Heç kim Məleykə Abbaszadənin istefasını arzulamır - RƏYLƏR

Emin Əmrullayevin idarəçiliyi zəifdir, üstəlik, onun qəbul imtahanları ilə bağlı informasiyası çox zəif və yanlışdır


  Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yaxın vaxtlarda istefaya göndəriləcək. DİM sədri ilə bağlı qərarın sentyabrın ilk ongünlüyündə elan olunacağı gözlənilir.
  "Yenisabah.az"ın məlumatına görə,  xanım Abbaszadə ilə bağlı mövqe artıq  qətiləşib.
  Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda dəyişiklikləri qaçılmaz edib. İqtidar düşərgəsində Məleykə Abbaszadənin təxminən 30 il davam edən hakimiyyətinə son qoyulmasının vaxtı çatdığına dair yekdil mövqe var.
  Məlumatlı şəxs Məleykə Abbaszadəni əvəzləyəcək şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, Məleykə Abbaszadənin vəzifəsi Elm və təhsil naziri Emin Əmrullayevə həvalə olunacaq. Məktəblərdəki neqativ halların ictimailəşməsindən sonra sürətlə nüfuzdan düşən gənc nazirin bu təyinata özünün xilası kimi baxdığı deyilir. Əmrullayevin karyerası ilə bağlı yeni qərarın yeni tədris ili başlayana kimi veriləcəyi gözlənilir.
Sözügedən məlumatı şərh edən təhsil eksperti Elşən Qafarov “Sherg.az"a açıqlamasında deyib ki,  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vəzifəsindən azad olunması, onun səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə həvalə edilməsi səlahiyyəti birbaşa ölkə prezidentinə məxsusdur:

“Bu kimi məsələlər ortalıqda gəzən şayiələr, əsassız xəbərlərlə həll olunmur.  Hazırda Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri olaraq fəaliyyətini davam etdirir. Ölkə başçısı tərəfindən təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə Məleykə xanım “Şöhrət”  ordeni ilə  təltif edilib. Qeyd olunan dəyişiklikləri isə ancaq  prezidentin sərəncamından sonra müzakirəyə çıxarmaq olar”.

  Təhsil eksperti Kamran Əsədov isə "Sherg.az"a bildirib ki, Məleykə xanımın Dövlət İmtahan Mərkəzinə (əvvəllər isə Tələbə Qəbulu üzrə Dövlət Kommissiyası) rəhbərlik etdiyi 30 il müddətində bir milyona yaxın insan  kənar müdaxilələr olmadan, məhz öz bilik və bacarığı hesabına ali təhsil alıb: "Dövlət Qulluğu İmtahanından keçərək iş sahibi olan insanların da sayı on minlərlədir. Məleykə xanımın Azərbaycan təhsil sistemində çox böyük xidmətləri var. Fəaliyyəti dönəmində isə bir çox məmurlardan fərqli olaraq öz qohum-əqrəbasını, dost-tanışını vəzifəyə gətirib, rəhbərlik etdiyi qurumlarda onlara xüsusi imtiyazlar verməyib. İctimaiyyətdə test imtahanlarının şəffaf keçirildiyinə böyük inam var. DİM-in keçirdiyi imtahanlar beynəlxalq sertifikat alıb.
  Amma bütün bunları elm və təhsil nazirimiz haqqında deyə  bilmərik. Emin  müəllim kifayət qədər şəffaf, öz sahəsində peşəkar və təhsili bilən kadrdır, müasir innovasiyaları yaxşı bilir.  Lakin onun idarəçiliyi haqqında eyni şeyləri demək olmur. Onun ETN-ə rəhbərlik etdiyi dönəmlərdəki təyinatların hamısı  uğursuz olub. Məhz ETN-in zəif fəaliyyəti nəticəsində orta məktəblərdə dərslərin keyfiyyəti aşağı düşüb. Buna alternativ olaraq da kurslar və repetitorlar boşluğu doldurur. Bu cür zəif idarəçiliklə  onun DİM-də  uğur əldə etməsi mümkünsüzdür. 30 il müddətində öz şəffaflığını və əlçatanlığını qoruyan imtahan sistemi tamamilə pozula bilər. ETN-dən fərqli olaraq DİM-də “sosial lift” var və bilik və bacarıqlarına güvənən hər kəs yüksək vəzifə sahibi ola bilir. Nazirlikdə isə Emin Əmrullayevə yaxın olmayan heç kəs yüksək vəzifəyə gedə bilmir. Üstəlik, onun qəbul imtahanları ilə bağlı informasiyası çox zəif və yanlışdır. Uzun illər ərzində formalaşmış DİM kimi ciddi struktur birdən-birə dağıla bilər. Ona görə də bu xəbərlər mənə inandırıcı gəlmir. M.Abbaszadə yaşına rəğmən öz vəzifəsinin öhdəsindən layiqincə gəlir və Azərbaycan elminə də, təhsilinə də misilsiz töhfələr verir. Onun alternativi heç bir halda Elm və Təhsil Nazirliyindən ola bilməz və olmamalıdır”.