Xaricdə təhsil: Bakalavrlara investisiya qoymaq lazımdır?

Xaricdə təhsilə dövlət dəstəyi əlçatan vəziyyətə gətirilməlidir


  “2022-2026-cı illər üçün xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində bu il təqaüd alacaq tələbələrin ən azı 10 faizi və ya 38 nəfəri dünyanın ən yaxşı (ilk onluqda yer alan) universitetlərində təhsil alacaq”. Bunu Elm və təhsil naziri Emin Əmrullayev  sosial media hesabında yazıb.  
  Proqramdan faydalanan tələbələrin valideynləri nazirə  minnətdarlıq edib,  savadlı gənclərə verdiyi dəstəyə görə təşəkkür edib.  Qeyd  ediblər ki, Azərbaycanın insan kapitalının inkişafına böyük qatqısı olacaq bu proqramlar gənclərimiz üçün böyük fürsətdir! Lakin proqramla bağlı iradlar da az deyil:
Bakalavrlar üçün dövlət hesabına xaricdə oxumağın  mümkünsüz olduğunu iddia edən  vətəndaşlar qeyd edib ki,  12 illik təhsil tələbi ilə xaricdə yalnız bahalı özəl liseylərin uşaqları oxuya bilər.  Digər narazılıq isə proqramın məhdud fakültələr üçün keçərli olmasıdır. 
  Xüsusən də tibb və hüquq ixtisaslarının  proqramdan kənarda qalması ilə bağlı suallar ünvanlanıb.  Diqqət çəkən  digər bir məsələ isə tələbələrin təhsillərini başa vurduqdan sonra vətənə  qayıdıb, Azərbaycanın inkişafi üçün çalışmaları ilə bağlıdır. Ekspertlər hesab edir ki,  gənclər xaricdə təhsil imkanına Azərbaycandan qaçmaq, xarici ölkəyə köçüb, orada daimi yaşamaq üçün fürsət kimi baxmamalıdır. Belə hallar ciddi dərəcədə yoxlanılmalıdır.

  Təhsil eksperti Qoşqar Məhərrəmov isə “Sherg.az"a açıqlamasında deyib ki, uzunmüddətli investisiya olaraq Azərbaycan gənclərinin məhz nüfuzlu universitetlərdə  təhsil almalarını təmin etmək lazımdır:
“Əvvəla onu deyim ki, bakalavrlar üçün dövlət hesabına xaricdə oxumaq mümkünsüz deyil. Azərbaycanda 11 illik təhsil sistemini bitirib Amerikanın, İngiltərənin  universitetlərində bir il akademik hazırlıq  oxuduqdan sonra universitet təhsilini davam etdirə bilir. Amma onu deyim ki, bakalavrların xaricdə oxuması üçün dövlət dəstəyi bir o qədər də effektli deyil. Çünki 17 yaşlı yeniyetmələrin əksəriyyəti nə istədiyini bilmir, konkret bir məqsədi olmur. Azərbaycan üçün bakalavrlara investisiya qoymaq hələ tezdir, ona görə də əsas diqqət magistratura və doktorantura pilləsində  xaricdə təhsil almaq istəyənlərə daha çox diqqət ayrılır. Onlara artıq öz hədəflərini konkretləşdirdiyi üçün xaricdə öz ixtisaslarını təkmilləşdirib Vətənə qayıtması və Azərbaycan dövlətinə xidmət etməsi  üçün  daha az vaxt təlb olunur”. 
  Ekspert qeyd edib ki, hüquq  ixtisası Azərbaycan üçün yerli xarakter daşıdığı üçün xaricdə təhsil alanların yenidən burda oxuması və yerli qanunvericiliyi mənimsəmələri lazım gələcək. Ona görə bu ixtisasa yiyələnən gənclərin xaricdə oxumasını maliyyələşdirmək rasional sayılmır: 
“Amma tibbdə oxuyan gənclərin uzmanlıq üçün xaricdə təhsil almasını və bunun dövlət tərəfindən maliyyələşdirilməsinin mən də tərəfdarıyam. Sözün açığı, rezidenturada oxuyan tələbələrin dövlət proqramına düşə bilməməsinin səbəbləri mənim üçün də qaranlıqdır. Bəlkə də təhsil müddəti çoxdur deyə, dövlət onların təhsilini maliyyələşdirmir”. 
  "2022-2026-cı illər üçün xaricdə təhsil üzrə Dövlət Proqramı”nın icrasının qənaətbəxş vəziyyətdə olduğunu vurğulayan Q.Məhərrəmov hesab edir ki, onun sayəsində gənclərimiz dünyanın ən yaxşı universitetlərində  təhsil ala bilirlər: “Sadəcə olaraq prosesi  daha əlçatan vəziyyətə  gətirmək daha yaxşı olar. Ən əsası isə ölkədə iş mühiti şəffaf olmalıdır ki, təhsil üçün xaricə göndərilən tələbələr qayıtdıqdan sonra ölkəmizdə işləyib, öz bilik və bacarıqları ilə  Azərbaycana töhfə versinlər. Bunun üçün də  işlə təmin olunma mexanizminin təkmilləşdirilməsi və ehtiyac duyulan ixtisaslar üzrə müvafiq çərçivənin konkretləşməsi lazımdır”.