Bütün imtahan və müsahibələr əzbərçilik üzərində qurulub  - RƏY


Ekspertlər də nazirlə razılaşırlar

“Ona görə də ən yüksək bal toplayan abituriyentlərin öz fikrini sərbəst ifadə edə bilməməsi təəccüb doğurmur”


  “Bu il Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq”.
  Bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, növbəti ildən isə sertifikasiya nəticələrinə əsaslanaraq yüksək bal toplayan təhsil işçilərinin digər müəllimlərə dəstək tədbirinə başlanılacaq.  E.Əmrullayev vurğulayıb ki, Azərbaycan dili fənni ilə bağlı problemlər kifayət qədərdir: “Bu fənn üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdırlar. Bu fəndən yüksək nəticə göstərən abituriyent bəzən bir səhifəlik esseni yaza bilmir, ya da başa sala bilmir. Sadə görünə biləcək dil fənninin metodikası və məzmunu ilə bağlı müzakirələr dərindən aparılmalıdır. Məzmunla bağlı ciddi islahatlara ehtiyac var”.
  Nazirin sözlərinə görə, təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq.
O bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq: "Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Nəzərə almaq lazımdır ki, hər il oxşar problemlər olacaq. Əsas odur ki, təhsili bir addım irəli apara biləcəyik. Bizə sadəcə səbir və vaxt lazımdır".
  Qeyd edək ki, bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib.
  Emin Əmrullayevun sözlərinə görə, əsas hədəfimiz mövcud problemlərin həllinə nail olmaqdır: “Təhsil yolu islahatını addım-addım getməliyik. Problem olan yerdə islahatdan söhbət gedir”.  Nazir bildirib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür: “Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır. Hansı rayonda ibtidai sinif müəllimlərinin bilik səviyyəsi ilə bağlı problem varsa, orada uşaqların da bilik səviyyəsi aşağıdır”.
  Qeyd edək ki, Emin Əmrullayevin Azərbaycan dili fənni ilə bağlı dedikləri cəmiyyətdə birmənalı qarşılanmayıb. 
  Professor Telman Cəfərov hesab edir ki, biz nə qədər əzbərçilikdən qaçsaq da, hətta məktəbdə şagirdlərə şeir parçalarını əzbərləməyi tövsiyə etməsək də, yenə də bütün imtahan və müsahibələr əzbərçilik üzərində qurulub: 

“Mən son illərdə bir-iki təlimdə olmuşam: hamı praktikadan, reallıqdan uzaq, abstrakt materialları beyinlərə yükləyir. İrad bildirəndə, məsləhət verəndə sanki kimdənsə qorxub, əməkdaşlığa getmirlər. Ona görə də ən yüksək bal toplayan abituriyentlərin öz fikrini sərbəst ifadə edə bilməməsi təəccüb doğurmur. Biz bunu qəbul etməliyik”.
  Təhsil eksperti Nabatəli Qulamoğlu isə “Sherg.az"a açıqlamasında deyib ki,  elm və təhsil nazirinin dediklərində həqiqət payı olsa da, bu məsələni ictimaiyyətə ajiotaj kimi təqdim etmək düzgün deyil:

“Uzun illər Azərbaycan dili - ədəbiyyat fənnini tədris edən biri olaraq  deyim ki, son illərə qədər Azərbaycan dili fənninin tədrisi dünya standartlarına uyğun deyildi.  Baxmayaraq ki, sovet təhsil sistemini əzbərçilik sistemi adlandırırdılar, Azərbaycan dili fənninin tədrisi ancaq qaydalardan ibarət  idi. Sonradan məlum oldu ki, qaydaları əzbərləməklə biz heç bir dünya reytinqində yer tuta bilmərik.  2011-12-ci illərdə Dövlət İmtahan Mərkəzinin monitorinqlərində iştirak edirdim. Testlərin birində mətn verilib ki, verilmiş cümlələrdən birini sintaktik təhlil edin. Orada da qeyd etdim ki,  mətn üzərində işləmək belə olmur. Onlara konkret nümunələr də göstərdim ki, mətn üzərində necə işlənir. Təqdirəlayiq haldır ki, 2013-cü ildən sonra Azərbaycanda mətn üzərində iş başladı. Yəni 10 il əvvələ qədər Azərbaycanda məktəblilər mətn üzərində necə işlənir bilmirdilər. Yeni-yeni bu standartlar ölkəmizdə tətbiq olunur və yüksək nəticələr əldə etmək üçün də 10 il azdır. Proses hələ uzun çəkəcək”.   
  N.Qulamoğlu deyib ki, millət vəkili Etibar Əliyev kimi təhsili az-çox bilən adamlar Emin Əmrullayevin “Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır" açıqlamasını lağa qoyur.  Halbuki anlamaq deyəndə söhbət mətnin məzmunundan getmir: “Həsən gəldi Hüseynlə görüşdü” deyəndə hamı  söhbətin nədən getdiyini bilir. Məsələ məzmunda kontur- arqumentlər  qoymaq, plan qurub, əks suallar çıxartmaq, vacib tezisləri ayıra bilməkdən gedir. Bunlar isə bir neçə illə həll olunacaq məsələ deyil. Son illər qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayının azalmasının kökündə də məhz bu problem durur.  Şagirdlər mətn üzərində işləməyi bacarmırlar, amma proses gedir. Güman edirəm ki, növbəti illərdə bu problem öz həllini  tapacaq”.