Tələbələrdən sağlamlıq haqqında arayışın istənilməsi vacibdir? - RƏY

Məqsəd sağlamlığı qorumaqdır

Xarici ölkələrin praktikasında hətta valideynlərdən də sağlamlıq haqqında arayış tələb olunur

  Bir neçə gün əvvəl ixtisas seçimlərinin nəticələri açıqlanıb. Minlərlə abituriyent tələbə adını qazanıb. Dərslər başlayana qədər həmin tələbələrdən qəbul olunduqları universitetə yaxınlaşıb qeydiyyatdan keçmək tələb olunur. Məhz bu səbəbdən universitetlərin qeydiyyat üçün tələbələrdən tələb etdikləri sənədlər sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Ən diqqətçəkən sənəd isə sağlamlıq haqqında arayışdır.
  Sözügedən arayışın 40 manat olması müəyyən problemlər yaradıb. Hətta bu ödənişi edə bilməyib universitetə qeydiyyatdan imtina edənlər var.
  "Trend" sözügedən məsələ ilə bağlı Azərbaycan universitetlərinə sorğu ünvanlayıb.
  Bakı Dövlət Universitetindən "Trend"ə bildirilib ki, qeydiyyat prosesi elektron qaydada portal vasitəsilə həyata keçirilir.
  "Qeydiyyat keçmək üçün yalnız oğlanlardan ağ bilet tələb olunur, başqa sənəd tələb olunmur. Sonrakı mərhələdə sənədlər universitetə verilir", - deyə bildirilib.
  Azərbaycan Dillər Universitetinin (ADU) Mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı "Trend"in sualını cavablayarkən qeyd edib ki, arayış təqdim etmədən universitetə qeydiyyat mümkün deyil.
  "Qeydiyyat üçün tələb edilən sənədlər arasında sağlamlıq haqqında arayış var. Yəqin ki, bu sənəd olmadan qeydiyyat mümkün deyil", - deyə o bildirib.
  Azərbaycan İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, UNEC-də sağlamlıq arayışı tələb edilmir.
  "Tələbə poliklinikası mövcuddur. Tələbələr qəbul olduqdan sonra orada ödənişsiz şəkildə qeydiyyatdan keçə bilirlər", - deyə o əlavə edib.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, sağlamlıq arayışı təqdim etmədən universitetə qeydiyyat mümkündür.
  "Sağlamlıq haqqında arayış sənədini tələb etmək universitetlərin daxili məsələsidir. Tələb oluna da bilər, olunmaya da bilər. AzTU-da bu sənəd tələb olunmur", - deyə o vurğulayıb.
  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, sağlamlıq haqqında arayış mütləq təqdim edilməlidir: "Qanunvericilik bunu tələb edir ki, həm işə qəbul zamanı, həm də tələbələr univeristetə qəbul zamanı sağlamlıq haqqında arayış təqdim etməlidir. Çünki müəyyən yoluxucu xəstəliklər var ki, onların daşıyıcılarının kütləvi yerlərə daxil olması qadağan olunub. Bunu həm edən, həm şərait yaradan məsuliyyət daşıyır. Əgər şərait yaradan tərəf olaraq icazə versək, qanunu pozmuş sayılırıq. Bu səbəbdən universitetə qeydiyyat zamanı sağlamlıq haqqında arayış tələb edilir", - deyə bildirilib.
  Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, sağlamlıq haqqında arayış alınması tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil.
  "Lakin sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları və həqiqi hərbi xidmətə çağırılanların müayinəsidir. Sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır.
  Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir", - deyə qeyd edilib.
  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Sherg.az"a açıqlamasında deyib ki, illərdir ölkədə e-gov sistemi tətbiq edilsə də, arayış problemi hələ də həll olmayıb: “Səlahiyyətli qurum olan VXSİ Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzi indiyədək bu problemi həll edə bilməyib.

  MyGov-da vətəndaşlar xeyli arayışlar əldə edə bilsə də, bunların heç bir hüquqi əsası yaradılmadığından bu resursdan istifadə edənlər demək olar yoxdur.
  Çünki dövlət qurumları arasında inteqrasiya olmadığından, müvafiq hüquqi mexanizmlər yaradılmadığından vətəndaşlardan hələ də kağız formada arayışlar tələb olunur. Düşünürəm ki, Dövlət Agentliyi qanunvericiliyi sadələşdirərək, optimallaşma apararaq ya arayışların ləğvi məsələsini gündəmə gətirməli, ya da MyGov-da əziyyət çəkərək hazırladığı elektron arayışların hüquqi əsaslarını yaratmalıdır”.
  Təhsil eksperti Kamran Əsədov da qəzetimizə açıqlamasında deyib ki, tələbələrdən sağlamlıq haqqında arayışın istənilməsi çox vacibdir. Onun sözlərinə görə, xarici ölkələrin praktikasında təkcə tələbələrin deyil, hətta valideynlərin də sağlamlıq haqqında arayışı tələb olunur:

“Burada məqsəd, yəqin ki, hansısa yoluxucu xəstəliyin olub-olmadığını müəyyənləşdirməkdir.
  Yoluxucu xəstəliyi olan tələbənin auditoriyada digərləri ilə bir yerdə təhsil alması yolverilməzdir. Onun üçün fərdi şəkildə dərs keçilməli, yaxud da vəziyyətə uyğun olaraq başqa tədbirlər görülməlidir. Hər bir gəncin sağlamlıq səviyyəsi öyrənilərsə, təhsil aldığı müddətdə heç bir problem yaşanmaz. Müvafiq sənəd ona görə tələb olunur ki, həm tələbənin səhhətinin istədiyi peşə üzrə təhsil almağa imkan verib-vermədiyi müəyyənləşdirilsin, həm də bəzi xəstəlik daşıyıcılarına qarşı ehtiyatlı davranmaq gərəkdirsə, bununla bağlı müvafiq tədbirlər görülsün”.