühüm əhəmiyyətə malikdir: "Müasir dövrdə məktəbdə inkişafetdirici və dəstəkləyici mühitin yaranması müəllimlərin qarşısında bir çox vəzifələr qoyur. Bir çox ölkələrdə sovet dövründə təhsil alan müəllimlərin hamısı işdən kənarlaşdırıldı. Səbəb isə göstərildi ki, onlar yeni dönəmə uyğun deyil. Azərbaycanda isə bu edilmədi. Belə fikirləşirəm ki, təhsildə müəllim təkcə fənni tədris edən deyil, o həm psixoloq, həm pedaqoq olmalıdır. Sertifikasiyadan keçən şəxs auditoriyada dil tapa bilmir. Çox güclü mütəxəssisdir, amma psixoloq, pedaqoq deyil. Bunlar üçün də ayrıca yoxlanılmalıdır. İkincisi, rayonlarda bir çox məktəblərdə müəllimlər bir neçə fənni tədris edir. Bunu necə yoxlayacaqsınız? Sertifikasiyası hansı istiqamətdə aparılmalıdır? Bu müəllimlər bir neçə fənni məcburiyyətdən deyib. Çünki kənd yerlərinə müəllimlər getmək istəmirdilər, müəllim çatışmazlığı var idi”. Hicran Hüseynova təcrübəli müəllimlərimizin olmasına da diqqət çəkib: “Onların gələcəyini düşünməliyik. Bu gün Eynşteynə də desən ki, get testdən keç, heç birindən keçə bilməz. Doğrudur, müəllim öz üzərində çalışmalıdır və düşünməlidir ki, auditoriyada oturan uşaq bir barmağı ilə kompüterdən bütün informasiyanı ala bilir. Buna görə müəllim də öz üzərində işləməlidir. Amma bunun üçün müəllimlərə şərait yaradılmalıdır. Bu istər orta təhsil verən müəllimlər, istər ali məktəblər üçün keçərlidir”.

"Adını yaza bilməyən biri məktəbi idarə edirsə, keyfiyyətli tədris gözləmək olmaz"

  Deputat Musa Qasımlı deyib ki, bu gün təhsildə sağlamlaşdırmaya getməliyik: "Təhsili sağlamlaşdırmağın yolu nədir? Bu, sertifikasiyadır”. O bildirib ki, valideyn-məktəb əlaqəsi gücləndirilməlidir: “Əgər bu gün təhsilin sağlamlaşdırılması üçün vacid addımlar atılmasa, bir neçə ildən sonra vəziyyət heç də ürəkaçan olmayacaq. Dövlət regionlarda gözəl məktəblər tikib, amma təhsilin keyfiyyəti aşağı səviyyədədir. Öz peşəsini bilməyən şəxsi sinfə buraxmaq olmaz, uşaqları kor etmək olmaz”. Deputat diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu: “Bunu edənlər də bu gün xalqdan, millətdən danışanlardır. Bu gün məktəb rəhbərlərinin çoxu yerində deyil. Adını yaza bilməyən biri məktəbi idarə edirsə, həmin təhsil müəssisəsində keyfiyyətli tədris gözləmək olmaz”. 
MM-in Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə bildirib ki, problemlər var: “Bununla razıyam. Amma Musa müəllim, bizi heç bir fəlakət gözləmir”.

“Görəsən, Azərbaycana bu qədər həkim, müəllim lazımdır?”

  Millət vəkili Sabir Rüstəmxanlı hər il müəllim, həkim ixtisasına yiyələnənlərin sayı məsələsinə də toxunub. “Universitetlərdən hər il tələbələr buraxırlar. Amma dəqiqləşdirilməlidir ki, bizə nə qədər müəllim, nə qədər həkim lazımdır. Digər tərəfdən xarici dil müəllimlərimiz rayonlara, kəndlərə getmir. Kənd məktəblərində kitablarla bağlı da problemlər var”.

"Martda imtahan verən şagird niyə məktəbə getsin?"

  Deputat Məlahət İbrahimqızı deyib ki, bir sıra ölkələrdə müəllimlərə iş saatı tətbiq edilir: "Bu, bizdə də mümkündürmü? Bu gün repetitorların əksəriyyəti məktəblərdə dərsi az götürür, sanki məktəbə müştəri toplamağa gəlirlər. Onlar əsas gücü repetitorluğa verirlər. Amma çox təcrübəlidirlər, bunu məktəbdə şagirdlərə öyrətmirlər. Onlar da öz üstünə düşən vəzifəni yerinə yetirməlidir. Bir sıra məktəblərdə isə siniflərdə hədsiz dərəcədə normadan artıq şagirdlər var. 20 şagird əvəzinə 60-70 şagirdi bir sinfə yığırlar. Digər tərəfdən rayonlarda, kəndlərdə isə müəllim sayı bəzi məktəblərdə şagirddən çoxdur. Digər problem isə budur ki, DİM uşaqlara çox ağır suallar salır. Məktəblərdə keçirilən fənlərlə suallar uyğun gəlmir. Bu gün xaricdə universitetə daxil olmaq asandır, amma 1-ci semestrdən sonra 60-70 faiz tələbə o universitetlərdən qovulur”. Deputat DİM-in artıq imtahan tarixlərini açıqladığını diqqətə çatdırıb: “Martda imtahan verən şagird niyə məktəbə getsin? İstədiyi balı bu şagird yığıbsa, məktəbə getməyə həvəsi də olmaz. Bilirəm ki, bu gün məktəblərdə əsas problemlərdən biri də davamiyyət məsələsidir”. M.İbrahimqızı universiteti bitirənlərin sertifikasiyasının tərəfdarı olduğunu da qeyd edib: “Müəllim gününün də qarşısı alınmalıdır. Oktyabrın 5-də müəllimi ələ salırlar, müəllimi nüfuzdan salırlar”.

“Düşüblər sovet təhsilinin üstünə”

  Tahir Kərimli qeyd edib ki, hər şey qanunvericilik bazasından başlamalıdır: "Bizdə uşaq bağçaları da, körpələr evi də hamısı təhsil müəssisələridir. Amma oradakılar təhsil verəndirmi? Mənim üçün bu, aydın deyil. "Təhsilverən" termini yaratmışıq. Bəs təhsilverən kimdir?!”. Deputat yaşlı müəllimlər probleminə toxunub: “İbtidai sinifdə yaşlı müəllimlər dərs deməlidir. Təcrübəlilərə yer verilməlidir. Biz yolunu tapıb müəllimlərimizi əzizləməliyik. Onların nüfuzunu qaldırmalıyıq. Digər tərəfdən bizim kişi müəllimlərimiz gündən-günə azalır, uşaqlarımız qız kimi böyüyür. 10-15 faizinin içində aqressiya yaranır. Düşüblər sovet təhsilinin üstünə. Mən bununla razı deyiləm. İndi ideologiyasızlaşdırma gedir. Nobel mükafatçıları arasında cəmi 3 müsəlman var. Necə ola bilər ki, müsəlman mədəniyyətinin daşıyıcısı olan bu ölkələr təhsildən geri düşüb. Burada deyirik ki, filan bölgədə nəticə aşağıdır, yuxarıdır. Bu, repetitorların hesabına deyilmi? Məktəbdənkənar repetitorların yanına gedənlər rayonların statistikasını müəyyən edir. Test sisteminə keçək, elə uşaq var ki, heç nə bilmir, amma testi əzbərləyir. Siz bəyənməyən sovet sistemi ilə mən 400-dən çox şeir bilirəm. Amma bu gün uşaqlar şeir, qəzəl bilmir, fənni bilmir axı, testi əzbərləyir. Bu təhsildirmi? Bir millətin gələcəyi təhsildir və mən gələcək üçün çox narahatam”.

"Düzdür, Azərbaycanda müəllimlər pis maaş almır"

  Deputat qeyd edib ki, məktəblərimizin uçuq-sökük olanları da var: “O məktəbdə müəllimlər dərs demək istəmir. Düzdür, Azərbaycanda müəllimlər pis maaş almır”. Komitə sədri Bəxtiyar Əliyev isə qeyd edib ki, təmirə ehtiyacı olan məktəblər təmir olunur: “Əhali artır, məktəblərin sayına tələbat artır. Modul tipli məktəblərin sayı artırılmalıdır”. 

"Sertifikasiyadan keçməyənlər necə müəllim olub?"

  Deputat Ceyhun Məmmədov deyib ki, sertifikasiyadan keçməyən müəllimlər var: "Problemə görə dövlət də məsuliyyət daşıyır. "Bunlar necə məzun olublar, işə necə qəbul ediliblər" suallarına cavab verilməlidir”. O bildirib ki, problemin həlli üçün öncə təhsilin keyfiyyəti artırılmalıdır: “Yuxarı yaşda müəllimlər nəzərə alınmalıdır. Təkcə bilik yox, şəxsi keyfiyyətlər də nəzərə alınmalıdır. Kadr seçiminə həssaslıqla yanaşılmalıdır”.

Parlamentdə daha bir dinləmə keçiriləcək

  Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda növbəti ictimai dinləmə keçiriləcək.