Bütün şagirdlər məktəbə məktəbli formasında gəlməlidir

Valideyn övladına başqa geyim alırsa, deməli, məktəbli forması da ala bilər

  Tədris ili yaxınlaşdıqca məktəbli formalari ilə bağlı narazılıqlar da çoxalır, müzakirələr də artır. Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində orta ümumtəhsil məktəblərində yeni – vahid məktəbli formaları tətbiq ediləcək. “Vahid” ifadəsi isə mövcud vəziyyətə adekvat deyil. O səbəbdən ki, məktəbli formaları 4 müxtəlif geyim forması və 4 müxtəlif rəngdə təsdiqlənib. Yəni çeşid və rəng bolluğuna düşüb şagirdlər. Və qərarda bu da var ki, məktəbli formasını seçmək hüququ hər məktəbin Pedaqoji Şurasına verilib. Məktəblər formanın rəngini, dizaynını seçməkdə sərbəstdirlər. Daha bunun harası vahid oldu? Şagirdlərin ibtidai sinifdən buraxılış sinfinədək eyni – vahid məktəbli formasından istifadə etdiyi dönəmlər 20-ci əsrdə qaldı. Hər il məktəbi formalarını dəyişməklə, təhsilin inkişaf etdiyini göstərmək istəyirlər, nədir? Hamı bilir ki, bu, inkişaf deyil. Amma hamı da özünü bilməzliyə vurub. Məktəbli formaları ilə bağlı mübahisəli məqam isə elm və təhsil nazirinin loyallığıdır. Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələb olmadığını bildirmişdi: “Əgər məktəb qərar verirsə, valideyn ona uyğun forma seçə bilər. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin. Formanın mahiyyəti budur ki, hamı bərabər olsun. Heç kim ev mühitini məktəbə daşımasın, kimsə varlı-kasıb olmasına görə fərqlənməsin. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı var ki, forma tələb etsin". Amma bu, ötənilki açıqlamadır. Bu il nazir nə deyəcək, maraqlıdır. 

Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, vahid məktəbli formasına keçidə 2011-ci ildən başlanılıb: 
" Vahid məktəbli formasıyla bağlı 2011-ci ildə qəbul olunan qərar 2021-ci ilədək qüvvədə qaldı. Bu illər ərzində vahid məktəbli formaları dəyişmədi. 2022-ci ildən etibarənsə yeni dizaynda məktəbli formalarının tətbiqinə dair qərar verilib. Ötən il könüllülük prinsipi əsas götürüldü, valideynlərə, şagirdlərə güzəşt edildi, bildirildi ki, 2021-2022-ci tədris ilində mövcud olan məktəbli formalarından istifadə etmək olar. Amma 2023-2024-cü tədris ilindən başlayaraq bütün orta ümumtəhsil məktəbləri yeni məktəbli formalarına keçməlidir. 4 müxtəlif rəngdə məktəbli formaları təklif edilir, məktəblərin pedaqoji şuraları, hansı ki tərkibində valideynlər də var, təklif edilən məktəbli formalarından birini ümumi rəy əsasında seçir. Məktəbdə məktəbin qaydalarına riayət edilməlidir. Aztəminatlı ailələrə, sosial vəziyyəti aşağı olan ailələrə isə yerli icra hakimiyyətləri yardım etməlidir. Valideynlər yerli icra orqanına müraciət edə bilər. Yerli icra orqanı aztəminatlı ailələrin məktəbli forması, digər məktəb ləvazimatları ilə təminatını dövlət büdcəsi hesabına həyata keçirməlidir". 
  K.Əsədov qeyd etdi ki, bütün şagirdlər məktəbə məktəbli formasında gəlməlidir. Məktəbin haqqı var ki, şagirddən məktəbli formasında gəlməyi tələb etsin: 
"Valideyn övladına başqa geyim alırsa, deməli, məktəbli forması da ala bilər. 2023-2024-cü tədris ili üçün təsdiqlənmiş məktəbli formaları minimum 3 il istifadədə olacaq. Sonra isə hazırda təklif edilən məktəbli formaları çeşidi arasından başqa birisini seçə biləcəklər. Bu, ona görədir ki, yaşca, fiziki cəhətdən böyüyən şagirdlər yenə də mövcud məktəbli formalarının hər hansı birindən istifadə edə bilsinlər. Burada sadəcə, rəng dəyişikliyi olacaq".