Statistik məlumatları yaxşı dəyərləndirmək lazımdır

500 balla universitetə qəbul oluna bilməyən abituriyentlər olur

“Ən perspektivli ixtisaslar 1-ci qrupdadır, son vaxtlar isə turizm sahəsinə də maraq var” 


Ali təhsil müəssisələrinə  ixtisas seçimi davam edir. İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2023-cü il avqustun 16-dan 28-dək internet vasitəsilə aparılır. Bu dönəmdə vacib öhdəlik abituriyent və valideynlərin üzərinə düşür. Onlar ixtisas seçimi edərkən, olduqca diqqətli olmalı, prosesdə iştirak etməzdən öncə maksimum dərəcədə araşdırma aparmalıdırlar.
 
Qeyd edək ki, abituriyentlərin çoxu ixtisas seçimi zamanı yanlışlığa yol verir ki, bu da bir çox hallarda ya universitetə qəbul ola bilməməsinə, ya da daha yaxşı  ixtisası seçə bilməməyə gətirib çıxarır.
  
Ekspertlər isə tövsiyə edir ki, ixtisas seçimi edən abituriyentlər müvafiq ballarına uyğun ixtisaslar üzrə seçim aparmalıdırlar. Nəticələrindən 50-60 bal daha yüksək ixtisasların yazılması, onların müsabiqədən keçmə şansını azaldır. Tövsiyə olunur ki, prosesdə iştirak etməzdən öncə, ən azı 2 il əvvəlki keçid ballarına və plan yerləri barədə məlumat toplasınlar. Statistik məlumatları əldə etdikdən sonra ixtisas seçimini arzuolunan formada aparacaqlar.
  
Prosesdən öncə abituriyent və valideynlərin araşdırmalar aparması məqsədəuyğundur. Hansı universitetdə, hansı ixtisas daha yaxşı tədris olunur, məzun olduqdan sonra iş perspektivləri hansı sahədə daha çoxdur və s. kimi məsələlər ətrafında dəqiqləşdirmələr aparmaq vacibdir. Burada abituriyentlərin gələcək karyera imkanları, əmək fəaliyyəti, təhsil alacaqları ixtisaslara əmək bazarında nə dərəcədə ehtiyac duyulduğu və s. məsələlər mövcuddur ki, mütləq şəkildə diqqətə alınmalıdır. Sözügedən nüanslar barədə məlumatlı olmaq, gələcəkdə onlar üçün daha rahat iş tapmalarına kömək olacaq.
  
Təhsil eksperti, ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, əvvəllər ixtisas seçimi, kodlaşdırma daha asan idi, abituriyentlər ya özləri, ya da valideynlərinin köməyi ilə  1-2 il əvvəlki keçid balına baxıb çox rahat şəkildə ixtisas seçimi edə bilirdi. İndi isə proses bir az daha çətinləşib:

 “Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisas seçimi qaydalarında müəyyən dəyişikliklər edilib. İxtisas seçimi bəzi adamlar üçün asan proses kimi görünür. Onlar düşünürlər ki, bir il əvvəlki keçid balına baxıb çox rahat şəkildə ixtisas seçimi edə bilərlər, lakin bu, tamamilə yanlış düşüncədir. Əslində isə  abituriyentlərin sadəcə əvvəlki illərin keçid balına baxaraq seçim etməsi yox, plan yerləri, statistik məlumatları yaxşı dəyərləndirmək lazımdır. Əks halda 400-500 balla belə  universitetə qəbul oluna bilməyən abituriyentlər olur. İxtisas seçimi zamanı abituriyentlərin ən çox etdikləri səhvlər ixtisas haqqında məlumatsız olmasıdır. İxtisas seçimi edən abituriyentlər müvafiq ballarına uyğun ixtisaslar üzrə seçim aparmalıdırlar. Məsələn, bu il birinci qrupda  riyaziyyat-kimya altqrupu  üzrə ballar kifayət qədər artacaq, riyaziyyat-informatika altqrupu üzrə isə ballarda enmə müşahidə olunacaq. Bunu  isə ancaq statistik məlumatları düzgün analiz edərək bilmək olur. Əgər bunun tərsi istiqamətində ixtisas seçimi edənlər olubsa, ya ödənişliyə qəbul olacaq, ya da, ümumiyyətlə, tələbə adı qazana bilməyəcək”.
  Perspektivli ixtisaslara gəldikdə isə A.Vəliyev deyib ki, bu qruplara görə dəyişir: “1-ci qrupda Mühəndislik və İnformasiya Texnologiyalarına aid  ixtisaslara  maraq yüksəkdir. 2-ci qrupda isə maliyyə, mühasibatlıq və logistika ixtisasları ön sıralardadır. Son vaxtlar isə turizm sahəsinə də maraq var. 
  3-cü qrupda isə hüquq istəyənlər çoxdur, amma dövlət ictimai münasibətlər ixtisasını da dəyərləndirmək lazımdır. 4-cü qrupda isə həkimlik ixtisası öz liderliyini qoruyur”.  
  Valideynlərin müdaxiləsinə toxunan ekspert deyib ki, ailələr elə bilir ki, hər şeyin ən yaxşısını onlar bilir. Lakin mütəxəssisə müraciət edəndə biz onlara ixtisas seçimi ilə bağlı ətraflı məlumat veririk və əksəriyyətinin öz fikrində dəyişiklik etdiyini görürük.