Sertifikasiya müddətinin 5 ildən 3 ilə endirilməsi doğru qərardır

Özünə inanan, savadlı, bilikli müəllim üçün bu dəyişiklik heç bir problem yaratmır

İlqar Orucov deyib ki, qanunvericilikdə nəzərdə tutulan məqamlar çox mühüm dəyişikliklərdir


  Müəllimlərin sertifikasiyası məsələsi yenidən gündəmdədir. Ötən həftə Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə sertifikasiya ilə bağlı bir sıra məqamlar öz əksini tapıb. Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılır. Müddətin 5 ildən 3 ilə endirilməsi təklif olunur. Başqa bir dəyişikliyə görə, dövlət ümumi təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. 

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə sertifikasiya ilə bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, imtahanda iki dəfə uğursuz nəticə əldə edən müəllimlərin işinə xitam veriləcək. Məlumat üçün bildirək ki, iyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək. Ötən il keçirilən sertifikasiya imtahanlarında uğur qazanmayan 2 min 800 müəllim üçün təkrar imtahanların iyulun sonu avqustun əvvəli keçirilməsi planlaşdırılır. Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib ki, ilk sertifikasiyada uğursuz nəticə göstərənlər növbəti imtahanda iştirak etməsə, onlar təkrar olaraq imtahandan kəsilmiş sayılacaqlar və əmək müqaviləsinə xitam veriləcək. Onun sözlərinə görə, təkrar imtahanda iştirak edə bilməyən namizədlərə güzəşt tətbiq olunmur: "Birinci imtahanda müəllim hansısa səbəbdən iştirak etməyib. Bunun üçün təkrar imtahan var. Amma təkrar imtahanda da iştirak etmirsə, artıq güzəşt olunmur". Nazirlik rəsmisi qeyd edib ki, müəllimlərin sertifikasiyasının dərs bölgüsünə hər hansısa təsiri gözlənilmir: “Əvvəlki qiymətləndirmə nəticələri var, dərs bölgüsü ona uyğun aparılır”. 
  Müəllimlərin sertifikasiyası ilə bağlı "Şərq"ə danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov deyib ki, qanunvericilikdə nəzərdə tutulan məqamlar çox mühüm dəyişikliklərdir. Ekspertin sözlərinə görə, sertifikasiyanın tətbiqi qaçılmazdır və ona görə də "Təhsil haqqında" qanunda öz əksini tapması hüquqi normaların müəyyənləşdirilməsi baxımından vacibdir: "İlk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiya müddətinin 5 ildən 3 ilə endirilməsi doğru qərardır. Özünə inanan, savadlı, bilikli müəllim üçün bu dəyişiklik heç bir problem yaratmır. Elm və təhsil naziri Emin Əmrullayevin vurğuladığı məsələni, yəni imtahanda ikinci dəfə də uğursuz nəticə əldə edən müəllimin işdən uzaqlaşdırılmasını ədalətli qərar sayıram. Təhsil naminə seçimimizi artıq müəyyənləşdirməliyik. Cəmiyyətdə kimi danışdırsan, təhsilin keyfiyyəti ilə bağlı narazılıq edir. Təhsilin keyfiyyətini təmin edəcək vacib faktorlardan biri keyfiyyətli təhsil verə biləcək müəllimlərin olmasıdır. Heç kimə sirr deyil ki, əvvəlki dövrlərdə müəllimlərin işə qəbulu zamanı buraxılmış səhvlər təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Keyfiyyətli pedaqoji heyət formalaşdırılmasa, əlbəttə ki, təhsilin keyfiyyətindən danışmaq mümkün deyil. Birinci dəfə sertifikasiyadan keçməyənlərə ikinci şansın verilməsi humanist addımdır. Amma ikinci imtahanın da uğursuz olması göstərir ki, müəllimin savadı yerində deyil. Təbii ki, belə müəllimin tədrisi keyfiyyətli ola bilməz. Hər birimiz bu və ya digər formada təhsillə bağlıyıq. Heç kim razı olmaz ki, övladı savadsız müəllimin yanında təhsil alsın. Açığı deyim, valideynlər mənim özümə dəfələrlə zəng vururlar ki, "fılan məktəbdə fılan müəllim var, istəyirik ki, uşağı onun sinfinə keçirək". Hesab edirəm ki, insanlara müəllim seçimində də sərbəstlik vermək lazımdır. Belə olarsa, savadsız müəllimin sinfinə uşaq yığılmayacaq. O cür müəllimləri məktəbdən uzaqlaşdırmağın başqa bir yolu da budur. Amma bütövlükdə müəllim əgər ştatdadırsa, dövlətdən əməkhaqqı alırsa, biliyi müqabilində və verdiyi təhsilə müvafiq olaraq əməkhaqqı almalıdır. Öz ixtisası üzrə sertifikasiyada elementar suallara cavab verə bilməyən müəllimin məktəbdə saxlanması nəyə və kimə lazımdır?! Seçimimizi etməliyik, bizə keyfiyyətli təhsil lazımdır, yoxsa savadsız müəllim? Əgər birincini seçiriksə, yerində olmayan, savadsız müəllimlər mütləq şəkildə məktəbdən uzaqlaşdırılmalıdır". 
  İ.Orucov vurğulayıb ki, təhsilin bütün pillələrində bunun tətbiq olunmasının tərəfdarıdır: "Təsəvvür edirsizmi, ali təhsil sahəsində nə qədər keyfiyyətsiz kadrlar var. Pedaqoji kadr hazırlığını həyata keçirən dövlət müəssisəsi Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Ali təhsil məktəbinin rəhbərliyini tanıyıram, innovativ, yenilikçi və iş görə bilən insandır. Yəni rektor yerindədir. Ancaq müəllim hazırlayan kadrlar yerində deyilsə, təbii ki, keyfiyyətli müəllim hazırlaya bilmərik. Ona görə də sertifikasiya bütöv təhsil sistemini əhatə etməlidir. Düşünürəm ki, cəmiyyətdə sertifikasiya ətrafında yaradılmış yalançı ajiotajı da aradan qaldırmalıyıq. Sertifikasiyanın kökündə duran məsələ savadlı, bilikli müəllim kadrların seçilməsi və onların işlə təmin olunmasıdır. Bu prosesə yeni başlanılıb, ola bilsin, gələcəkdə heç iki dəfə şans verilməsin. Lakin sertifikasiya üçün ikinci şansın verilməsini ədalətli hesab edirəm. Hər şeyi nəzərə almaq lazımdır. Bəlkə hansısa müəllimin səhhətində problem olub, yaxud gərginlik altında öz biliklərini ifadə etməyi bacarmayıb". 
  Ekspertin fikrincə, 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyada iştirakının könüllü olması əslində mübahisə yaradacaq məqamlardandır: "Amma düşünürəm ki, bu məsələdə dövlət öz humanizmini nümayiş etdirir. 60 yaşlı müəllimin təxminən 40 ili məktəblərlə bağlıdır. Həm də onların təqaüd vaxtına az qalıb. Bu baxımdan 60 yaşdan yuxarı müəllimlərə güzəştlərin verilməsi anlaşılandır. Ancaq bunu 30-40 yaşında müəllimlərə tətbiq etmək düzgün olmaz. Çünki yerində olmayan müəllim təkcə bir uşağı, bir sinfi deyil, illər boyu nə qədər uşağı "şikəst" edə bilər".