Şagirdlərə pul qazanmağın yolları öyrədiləcək - YENİ LAYİHƏ

İmtahan üçün lazımsız nəsnələri əzbərlətməkdənsə bu fənn daha lazımlı olar

Orta məktəblərdə sahibkarlıq fənninin tədrisi şagirdlərə müəyyən istiqamətlər üzrə bilik və bacarıqlarını formalaşdırmaqda kömək edə bilər

Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq kursu pilot şəkildə tədris ediləcək. Bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi “ORT İsrail” tərəfindən müvafiq dərs vəsaiti hazırlanıb. Bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatında xəbər verilib. Qeyd edilib ki, sözügedən vəsait şagirdləri gələcəyin çağırışlarına hazırlayacaq sahibkarlıq təfəkkürü, yaradıcı düşüncə və XXI əsr bacarıqlarının aşılanması kimi mövzuları əhatə edir. Vəsaitə, həmçinin, layihəəsaslı tapşırıqlar, komanda işləri və individual çalışmalar daxildir. Sahibkarlıq fənninin tədrisi ilə bağlı cari ilin 4-8 sentyabr tarixlərində pilot tədris aparılacaq məktəblərin direktor və müəllim heyəti üçün “ORT İsrail” mütəxəssisləri tərəfindən təlim keçirilib. Təlimdə layihəəsaslı tədris, müəllimlərin şagirdlərə yanaşması, məktəblilərin yaradıcı düşüncəyə təşviqi, sinif otağında müəllim-şagird rolları və digər mövzulara toxunulub, praktiki tapşırıqlar, interaktiv müzakirələr təşkil edilib.
Qeyd edək ki, bundan əvvəl - 7-24 may tarixlərində Elm və Təhsil Nazirliyinin “İnnovativ məktəb” layihəsi çərçivəsində 50 nəfər təhsil işçisi İsraildə təhsildə innovativ yanaşmalar və təşəbbüslər istiqamətində keçirilən təlimlərə qatılıbmış. Nazirliyin bu bbarədə məlumatında da bildirilirdi ki, təhsil işçiləri 18 gün ərzində bacarıqların mənimsənilməsini təşviq edən xüsusi proqramların hazırlanması, müasir tədris metodologiyaları, layihəəsaslı öyrənmə, XXI əsr bacarıqlarının şagirdlərə aşılanması, virtual və artırılmış reallıq, eləcə də süni intellektin təhsildə yaratdığı imkanlar mövzularında təlimlərdə iştirak ediblər. Təlim iştirakçıları “ChatGPT”, “Google Bard”, “ThingLink” və digər platformalardan tədris zamanı istifadə ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər.

Olsun. Hatəmxan ağa (“Dərviş Parisi partladır” filmi) deyirdi ki “dəxi nə edək, ay arvad? Nə eybi var? Şahbaz Parisə gedər, orda elm, mərifət kəsb edər. Qayıdanda da sizə firəng padişahından bəxşiş gətirər…”. Biz də, şagirdlərimizin elm, mərifət kəsb etməsinə qarşı deyilik. Ola da bilmərik. Amma, hər işimizdə olduğu kimi, burda da yenə bir əmma ortaya çıxır; bizim ufacıq balalar təməl bilikləri əməllicə öyrəndilərmi ki indi də sahibkarlıq fənni keçməyə başlayırlar? Deyilə bilər ki, bu, pilot layihədir (az qala hər işimiz pilotdu. Molla Nəsrəddin lətifəsində deyilldiyi kimi “səsi sonra çıxır” - M.R.). Bütün məktəblərdə keçilməyəcək və əsas fənlərə də daxil deyil. O zaman əlavə, “+” dərslərlə şagirdləri yormaq, məktəb çantasını elə həmin bu əlavə dərslər, məşğələlər, testlər, dərs vəsaitləri, tapşırıq dəftərləri…  üzündən zar-zor daşıyan,  metroda, avtobusda mürgüləyə-mürgüləyə evə qayıdan fağır uşaqları sahibkarlıq fənni ilə yükləmək nəyə lazımdır? Məktəb şagirdinə sahibkarlıq dərsi keçmək bu qədərmi vacibdir? 
Azərbaycan məktəblisi yapon, Koreya (cənub) məktəblisi deyil. İsrail, ABŞ, İngiltərə məktəblisi də deyil. Bizim təhsil sistemimiz və ümumiyyətlə, digər sistemlərimiz, məsələn, əmək bazarı sistemimiz də onlarınkından çox-çox fərqlidir. Əməkdaşlıq, yenilikləri, müsbət təcrübələri, süni intellketin yaranmasına gətirib çıxarmış innovasiyaları öyrənmək, məlumatlı olmaq əlbəttə, müsbət haldır. Bizim şagirdlər bu yükü qaldırmaq gücündədirmi, məsələ budur. 

Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında bildirdi ki, sahibkarlıq fənninin keçirilməsində məqsəd sahibkarlıq haqqında ümumi məlumatların verilməsidir: 

- Bu, şagirdlərə müəyyən istiqamətlər üzrə bilik və bacarıqlarını formalaşdırmaqda kömək edə bilər. Hazırda dünyada tanınan bir çox şəxs var ki, məhz sahibkardırlar. Məsələn, Elon Mask. Bill Qeyts və başqaları. Onlar elə şəxslərdir ki, az qala dünyanı idarə edirlər. Yəqin ki, şagirdlərə bu şəxslər, onların necə uğur əldə etmə\ləri haqqında da məlumat veriləcək. Bizim şagirdlər ümumi ixtisaslarla bağlı məlumatsızdırlar. II ixtisas qrupunda biznesin idarə olunması ixtisası var. Amma bu ixtisas ali məktəbə daxil olduqda seçilir. Sahibkarlıq kursunun tədris olunmasında məqsəd məncə budur ki, aşağı, orta yaş qrupuna aid şagirdlər sahibkarlıq, sahibkarlıq fəaliyyəti nədir, bilsinlər, bu barədə məlumatlı olsunlar. Şagird bilsin ki, sahibkar olarsa gəlirləri nə qədər olacaq. Uşaqlarda sahibkarlığa maraq yaransın. Deyə bilərlər ki, bu fənn və ya kurs niyə orta ixtisas, peşə məktəblərində keçilmir. Ona görə ki orta ixtisas məktəbinə daxil olanlar artıq müəyyən istiqamət, peşə seçiblər. Orta məktəb şagirdi isə hələ peşəsini seçməyib. Ona yeni bir ixtisas, yeni peşə təqdim olunur.  
E.Əfəndi qeyd etdi ki, amma bu kurs əsas fənlərə aid edilməməlidir: 
- Şagirdlərin dərs yükü zatən ağırdır. Fakültativ məşğələlər də var. Hesab edirəm ki, sahibkarlıq kursu da əsas fənlərdən ayrı, fakültativ məşğələ formasında keçirməlidir. Bu, pilot layihədir və kütləvi hal alacağını düşünmürəm.  Əgər pilot layihənin müsbət nəticələr verdiyi müəyyənləşərsə, o zaman digər məktəblərdə də keçilə bilər.
Həkim-pediatr, daim şagirdlərin dərs yükünün ağırlığından şikayətlənən Vaqif Qarayevin mövqeyi isə belə oldu: 

- Pilot kimi fikirləşiblər. Faydasını gələcəkdə görərik. Yəqin yuxarı sinif şagirdlərinə tədris olunacaq. İmtahan üçün lazımsız nəsnələri əzbərlətməkdənsə bu fənn lazımlı olar, məncə. Heç olmasa pul qazanmağın yollarını bilərlər.