Peşə təhsilinin inkişafı zamanın reallığıdır

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması 

Müasir tələblərə cavab verəcək kadrlar yetişəcək


  İşinin ustası olanlara - sənətkarlara hər zaman ehtiyac var. Müstəqilliyimizin bərpasının ilk illərində təəssüf ki, bir çox sahələrdə olduğu kimi, peşə təhsilində də durğunluq yaşandı. Mövcud olan peşə məktəblərinin fəaliyyəti zəiflədi. Sıradan çıxan, bağlanan peşə məktəbləri də oldu. Bu isə cəmiyyətdə müxtəlif sahələr üzrə usta, mütəxəssis  çatışmazlığı yaratdı. Sirr deyil ki, buraxılış sinfini bitirənlərin əksəriyyəti ali məktəbə qəbul olunmaq istəyir. Arzular reallaşmayanda isə növbəti ili gözləyir, illər keçdikcə nə ali məktəbə daxil ola bilir, nə də bir sənət sahibi olurlar. Belə vəziyyətdə peşə təhsili gənclərin köməyinə gələ bilər. Amma gec verilən qərarlar gənclərin həyatda öz yerlərini tapa bilməsinə mane olur. Bu baxımdan icbari təhsilin 9 illik mərhələsini başa vurduqdan bilik səviyyələrini, imkanlarını hesablayıb peşə təhsilinə yönələnlər doğru addım atanlardır. Açıq deməliyik ki, hazırkı peşə təhsili müəssisələri sovet təhsil sistemindəki peşə məktəbərindən əsaslı şəkildə və müsbət mənada fərqlənir. O qədər müasir, zamanın, cəmiyyətin tələblərinə uyğun peşələr var ki, onlara yiyələnlər həyatda heç vaxt uduzmayacaq. Bu gün peşə təhsili alanlara tələbat ali təhsilli mütəxəssisə tələbatdan dəfələrlə çoxdur. 
 
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmovun dünən verdiyi açıqlamalarda məhz bu məsələlərə toxunulub. 
 
C.Kərəmov bildirib ki, bu gün əmək bazarında texniki peşə sahəsində bacarıqları olan şəxslərə ehtiyac var. O, ölkədə peşə təhsilinin inkişafı ilə bağlı konkret strategiyanın olduğunu söyləyib. Peşə təhsili sahəsində “Böyük Qayıdış” proqramı ilə bağlı hədəflərin müəyyən edildiyini bildirən C.Kərəmov deyib ki, bu istiqamətdə müvafiq işlər davam etdirilir. Direktor müavini son beş ilin statistikasına əsasən qeyd edib ki, 2018-ci ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 13 400 idisə, hazırda bu rəqəm 19 mindən artıqdır. Dövlət Agentliyinin rəhbəri 2026-cı ilə qədər qarşıya qoyulan hədəfin peşə təhsili üzrə tələbə sayının 28 minə çatdırılması olduğunu vurğulayıb. O, hazırda peşə sahəsi üzrə təhsil alanların sayının 25 min olduğunu qeyd edib.
 
Qarabağ iqtisadi rayonunda 8 peşə təhsili müəssisəsi tikilib istifadəyə veriləcək. Artıq Füzulidə peşə məktəbinin bünövrəsi qoyulub. Həmin peşə məktəbinin texniki detalları hazırlanıb və yaxın vaxtlarda tikintisinə başlanılacaq. Peşə məktəbinin 2025-ci ildə təhvil veriləcəyi gözlənilir. Qarabağ və digər ərazilərdə fəaliyyət göstərəcək peşə məktəblərində gələn ildən etibarən alternativ enerji ilə işləyən texnologiyaların inkişafı üzrə texniklər hazırlanacaq. Növbəti illərdə Qarabağda açılması planlaşdırılan 8 peşə təhsili müəssisəsində 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması nəzərdə tutulur və mütəmadi şəkildə əmək bazarına sürətli keçid imkanı verən qısamüddətli təlimlər keçirilir. Bu il Cəlilabad və Lənkəranda da yeni peşə təhsili mərkəzləri açılacaq. C.Kərəmovun sözlərinə görə, həmin mərkəzdə kənd təsərrüfatı, meyvə sənayesi sahələri tədris ediləcək: "Mərkəzdə ilk dəfə heyvandarlıq ixtisası da tədris olunacaq. Bu məqsədlə mərkəzin ərazisinin yaxınlığında müasir ferma da tikilib. Tələbələr orada heyvanların saxlanılması, onlara göstərilən xidmətlərlə yaxından tanış ola biləcəklər. Mərkəzdə həmçinin əkinçilik və bitkiçilik ixtisasları da tədris olunacağından yaxınlıqda əkin sahəsi də var". C.Kərəmov bildirib ki, ilin sonuna Lənkəranda da peşə təhsil mərkəzi açılacaq: "Burada həm kənd təsərrüfatı, həm də turizm və hotelçilik sahələri tədris olunacaq. Mərkəzin özünün hoteli olacaq. Qubada peşə təhsili mərkəzinin inşası isə 2025-ci ilin sonuna planlaşdırılır. Qaxda peşə mərkəzinin yenidən qurulması, Tovuzda və digər rayonlarda da belə mərkəzlərin yaradılması nəzərdə tutulur". 
 
Peşə təhsili sahəsində tədris vəsaitləri və proqramlarının hazırlanması istiqamətində işlər görülür. Yüksək texniki peşə sahəsi üzrə tədris proqramına 6 yeni ixtisasın əlavə edilməsi planlaşdırılır. Bura kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı, texniki yeni ixtisaslardan (1 illik) isə rabitə quraşdırıcısı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, un üyütmə istehsalının aparatçısı üzrə ixtisaslar aiddir.

C.Kərəmov bildirib ki, hazırda Azərbaycan-Türkiyə peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi hazırlanır. C.Kərəmov deyib ki, bu sənəd yaradılacaq 2 peşə təhsili müəssisəsində tədrisin, maliyyə və idarəetmənin təşkili ilə bağlı məqamları tənzimləyəcək. Agentlik rəsmisi bildirib ki, sənəd tamamlandıqdan sonra aidiyyəti üzrə göndəriləcək: "Hökumətdə daxili razılaşma prosedurundan keçdikdən sonra tərəflər arasında imzalanma olacaq. Bununla da iki ölkə arasında birgə təhsil müəssisələrinin yaradılması üçün hüquqi baza tam olaraq formalaşmış olacaq. Hüquqi baza formalaşdıqdan sonra maddi-texniki bazanın formalaşması, tələbə qəbulu və tədrisin təşkili məsələləri öz həllini tapacaq. Paralel olaraq tətbiqi nəzərdə tutulan qida, işçilərin hazırlanması, hotelçilik və səyahət xidmətləri və informasiya texnologiyaları ixtisas qrupu üzrə təhsil proqramlarının qarşılıqlı razılaşdırılması işləri icra edilir. Tədris planları hazırlanır, proqramın məzmun hissəsinin tamamlanması üzrə işlər aparılır".  

Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində təkliflər paketi hazırlanır. C.Kərəmov qeyd dib ki,  təkliflər sənədi yekunlaşdıqdan sonra aidiyyəti üzrə göndəriləcək. Hazırda təxminən 20-yə yaxın peşə təhsili müəssisəsində direktor, 30-a yaxın müəssisədə isə direktor müavini vəzifəsi vakantdır. Həmin yerlərin yaxın vaxtlarda vakansiyaya çıxarılması nəzərdə tutulur. 

Görünən budur ki, peşə təhsili sahəsində irimiqyaslı dəyişikliklər, yeniliklər olacaq. Peşə təhsilinin inkişafına çox sevindiyini deyən professor Rafiq İsmayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, tədris proqramlarına edilən yeniliklər, ixtisasların artırılması müsbətdir: 

- Peşə təhsilinə yönələnlərin sayındakı artım da  sevindiricidir. Gənclərin peşələrə yiyələnməyə can atması müsbət haldır. Bu o deməkdir ki, ailələr də, gənclər özləri də nəhayət anlayırlar ki, ali təhsil alıb işsiz qalmaq ehtimalı ilə yaşamaqdansa, peşəyə, sənətə yiyələnib lazımlı mütəxəssis, sənətkar olmaq daha yaxşıdır. Məni qane edən həm də budur ki, işğaldan azad edilmiş ərazilərimizdə peşə məktəblərinin sayı artırılır. Məsələn, məlumatda bildirilir ki, Qarabağ və digər ərazilərdə fəaliyyət göstərəcək peşə məktəblərində alternativ enerji ilə işləyən texnologiyaların inkişafı üzrə texniklər hazırlanacaq. Bu, müasir tələblərə cavab verəcək kadrlarımızın olması deməkdir. Bilirik ki, Qarabağda alternativ enerji ilə işləyəcək sahələr çox olacaq. Deməli, onları işlədə biləcək, bu sahə üzrə ixtisaslaşmış öz işçilərimiz də olacaq. Bu, sevindircidir. Regionlarda peşə təhsili mərkəzlərinin olması da vacibdir. Hər regionun xüsusiyyəti, hansı sahələrin daha çox inkişaf etdiyi nəzərə alınaraq peşə tədrisi təşkil olunmalıdır. Cəlilabadda kənd təsərrüfatı, heyvandarlıq inkişaf etdirilirsə, bu sahələr üzrə, həm də müasir texnologiyalar öyrədilməklə, Lənkəran, Lerik bölgəsində meyvəçilik, bostançılıq, hotelçilik, turizm sahələri üzrə peşəkar kadrların hazırlanmasına diqqət yetirilməlidir. Yaxşı haldır ki, qardaş Türkiyənin bu sahələrdəki təcrübəsi də öyrənilir. Qida sənayesi, mehmanxana işçisi, hotelçilik və səyahət xidmətləri və informasiya texnologiyaları ixtisas qrupu üzrə təhsil proqramlarının qarşılıqlı razılaşdırılması ümidvericidir. Müasir tələblərə cavab verəcək peşəkarlarımız olmalıdır. Ali təhsillə iş bitmir. Peşə təhsilinin öyrədə biləcəyi çox şeylər var. Gərək bundan yararlanmağı, istifadə etməyi bacaraq.