Azərbaycana test üsulunu kim gətirib? -Sabir Rüstəmxanlı və Firudin Ağasıoğlu danışır

Sabir Rüstəmxanlı: "Azərbaycanda test üsulunun tətbiqində Əbülfəz Elçibəyin, Vurğun bəyin, Firudun bəyin  əməyi danılmazdır"

Firudin Ağasıoğlu: "Misir Mərdanov və Vurğun Əyyubu Türkiyəyə göndərdik ki təcrübəylə tanış olsunlar, test materiallarını, lazımi sənədləri Azərbaycana gətirsinlər"

Şadlanan ata-analar, valideynlərə edilən gözaydınlığı zəngləri, sosial şəbəkələrdə uçuşan təbriklər, ziya yoluyla addımlayacaq gənclər… Ali məktəblərə builki qəbul imtahanlarının sevinclə dolu mənzərəsidi bu. Və təbii ki 21 il əvvəl alim mıktəblərə qəbulda ilk dəfə olaraq test imtahanı üsulunun tətbiqinə göstəriş verməklə bu günün təməlini qoymuş böyük insanı – Əbülfəz Elçibəyi və onun silahdaşı olan nəhəng ziyalımızı – Vurğun Əyyub bəyi rəhmətlə anmaq, həmçinin bu misilsiz əməyin başında dayanmış professor Firudin Ağasıoğluna, onunla birlikdə zəhmət çəkmiş ziyalılarımıza dərin ehtiram bildirmək borcumuzdur.

 Ölkədə ali məktəblərə rüşvətsiz, tapşırıqsız qəbulu həyata keçirməyi məhz bu böyük kişilər bacardı. Və elə bir təməl atdılar ki, sarsılmadı, bu gün o təməlin üzərində minlərlə gəncimiz arzusuna qovuşur.

Qısaca bildrək ki, Azərbaycanda Test üsulunun tətbiqi təşəbbüsü ilə ilk dəfə 1992-ci ilin may ayının  28-də Azərbaycan Ana Torpaq Partiyası çıxış edib (AATP-nin təsisçisi Rövşən Qəmbər, partiya təsisçiləri sırasında dövrün tanınmış şəxsləri İxtiyar Şirin, Siracəddin Hacı, Rafiq Məmmədli, Allahverdi Orucov,  professor Rafiq Əliyev, Fəridə Məmmədova, professor Famil Mehdi də olub). AATP ölkədə rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edib və bunu ən vacib problemlərdən biri sayaraq parlament qarşısında məsələ qaldırıb. 15 noyabr 1992-ci ildə ali məktəblərə qəbulun test üsulu ilə keçirilməsi haqqında qərar verilib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub  hökumətin ən böyük tarixi uğurunu gerçəkləşdirib. 

Ölkədə test üsulunun tətbiqində  Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, mərhum Turan Yazqanın da adı çəkilir. Deyilənə görə, test üsulunun ölkəmizdə tətbiqində onun da əməyi olub. Bunu dəqiqləşdirmək üçün xalqın yazıçısı, millət vəkili Sabir Rüstəmxanlıya müraciət etdik. Sabir bəy "Sherg.az"a açıqlamasında Turan Yazqanın test üsulunun tətbiqində hər hansı xidməti barədə məlumatsız olduğunu dedi: 

- Azərbaycanda test üsulunun tətbiqində Əbülfəz Elçibəyin, Vurğun bəyin, Firudun bəyin  əməyi danılmazdır. Onların sayəsində test üsulunun tətbiqinə başlanıldı və 1992-ci ildə ölkə üzrə ali məktəblərə qəbul imtahanları ilk dəfə olaraq test üsulu ilə keçirildi. Amma yəqin ki, Türkiyə ilə də məsləhətləşmələr aparılıb, çünki bizim test üsuluyla bağlı məlumatımız yox idi. Bu üsulun necə tətbiq olunduğu Türkiyədən öyrənildi. Turan Yazqan hocamızın test üsulunun ölkəmizdə tətbiqində hər hansı rolu, xidməti barədə isə heç nə deyə bilmərəm. T.Yazqan türk dünyasının böyük şəxsiyyəti idi, mənim də yaxın dostum olub, bu dostluğumuz o, rəhmətə gedənədək də davam etdi. T. Yazqanın ən böyük fəaliyyətlərindən biri Bakıda Atatürk Litseyini açması oldu. Bilirsiniz ki, bu litseyin məzunları harada olursa-olsunlar ölkəmizi yüksək səviyyədə təmsil edirlər.

Professor Firudin Ağasıoğlu da "Sherg.az"a açıqlamasında  test üsulunun tətbiqində Türkiyə təcrübəsindən  istifadə edildiyini xatırlatdı: 

- O zaman mən baş nazirin müavini idim və bu işin icrası mənə həvalə edilmişdi. Əlbəttə ki, test imtahanlarının tətbiqində qardaş Türkiyənin köməyi əvəzsiz idi.  Misir Mərdanov da o zaman təhsil nazirinin müavini idi. Misir Mərdanov və Vurğun Əyyubu Türkiyəyə göndərdik ki təcrübəylə tanış olsunlar, test materiallarını, lazımi sənədləri Azərbaycana gətirsinlər. Onlar da qaydalarla tanış oldular, sənədləri də gətirdilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradıldı və V.Əyyub sədr təyin edildi. İlk dəfə test üsulu ilə Türkiyə ali məktəblərinə qəbul həyata keçirdik və 2 min tələbəni qardaş ölkəyə təhsil almağa göndərdik. 3 ay sonra isə bütün ölkə üzrə ali məktəblərə qəbul imtahanları test üsuluyla həyata keçirildi. Türkiyədən də bir xanım mütəxəssiz dəvət edilmişdi, o da təcrübəni bizimlə paylaşırdı, kömək edirdi. Turan Yazqanın test üsuluyla bağlı hər hansı xidməti olmayıb. Onun ayrı xidmətləri var və bu xidmətlər türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.