Hər bir dövlətin, cəmiyyətin gələcəyini uşaqlar və gənclər müəyyən edir. Bu mənada uşaqların düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi birinci ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir.
Orta məktəb müəllimləri də ən az valideynlər qədər uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşıyırlar.
Onların fərdiliyini ümumiliyə çevirməkdə, cəmiyyətə inteqrasiyasında məktəbin rolu danılmazdır. Bu zaman müəllimin pedaqoji ustalığı öz sözünü deyir.
Şagirdin mənəvi tərbiyəsinin bir hissəsini təşkil edən humanist xüsusiyyətlərin ilk "toxumları" da məktəbdə "səpilir". Ona görə də hər bir pedaqoqun qarşısında duran əsas vəzifələrdən biri də şagirdlərə kollektiv fəaliyyətə, cəmiyyətin bir parçası olmağa hazırlamalarıdır.
Təhsil ocaqlarında biz həm şəxsiyyət kimi formalaşır, həm də insani keyfiyyətləri özümüzdə tərbiyə edirik. Amma biz də bu məsələlərdə kimlərisə özümüzə model kimi seçirik. Məsələn, evdə valideynlər - nənə, baba, əmi, dayı və s. ola bilər. Məktəbdə isə yalnız müəllimlərimizi bir nümunəvi obraz kimi seçmək şansımız olur. Demək ki, oğlan uşaqları atalarından çox, müəllimlərdən vətənpərvərlik, sözübütövlük, qorxmazlıq, dostluq, qoruyuculuq və kişilərə xas olan digər xüsusiyyətləri öyrənirlər. Yəni müəllim də ən az valideynlər qədər uşaqlar üçün nümunə modelidir. Ölkəmizdə isə get-gedə kişi müəllimlərin sayı azalmaqdadır.
Hətta son zamanlar qadın məktəb direktorlarının sayı necə artıb. Yaşlı, təqaüdə çıxmış müəllimləri nəzərə almasaq, məktəblərimizdə, doğrudan da, bu barədə ciddi kadr çatışmazlıqları var. Bu gün şagirdlər üçün nümunə modeli qadın müəllimlərdir. Ən pisi isə odur ki, oğlan şagirdlərin inkişafına da bu nümunə təsir edir. Məktəb təkcə bilik vermir. Həm də tərbiyə verir. Uşaqların əksər davranışları ətrafdakı nümunələrdən formalaşır. Onlar isə nümunə kimi qadın müəllimləri görürlər. Qadın müəllimlərin davranışı oğlan uşaqlarına yansıyır. Uşaq yaşında, yeniyetmə yaşda oğlan uşaqlarının təkcə qadın müəllimlərlə ünsiyyətdə olması onların formalaşan xarakterinə təsir edir. Bu məsələdə məktəblərdə balansı qorumaq lazımdır. Psixoloji aspektdən kişi müəllimlərin təhsildə iştirakı çox vacibdir. Bu, onlarda kişi xarakterinin düzgün formalaşmasına təsir göstərir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın da dediyi kimi, oğlanların qadın müəllimlər tərəfindən tərbiyəsi xoşagəlməz nəticələrə səbəb olur: “Uşaq doğulandan sonra 14 gün ödənişsiz məzuniyyət kişilərə sərf etmir. Kişilərin uşağın tərbiyəsinə münasibəti dəyişməlidir, uşaq təkcə qadına aid deyil. Uşağı birgə böyütmək lazımdır. Məktəblərdə valideyn iclaslarına kişilər, atalar getmir. Bu, aradan qalxmalıdır. Azərbaycanda gender bərabərsizliyi əsasən məktəblərdədir. Məktəblərdə kişi müəllimlər yoxdur. Oğlan uşaqlarının yetişməsində kişi müəllimlərin çox böyük rolu var. Bu gün qadın müəllimlər tərəfindən oğlan uşaqlarının tərbiyə olunması xoşagəlməz nəticələrə səbəb olur”.
Millət vəkili Tahir Kərimli də kişi müəllimlərin sayının günü-gündən azalmasından narahat olduğunu deyib: "Uşaqlarımız bu səbəbdən qız kimi böyüyür. Bəlkə burada problemləri axtaraq? Uşaqlarımız bəzən aqressiya ilə böyüyür. Digər tərəfdən sovet dövrünün təhsil sistemini pisləyirik. Bir tələbə ilə danışırdım, 200 balla qəbul olub. Dedim, bu balı necə toplamısan, qayıdıb deyir ki, cavabları atdım, qəbul oldum. Dörd variant var, biri düz olacaq deyib, yalandan yazır və qəbul olur. Deyirsən, heç olmasa, bir şeir de, deyə bilmir. İndi bunun səbəblərini araşdırmaq lazımdır”.
Təhsil eksperti Nadir İsrafilov isə deyib ki, hazırda ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır: "Məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var. Hesab edirəm ki, şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli, bir sözlə, əsl vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərini də qadın müəllimlər keçirlər. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Qarşılıqlı ünsiyyətdə onların özünəməxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görürlər və bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalananları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət və təqdirəlayiq haldır. Ancaq uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə də ehtiyac var".
Təhsil eksperti Elşən Qafarov “Şərq”ə açıqlamasında qaldırılan məsələnini kifayət qədər ciddi problem olduğunu deyib: “Qadınların ən çox ümumtəhsil məktəblərində çalışdığı ölkə Sloveniya, Slovakiya, Pribaltika idi, ancaq biz son 6 ildə onların hamısını geridə qoyduq və hazırda Azərbaycan 1-ci yerdədir.
Bu məsələ kifayət qədər problemli məsələdir, bunun da sosial və digər səbəbləri var. Hazırda qadınların təhsildə üstünlük təşkil etməsinin əsas səbəbi müəllimlərin maaşının aşağı olmasıdır. İkinci səbəb isə bu gün müəllim işinin ancaq qadınlara aid olması ilə bağlı fikrin formalaşmasıdır. Məktəblərimiz 1990-2000-ci illərin ağır sınağından çıxıb, kişi müəllimlərin çoxu ticarət və digər sektorlara getməli oldu ki, bu da sosial vəziyyətlə bağlıdır. Bu problemi aradan qaldırmaq üçün müəllimin maaşını artırmaq lazımdır. Ən azı indikindən iki dəfə çox olmalıdır. Azərbaycan keçmiş MDB məkanında müəllimlərin ən az əməkhaqqı aldığı ölkələrdən biridir. Eyni zamanda ali məktəblərə, orta ixtisas məktəblərinə qəbul prosesi tənzimlənməlidir. Bu gün istənilən kurs, kişi müəllimlərinə ümumtəhsil məktəblərindən iki dəfə çox əməkhaqqı verir.
Pedaqoji sahəni keçən kişi müəllimlər daha çox kurslarda işləməyə üstünlük verir. Bu gün ümumtəhsil məktəblərində tərbiyə mühiti dağıdılıb, konsepsiya yoxdur. Təhsilə kişi kadrların cəlbi üçün sistemli addımlar atmaq lazımdır. Kişi müəllimlərin təhsilə gəlməsi üçün ilk növbədə məktəblərdə tərbiyə mühitini optimallaşdırmaq lazımdır. Bu sahədə də heç bir iş görülmür”.