Valideynlər məktəbə hücum edirlər

Aqil Abbas vurğulayıb ki, qanun qəbul etməklə təhsilimizi düzəldə bilmərik

"Əksər deputatlar qanuna yenidən baxılmasını tövsiyə ediblər"

  Parlamentin dünənki iclasında “Təhsil haqqında” qanun da müzakirə olunub. Əksər deputatlar qanuna yenidən baxılmasını tövsiyə ediblər. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu qanun Milli Məclisdə 14 il müzakirə olunub: “Təhsilin pilləliyindən danışırlar. Təhsildə nə qədər pillə olar? Bakalavr, magistr, aspirantura, dissertantura, doktorantura və s. Dünyanın hər yerində birpilləli müdafiə sistemi var. Prezidentin sərəncamı oldu, təhsillə elm birləşdi. Qanunda da bu, nəzərə alınmalıdır. Biz sistemi müasirləşdirməliyik, yeniləşdirməliyik. 

Mənim bu strukturlarla problemim yoxdur, amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya Komissiyasına göndərilir. Orda da ekspert deyir ki, bu, plagiatdır. Yəni 60-70 alimin rəyi nəzərə alınmır, amma tanınmayan bir ekspertin rəyinə görə bu alimə dərəcə verilmir. Amerika üzrə elmlər doktoru var. Bu, harada görülüb?! Biz artıq yeni sistemə keçməliyik”.

"Repetitorluq sistemi orta məktəbləri dağıdır"

  Deputat Fəzail Ağamalı deyib ki, repetitorluq sistemi orta məktəbləri dağıdır, 8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir: "Gələn sessiyadan “Təhsil haqqında” qanunu yenidən işləməliyik". Sədr Sahibə Qafarova gələn sessiyada təhsil problemlərinə dair Elm və təhsil komitəsində böyük dinləmə keçirilməsini təklif edib: “Buna ehtiyac var. Konkret spektr götürülməli, problemlər müzakirə edilməlidir”.

"Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır"

  Millət vəkili Sabir Rüstəmxanlı vurğulayıb ki, təhsil sistemində hər şey təmərküzləşir, rəhbərliyin idarəetməsinə verilir. Deputat bildirib ki, bu, işləri çətinləşdirir, cavanlar üçün çoxlu problemlər yaradır: “Universitetin vəzifəsi istedadlı uşaqlar yetişdirməkdir, bürokratiya yaratmaq deyil. Xarici ölkələrdə hər universitet dövlət içində dövlətdir. Universitet qəbul etdiyi tələbənin taleyini özü düşünür. Bizdə isə bunlar hamısı yığılıb bir yerə. Mən bunun əleyhinəyəm. Universitetlərin heç bir hüququ qalmayıb, belə olmaz”.

"Müəllimlər bu maaşla bizim ərköyün balalara dərs deyirlərsə, milli qəhrəmandırlar"

  Deputat Aqil Abbas vurğulayıb ki, qanun qəbul etməklə təhsilimizi düzəldə bilmərik: “Bu gün orta məktəb şagirdlərinin ağır çantasını mən özüm götürə bilmirəm. Uşaqlar bu ağırlıqda çantanı götürməkdən axırda ya "ştanqist" olacaqlar, ya da qozbel. Digər yandan müəllimlərin üstünə çox düşürlər.

 Müəllimlər bu maaşla bizim ərköyün balalara dərs deyirlərsə, milli qəhrəmanlardır. Uşağa bir şapalaq vurub deyə, 30 illik müəllimi məktəbdən qovublar. Belə şey olar? Mən şiddətə qarşıyam. Amma töhmət verilərdi, nəsə edilərdi. Belə şey olmaz. Kişi müəllimlər onsuz da azdır. Onları məktəbdən belə qovmaq olmaz. Müəllimləri belə ucuzlaşdırmaq olmaz. Peyğəmbərimiz deyirdi ki, "mənə bir hərf öyrədənin 40 il onun qulu olaram". Amma bu gün valideynlər məktəbə hücum edirlər. Elə bilirlər ki, müəllim onun quludur. Keçmişdə nadinc şagirdləri məktəbdən çıxarardılar, onlar üçün ayrıca məktəb olardı. Amma onlar orada elə tərbiyə alardı ki, içindən polislər, polkovniklər çıxırdı. İndi şagirdlər müəllimin başına çıxır. Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır”.