"Məktəb bufetləri yeni tələblərlə işləməlidirlər" - RƏY

AQTA bu məsələyə olan nəzarəti gücləndirməlidir

Orta məktəblərin açılmasına bir aya yaxın bir zaman qalıb və valideynləri narahat edən əsas mövzulardan biri də məktəblərdə satılan qidaların növü və keyfiyyəti məsələsidir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, məktəb bufetlərində satılan qida məhsulları məsələsi hər zaman öz aktuallığını qorumalı olan olduqca vacib məsələdir. O bildirib ki, bufetlərə nəzarət proseduru zamanı bir neçə qurum sistemli və qarşılıqlı əlaqədə olaraq addımlar atmalıdırlar: 

"Bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məsuliyyəti böyükdür. Baxmayaraq ki, sözügedən qurumun əsas vəzifəsi qidanın keyfiyyətinə nəzarəti həyata keçirməkdir, amma nəzərə almaq lazımdır ki, keyfiyyətinə nəzarət olunmalı olan qidalar orta məktəb bufetlərində satılır. Düşünürəm ki, AQTA bu məsələyə olan nəzarəti gücləndirməlidir".
 İ.Orucov həmçinin qeyd edib ki, Elm və Təhsil Nazirliyi məktəb bufetlərində sağlam qida ilə bağlı işlərin təşkilində hər zaman maraqlı olub. Nazirlik bu məsələni hər zaman diqqətdə saxlayır və məktəb rəhbərlərinə bununla bağlı öz tapşırıqlarını verir: "Amma təəssüflər olsun ki, bir çox hallarda məktəb bufetlərində biz keyfiyyətsiz, vaxtı ötmüş, insan sağlamlığı üçün təhlükəli məhsulların satılmasının şahidi oluruq. Bunun bir nömrəli səbəbi məktəb rəhbərliklərinin bu məsələyə lazımi diqqət göstərməməsidir".
Ekspert vurğulayıb ki, bufetçilərin özbaşına, istədikləri qidanı gətirib satmasına icazə vermək olmaz. Onlara nəzarət olunmasa, qazanc üçün mənşəyi məlum olmayan, amma azyaşlı uşaqlar tərəfindən maraqla qarşılanacaq qida məhsullarının satışını həyata keçirəcəklər. Belə hallara qətiyyən şərait yaratmaq olmaz: "Bunun üçün məktəb rəhbərliyi tərəfindən daim bufetlərə nəzarət olunmalı, məktəb bufetlərinin qarşısına yeni tələblər qoyulmalıdır. Bufetlərin qida saxlama mühiti normal təşkil edilməlidir. Tələblərə cavab verməyən, məhsulun saxlanması üçün lazım olan şəraiti olmayan bufetlərin fəaliyyətini dayandırmaq lazımdır. Məktəb rəhbərləri tabeçiliyində olan tədris müəssisəsində təhsil alan bütün şagirdlərin məsuliyyəti ilə hökmlüdürlər. Bunun üçün şagirdlərlə də bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılmalıdır".