Boş qalan plan yerlərinə qəbul "hazırlıq qrupları" adı ilə olacaq

Yoxsa azı 10 mindən çox boş qalacaq plan yerlərini doldurmaq üçün müsabiqə şərtini 100 bala salmazlar

“Yaxın günlərdə ali məktəblərin bakalavr pilləsinə qəbul olmaq üçün ixtisas seçimi başlayır və sabaha abituriyent 4 jurnalı nəşr olar”. 

 Bu sözləri “Sherg.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
  
Onun sözlərinə görə,  bu il ali məktəblərə qəbul plan yeri 60 minə çatıb. Bütün universitetlərin plan yerləri kəskin şəkildə artıb: “Amma abituriyentlərin nəticələri, xüsusilə, 200-dən çox bal toplayan abituriyentlərin sayında ciddi fərq yoxdur.  Qüvvədə olan qəbul qaydalarına görə ümumi balı 150-dən çox olanlar müsabiqəyə qoşulur, amma onlar məhdud ixtisaslar seçə bilər. Bu halda ali məktəblərin böyük sayda, azı 10 minə qədər plan yeri boş qalacaq. 
  
Xüsusilə, 1-ci ixtisas qrupu üzrə 200 bal ilə seçim ixtiyarı verilən ixtisaslardan boş qalanlar çox olacaq.  2018-ci ildə "Təhsil haqqında" qanuna dəyişiklik edilib və universitetlərin nəzdində "hazırlıq qrupları" yaradılması nəzərdə tutulub. Lakin 5 ildir ki, heç kim bu barədə danışmır. 2 ildir ki, abituriyent 2 jurnalında bu qəbul nəzərdə tutulur, amma həyata keçirilmir. Ehtimal etmək olar ki, məhz boş qalan plan yerlərinə qəbul məhz "hazırlıq qrupları" adı ilə olacaq. Yoxsa azı 10 mindən çox boş qalacaq plan yerlərini doldurmaq üçün müsabiqə şərtini 100 bala salmazlar”.