Hər semestr xaricə 400 nəfər tələbə göndərilməlidir
“İki dəfə elm və təhsil naziri Emin Əmrullayevlə İKT sahəsi üzrə mütəxəssislərin hazırlanması ilə bağlı görüşmüşəm”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində İKT sahəsində ciddi mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır: “Təklif edirəm ki, bu sahədə gəncləri xaricə oxumağa göndərək və onlarla belə müqavilə bağlayaq ki, yenidən geri qayıtsınlar. Yoxsa göndəririk oxumağa, lakin orada olan yaxşı yaşayış, əməkhaqqının yüksək olması səbəbindən gənclər geri qayıtmırlar, orada qalırlar. Çalışmaq lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin arasında da bu sahədə müqavilə olsun”.
Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq yeni proqram əsasında həyata keçirilir:
“2019-2023-cü illəri əhatə edən “Dövlət Proqramı” gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra ölkəmizdə işlə təmin olunması prosesinin tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir”.
Ekspertin sözlərinə görə, əvvəlki zamanla müqayisədə dövlətimiz özünün daha çox ehtiyac duyduğu strateji sahələrə kadrların hazırlanması üçün xaricə tələbə göndərir. Əvvəllər istənilən ixtisaslar maliyyələşdirilirdisə, indi yalnız dövlətin müəyyən etdiyi ixtisaslarda təhsil alanlar maliyyələşəcək: "Dövlət Proqramı"nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək. Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür. Ötən illərdə dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin ölkəyə qayıdıb-qayıtmaması ilə bağlı meyarlar yox idi. İndi isə belə deyil. Xaricə gedən tələbələrin mütləq şəkildə ölkəyə qayıtması tələb olunur və onlar 5 il Azərbaycanda işləməlidirlər. Ölkəmizə qayıtmayan tələbələr onların təhsili üçün ödənilən vəsaiti geri qaytarmalıdır. Bundan başqa, indiki meyarlara əsasən universitetlərdəki ixtisasların reytinqli olması lazımdır, lakin əvvəl belə bir tələb yox idi. Dövlətimizin xaricdə təhsillə bağlı siyasəti budur ki, daha çox ixtisaslı mütəxəssislər yetişsin. Əlbəttə, bu da yaxşı haldır”.
Ekspertin sözlərinə görə, vəsaitlərin ödənilməsində də yenilik edilib:
“İndiki xərclər çoxalıb və tələbələrin bütün xərclərinin ödənilməsi dövlətin diqqətindədir. Hər semestr 400 nəfər tələbə xaricə göndərilməlidir. Fikrimcə, bu dəfə daha yaxşı nəticə görəcəyik. Əvvəlki nəticələr də pis deyil, hazırda dövlət orqanlarında kifayət qədər çalışanlar var ki, onlar 2007-2015-ci illəri əhatə edən proqramdan məzun olublar. Təbii ki, bu da bizim üçün yaxşı xəbərdir”.