150 balla ali məktəbə qəbul başdan-ayağa rəzalətdir

Elçin Bayramlı: "5 ballıq sistem üzrə 150-200 bal “1” qiymətinə bərabərdir"

"Burada yeganə qazanan universitetlərin biznes marağıdır"

  Bir neçə gündən sonra ali məktəblərə ixtisas seçimi başlayacaq.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, 150 bal və daha yüksək nəticə göstərən abituriyentlər blok imtahanında 50 baldan yüksək nəticə göstərirlərsə, onlar da müsabiqəyə buraxılırlar.

  Hər bir ixtisas seçimi üzrə müxtəlif keçid ballarının olduğunu söyləyən DİM sədri abituriyentlərin bu şərtləri çox vaxt səhv saldıqlarını bildirib.
M.Abbaszadə xatırladıb ki, bununla yanaşı, məhdudiyyət tətbiq edilən əsas ixtisaslar da mövcuddur: "Burada buraxılış və blok imtahanında 200 bal və daha yüksək nəticə göstərən abituriyentlər ixtisas seçimi müsabiqəsinə buraxılırlar. Amma onlar blok imtahanında minimum 100 bal toplamalıdırlar. Bu məhdudiyyət əsas ixtisaslara aiddir".
  Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə “Sherg.az"a açıqlamasında deyib ki, təhsilin inkişafı kompleks yanaşma tələb edir.
  Hər il qəbul imtahanları, ixtisas seçimi ilə bağlı yeni bir eksperiment aparırlar və hər biri də effektsiz olur. Problem odur ki, Azərbaycanda orta məktəb təhsili məhv edilib: “Orta məktəblərdə oxuyan şagirdlərin repetitorsuz, kurssuz ali məktəbə qəbul olması, hər hansı bir ixtisasa yiyələnməsi mümkün deyil. Yəni yazıq valideynlər həm uşaqların məktəb xərclərini çəkir, həm də ayda 300-500 manat xərc çəkib uşağını əlavə müəllim yanına, kurslara göndərir. Qəbul imtahanları, plan yerləri hamısı sonranın işidir. Əvvəla, orta məktəblərdə təhsil sistemi qaydaya salınmalıdır. Orta təhsil proqramını mənimsəyən uşaqlar üçün ali məktəbə qəbul problem deyil. Hər biri normal bal toplayacaq, universitetdə də öz üzərində işləyib seçdiyi ixtisas üzrə biliklərini təkmilləşdirəcək. Əgər uğurlu bir sistem yarada bilmirlərsə, Finlandiya, Yaponiya kimi mükəmməl təhsil sisteminə sahib ölkələrin təcrübəsini götürüb olduğu kimi tətbiq etsinlər. Hər il bir qayda çıxarırlar. Hər ölkədən bir şey götürürlər və o da mövcud sistemə uyğunlaşmır deyə “kaşa” olur.
  E.Bayramlının sözlərinə görə, keçid balının ildən-ilə aşağı salınması, 150 bal toplayan uşaqların universitetə qəbul olması isə başdan-ayağa rəzalətdir: “5 ballıq sistem üzrə 150-200 bal “1” qiymətinə bərabərdir. Bu isə “0” səviyyəsində biliyi olan insanları ali məktəblərə qəbul etmək deməkdir. Pul qazanmaq məqsədilə savadsız abituriyentlərə ali təhsil vermək heç bir halda dövlətin xeyrinə deyil.
  Plan yerlərinin artırılmasının tərəfdarıyam, bu çox yaxşı haldır. Lakin bir çox kapitalist ölkələrində olduğu kimi, Azərbaycanda da univeristetdə oxumaq pulsuz olmalıdır Azərbaycanda fəaliyyət göstərən dövlət ali məktəbləri də ödənişli təhsili ləğv etməlidir. Keçid balı isə elə rəqəm olmalıdır ki, ortalama bilik göstəricisi 400 balın üstündə olsun. Onsuz da orta məktəb bazası olmayan, imtahanda 150-200 toplayan abituriyentlər ali məktəbdə də oxumur, semestr qiymətlərini də pulla yazdırıb, qrupdan-qrupa keçir. Burada yeganə qazanan universitetlərin biznes marağıdır. Valideynlərin pulu, tələbələrin isə vaxtı gedir. Əgər ali təhsil səviyyəsini beynəlxalq standartlara uyğunlaşdırmaq istəyiriksə, savadlı uşaqları qəbul edib, onları tələbə təqaüdü və yataqxana ilə təmin etmək, üstəlik, lazım olan kitabları da pulsuz vermək lazımdır. Təhsilə biznes sahəsi kimi baxdığımız müddətdə vəziyyət daha da arzuolunmaz hal alacaq”.
  Sosioloq deyib ki, biz orta məktəblərdə elə bir sistem yaratmalıyıq ki, repetitorlara ehtiyac qalmasın. Bir sinifdə 30-35 şagird varsa, orada təhsildən söhbət gedə bilməz: “Təhsil Nazirliyinin tətbiq etdiyi eksperimentlər, kurikulum sistemi adından şagirdyönümlü tədris proqamı ilə tətbiq olunan bu sistem məktəblərdə tamamilə anarxiya və özbaşınalıq yaradıb. İxtisas seçimi zamanı da gənclər az bala yox, bələd olduğu, sevdiyi ixtisaslara meyl etməlidir. Ali məktəb oxumaq adı ilə bəlkə də heç vaxt işləmək istəmədiyi bir ixtisasa qəbul olmaq yersizdir. 55 min tələbəni məzun edib əlinə diplom verməklə iş bitmir axı. Elə sahə var ki, o istiqamətdə təhsil alan gənclərin sayı tələb olunan kadr potensialından qat-qat artıqdır. Elə sahə də var, çox ciddi kadr çatışmazlığı yaşanmasına rəğmən ixtisaslı mütəxəssis tapmaq olmur. İxtisaslar və plan yerləri əmək bazarına uyğunlaşdırılmalıdır”.