“MİQ müsabiqəsinin test imtahan mərhələsində tətbiq ediləcək yeniliklər o qədər də effektli addım sayıla bilməz”
Bunu "Sherg.az"a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri deyib.
Qeyd edək ki, Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva bu gün keçirilən onlayn brifinqdə Müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra yeniliklərin olacağını vurğulayıb.
Həmin yeniliklər arasında MİQ müsabiqəsinin imtahan mərhələsində səhv cavabların doğru cavablara təsiri qaydasının tətbiqi və hüquqi savadlılıqla bağlı sualların azaldılması daha çox müzakirələrə səbəb olub.
E.Nurinin fikrincə, yanlış cavabların doğru cavablara təsiri qaydasının MİQ müsabiqəsinin test imtahanı mərhələsində tətbiqi o qədər də vacib və səmərəli addım sayılmamlıdır:
“Nəzərə alaq ki, burada söhbət 17-18 yaşlı abituriyentlərdən yox, öz sahəsi üzrə istisaslaşmış müəllim və namizədlərdən gedir. Bu qaydanın tətbiqi peşəkar müəllimə ən azından, psixoloji rakursdan mənfi təsir etmiş olacaq. Müəllim şüuraltı olaraq, özünü məhz abituriyent qaydaları ilə davranmağa məcbur edilən şəxs sanacaq. Əslinə qalsa, bu qayda heç abituriyentlər üçün də tətbiq edilməməlidir. Onun psixoloji ağırlığı həssas təbəqəyə aid olan bir çox abituriyentə imtahan zamanı psixoloji maneə yaradır. Eyni tendensiya MİQ-in test imtahanı mərhələsində də yaşanacaq. İmtahanlarla bağlı qəbul ediləsi o qədər vacib addımlar var ikən, bunun üzərində dayanılması çox da effektiv addım hesab oluna bilməz.
Qeyd edək ki, Təhsil İnstitutunun mərkəz direktorunun sözlərinə görə, MİQ imtahanında səhv cavabın düz cavabı aparması məsələsi təhlillər əsasında tətbiq olunur:
"Əvvəl MİQ imtahanında səhv düzü aparmırdı. Ancaq təhlillər göstərdi ki, bəzən asan və orta suallara cavab verə bilməyən şəxslər çətin sualları cavablandıra bilir. Bu da test imtahanının verdiyi rahatlıqdır. Yəni, adam nə olar-olar deyib variantı işarələyə bilər. Buna görə də, əsl bilik nümayişi olsun deyə bu imtahanda səhvin düzü aparması məsələsi tətbiq olundu”.
Təhsil məsələləri üzrə ekspert MİQ-in test imtahan mərhələsində bu kimi halların tez-tez rast gəlinmədiyini bildirir. Onun fikrincə, MİQ müsabiqəsinin test imtahan və başqa mərhələlərində aşağıdakı yeniliklərin tətbiqi daha effektli ola bilərdi:
“Bir o qədər də səmərə verməyəcək bu yeniliyin əvəzinə, yaxşı olardı ki. MİQ-in müsahibə və əsasən də vakant seçim mərhələləri üçün xüsusi addımlar atılaydı. Təsəvvür edin, bütün il boyu test və müsahibə mərhələsinə hazırlaşan, yüksək bal toplayan müəllim və ya namizəd məhz vakant seçim turunun ağır şərtləri “sayəsində” işlə təmin oluna bilmir. Səbəb hamıya məlumdur: vakant yerlər əksər hallarda gizlədilir. Bu, təhsilimiz üçün böyük problemdir. Cənab nazir Emin Əmrullayev də açıqlamasında bir neçə dəfə bu problemə toxunub və müxtəlif təhsil subyektlərində bununla bağlı qanunsuzluqlara yer verildiyini qeyd edib. Bəzən, böyük bir rayona hər hansı əsas fənn üzrə cəmi 2-3 yer ayrılır. MİQ müsabiqəsində bu kimi detallarla bağlı yeniliklərin atılması daha arzuolunandır”.
AzEdu.az xəbər verir ki, N.Mehdiyeva bu barədə onlayn birifinqdə danışıb.
Onun sözlərinə görə, metodika üzrə mövzularda dəyişiklik olmayıb:
“Həmin mövzular indiki halda namizədlər yaxşı hazırlaşarlarsa, dərsin təşkilində kifayət edir. Metodika və pedaqoqikada hüquqi savadlılıqla bağlı bir hissə var ki, burada kiçik bir dəyişiklik edilərək sual sayı azaldılıb”.