Dərs yükü çox, maaş az: Universitet müəllimləri narazıdır!

Bəzi universitetlərdə dərs saatları ilə bağlı müzakirələr gedir. Belə ki, çox rəhbərlik dərs yükünün minimum 120 saat olduğunu qeyd edir. 

Qanunvericilikdə belə tələb yoxdur. Məsələ ondan ibarətdir ki, 120 saat dərs tələbi əksər müəllim üçün çətinlik yaradır. Çünki bir çox təhsil işçisi başqa sahədə də çalışır. Yəni onların universitetdən əlavə işlədikləri, gəlir qazandıqları yerlər var. 

İkincisi, sırf bu tələbə görə müəllimlər öz kafedralarından başqa digər kafedralardan da saat istəməli olurlar. 

Bəs universitetlər bununla bağlı bir qərar qəbul edə bilərlərmi? 

Sözügedən məsələni“Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, dərs yükü normaları Nazirlər Kabinetinin pedaqoji işçiləri tərəfindən tətbiq edilir: 

“Fikrimcə, artıq bu normalarda dəyişikliklər edilməlidir.  Ali Təhsil müəssisələrində bir işçinin illik dərs meyarı 500 saat olaraq qeydə alınıb.  Həmin normalara əsasən, müəllimin fərdi yaradıcıllıq göstəriciləri,  laboratoriya işi 40 faizdən artıq olmamalıdır, qalan 60 faizi dərsə həsr olunmalıdır.  Çünki meyar qurarkən keyfiyyəti nəzərə almaq vacibdir".


Ekspert qeyd edib ki, dərs yükü çoxalır, bunun qarşılığında əməkhaqqı da artmalıdır:

"Universitetdə saat sayının artmasının başlıca səbəbi müəllimləri bir nöqtəyə fokuslandırmaqdır.  Təhsil ocağına 2-ci dərəcəli yer kimi baxılmaması üçün belə bir yola əl atırlar.  Əsas da başqa müəllimləri bura cəlb etməməkdən ötrü dərs saatını çoxaldırlar.  Pedaqoqların müəssisələrdə 120 saat dərs deməsi üçün ixtisasları ilə bağlı olmayan fənni belə onların adına yazmağa cəhd edirlər. Bu tendensiya gec-tez ləğv olunacaq. Çünki bu şərtlər altında müəllimlərin çalışması mümkün deyil”.

Səbinə Elmanqızı