Tələbə köçürmələri "Axilles dabanı"na çevrilib

Etibar Əliyev problemi qabartdı və çıxış yollarını göstərdi

  "Ali təhsilin təşkilində əsas məsələlərdən biri tələbələrin bir ali təhsil müəssisəsindən digərinə, yaxud ali məktəb daxilində bir ixtisasdan digərinə köçürülməsidir". Bunu Milli Məclisin iclasında çıxışı zamanı Milli Məclisin deputatı Etibar Əliyev deyib. Deputat qeyd edib ki, tələbə köçürmələri "Axilles dabanı"na çevrilib: "Sovet dövründə bu məsələ bir o qədər əhəmiyyət kəsb etmirdi. Abituriyent bir ali məktəbi seçə bilirdi və həmin ali məktəbə seçdiyi ixtisas üzrə imtahan verirdi. 1992-ci ildə Azərbaycanda test imtahanı tətbiq edildikdən sonra hər hansı ixtisas qrupu üzrə imtahan verən abituriyent 15-ə qədər ixtisas seçmək imkanı əldə etdi. 

Tələbələrin seçimlərinə uyğun olaraq müsabiqədən keçməsi və qəbul olmaq hüququ qazandığı ixtisas üzrə ali məktəblərə yerləşdirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən yerinə yetirilir. Bu prosesdə ən çətin məqam tələbənin  topladığı bala uyğun ali məktəblərin ixtisaslarının seçilməsidir. Aydın məsələdir ki, abituriyent seçim zamanı 1 ya 2 ixtisasa meyl göstərə bilər. Lakin təəssüflər olsun ki, bəzi abituriyentlər topladığı bala uyğun 1-ci olaraq hansı ixtisası seçmələrində tərəddüd edirlər. Çünki qorxu hissi var. Ona görə onlar ötənilki illərdə keçid balı aşağı olan ixtisasları yazırlar. Öz istədiklərini isə 2-ci, 3-cü, yaxud 4-cü göstərirlər". 
  Deputat bu məqamda abituriyentlərin yanlışlığa yol verdikləri qənaətindədir: "DİM yerləşdirilməsi başa çatdıqdan sonra bir kəsim abituriyent səhv etdiyini görür. Onun topladığı bal, arzusunda olduğu ixtisasın ən aşağı keçid balından çox olur. Bundan sonra tələbə və valideyn ixtisas seçimini düz aparmadıqlarına görə peşman olurlar. Bu zaman tədris prosesində arzusunda olduğu ixtisasa köçürülmə barədə düşünürlər. Köçürülmə isə ildə 2 dəfə olur. Qış və yay tətillərində. 2010-cu ilə qədər tələbələrin köçürülməsi ali məktəblər tərəfindən həyata keçirilirdi. Tələbələr köçürülmə üçün ali məktəb rəhbərinə müraciət edirdi. Rektorlar razılıq üçün Təhsil Nazirliyinə məktub göndərirdi. Nazirlik isə Prezident Administrasiyasının rəhbərinə müraciət edirdi. Administrasiyada Təhsil komissiyası fəaliyyət göstərirdi. Təhsil komissiyası dərs ili başlanana qədər öz qərarını verirdi. Burada subyektiv amillərə çox yer verilirdi. Narazılıqlar çox idi. 2013-cü ildə Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra bu sahədə ciddi dönüş yarandı. Köçürülmələrə elektron forma tətbiq edildi. Xüsusi portal yaradıldı. Köçürülmə tələbələr üçün əlçatan oldu. Belə ki, tələbənin qəbul prosesində topladığı bal köçürülmək istədiyi ixtisasın ən aşağı keçid balından yüksək olmalıdır. 2021-ci ildə təhsil naziri vaxt darlığını əsas gətirərək köçürmələri qış semestrində dayandırdı. Burda udan kim oldu, uduzan kim? Uduzan tələbə oldu. Tələbə qəbul olduğu ixtisasda 2 semestr oxumalı oldu. Nəticədə köçürülmə prosesində 7-8 fərq imtahanı yarandı. Tələbələr fərq imtahanı kimi yaranan fənlərə yazılmalı və yenidən imtahan verməli oldular. Bu da əlavə xərclər və təhsil ili müddətində ali məktəbi bitirməyə problem yaratdı. Sual verirəm, tələbə köçürülən zaman onun imtahan balı əsas götürülürsə, onun semestr ərzində dinlədiyi fənlərin nəticələri nəzərə alınmırsa, onda köçürülmə prosesinə nə üçün tətil müddətində başlanır?". 

  E.Əliyev məsələ ilə bağlı öz təklifini verib: 

"Bir ay əvvəldən elan verilməlidir ki, tətil başlanana qədər tələbələrin ərizələri təhlil olunsun və yerləşmə tətil müddətində aparılsın. Tələbələr semestr başlayanda, yəni fevralın 15-də köçürüldükləri ixtisasda təhsillərini davam etdirsinlər. Onu da qeyd etmək istəyirəm ki, beynəlxalq təcrübədə test imtahanı ilə qəbul aparılan ölkələrdə yerləşdirməni imtahan keçirən qurum aparmır. Əksər ölkələrdə tələbənin test imtahanında topladığı bal qəbul prosesində 35-40 faiz rol oynayır. Qalanı isə ali məktəblərin apardığı sınaqlar şəklində baş verir. Bizdə bu prosesi dürüst aparmaq üçün ali məktəblərə inam azdır. Lakin gələcəkdə bu sahədə islahatlara ehtiyac var. Xarici ölkələrdə təhsil alanların köçürülməsini isə ildə 1 dəfə aparmaq olar. Çünki araşdırmalar çox vaxt aparır".