Şuşada, Füzulidə yerli müəllimlər dərs deməlidir

Elm və Təhsil Nazirliyi hansı vakansiyadan, hansı müsabiqədən, hansı boş iş yerlərindən danışır, aydın deyil

İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərinə işə qəbul aparılır. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Sözügedən məktəblərdəki mövcud olan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.

 Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.
Bu məlumat keçmiş məcburi köçkünlər, xüsusən şuşalılar arasında narazılıqla qarşılanıb. Həmkarımız, əslən Şuşadan olan Bəxtiyar Məmmədli bu xəbərlə bağlı belə bir status paylaşıb:

“Şuşalı müəllimlər "ölüblər", "qırılıblar". Ona görə də Təhsil Nazirliyi Şuşada müəllim işləmək istəyənlər üçün müsabiqə elan edib. Dedikləri sözlə əməlləri düz gəlmir. Çünki bir yandan bəyan edirlər ki, Şuşada işləmək üçün Şuşa qeydiyyatın olmalıdır, o biri yandan Təhsil Nazirliyi bu addımı atır. Ya dövlət qurumları arasında koordinasiya yoxdur, ya da ki, hərə öz bildiyi kimi çalıb-oynayır.
  P.S. Elə bizim ailədə 4 müəllim var. Həm də şəhid övladlarıdır...”.
Yaranmış narazılıqla bağlı Şuşadan olan həmkarımız, yazıçı-publisist Kərim Kərimlinin də fikirlərini öyrəndik. 

 K.Kərimli “Sherg.az”a açıqlamasında məlumatla bağlı rəsmi qurumun ətraflı izahat verməli olduğunu dedi:
 - Mən də KİV-də gedən məlumatları oxumuşam, ancaq bu məsələnin mahiyyəti barədə heç bir izahata rast gəlməmişəm. Ona görə də mahiyyət üzrə cavab verməkdə çətinlik çəkirəm. Bir qədər detallı desək, məlumdur ki, Şuşada və Füzulidə hələlik yalnız bir məktəbin açılışı olacaq. Yəni Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli orta məktəblər. Füzuli şəhərinə qayıdış artıq başlayıb və iki köç karvanı artıq gedib. Şuşaya isə bu ilin sonunda köç başlayacağı deyilir. Doğma yerlərə qayıdan insanlar arasında ixtisasca müəllim olan kifayət qədər repatriant var və onların da əmək qabiliyyətli hissəsi mütləq işlə təmin olunmalıdır. Dövlət proqramında da məhz belə nəzərdə tutulub. Digər tərəfdən, geriyə qayıdışa hazırlanan ailələrin hər bir iş qabiliyyətli üzvü ilə ayrıca söhbət aparılır və doğma şəhərdə nə işlə məşğul ola, harada işləyə biləcəkləri indidən aydınlaşdırılır ki, oraya qayıdan əhali arasında işsizlik olmasın. Bu sırada da müəllimlər çoxluq təşkil edir.

Ona görə də Elm və Təhsil Nazirliyi hansı vakansiyadan, hansı müsabiqədən, hansı boş iş yerlərindən danışır, aydın deyil.
  
K.Kərimli qeyd etdi ki, artıq Vətənə köçürülən, köçürülməkdə olan və köçürülməyə hazırlanan müəllimlərin məcburi köçkün kimi yaşadıqları və orta məktəblərdə öz ixtisaslarına uyğun olaraq işlədikləri müddətdə həm MİQ imtahanlarından, həm də Sertifikasiya sınaqlarından keçdiyi və əllərində hazır – elə həmin ETN-in verdiyi sertifikatların olduğu da nəzərə alınmalıdır. Yəni bu insanlar müsabiqədən, imtahandan artıq keçiblər:

- Bu halda Şuşa və Füzuli məktəblərində işləmək üçün hansı növbəti sınaq-müsabiqə-müsahibə və vakant yerlərdən söhbət gedə bilər? Aydın deyil.