“Təbiət” fənni bakalavriat səviyyəsində açılsa, yaxşı olar  - EKSPERT

Çətinliklər olacaq

Təbiət fənlərinin inteqrasiyası “Təbiət” fənni  adı altında birləşdirilib tədrisimizə gətirilir.
Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan VI siniflər üçün “Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/2023-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində pilot sınağından keçirilib.

Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılaraq, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri diqqətə alınıb. Dərslik komplektlərinin hazırlanması prosesinə 11 yerli mütəxəssislə yanaşı, sinqapurlu mütəxəssislər də cəlb olunub.
  
Qeyd edək ki, məktəb öncəsi təhsillə bağlı ən çox müzakirə olunan mövzulardan biri də cari tədris  ilindən 6-cı siniflərdə “Təbiət” fənninin tədris ediləcəyi, əvəzində isə "Biologiya" və "Fizika"nın tədris olunmayacağı ilə bağlıdır.
  
Elm və Təhsil Nazirliyindən mətbuata bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında müəyyən dəyişikliklər edilib: “Ümumi orta təhsil səviyyəsindən “Həyat bilgisi” fənni çıxarılaraq “Təbiət” fənni əlavə edilib. 2022-2023-cü dərs ilində ölkənin bütün V siniflərində "Təbiət" fənni tədris olunub. 2023-2024-cü dərs ilində bütün VI siniflərdə “Təbiət” fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. 
  
“Təbiət” fənninin məzmununa "Fizika", "Kimya" və "Biologiya" fənləri üzrə ilkin biliklər daxil edilib. İnteqrativ məzmunlu bu fənn VII siniflərdə tədris olunacaq "Fizika", "Kimya" və "Biologiya" fənlərinə keçid xarakteri daşıyır”.
  
Təhsil eksperti Qoşqar Məhərrəmov isə  “Sherg.az”a açıqlamasında deyib ki, “Təbiət” fənninin tədrisi beynəlxalq təcrübəyə uyğunlaşdırılıb: “İsveç, İngiltərə, Amerika mənşəli beynəlxalq kurikulumlarda 7-8-ci siniflərə qədər bu fənlər bir yerdə  “Sience” (Elm)  fənni adı altında  tədris olunur. Ona görə də ölkəmizdə  belə bir fənnin tədrisini təqdirəlayiq hesab edirəm. Beynəlxalq təcrübədə bu, "Fizika", "Kimya", "Biologiya" fənlərinin ləğv olunması mənasına gəlmir. 
Bu fənlərin birlikdə interaktiv tədrisini nəzərdə tutan kitablar hazırlanır. Bunun səbəbi odur ki, şagirdlər fənləri ayrı-ayrılıqda qavrasa da, bunların bir-biri ilə əlaqəsini başa düşmür. Nadir hallarda müəllimlər dərsləri bir-biri ilə inteqrasiya edə bilir. Ona görə də beynəlxalq təcrübədən faydalanaraq islahat başlayıb. Amma indiki halda “Təbiət” fənni orta məktəblərdə yox, bakalavriat səviyyəsində açılsa, daha yaxşı olardı.  “Təbiət” fənni tədris edəcək peşəkar kadrlar hazırlandıqdan sonra orta məktəblərdə tədris edilməli idi. Bəzi ölkələrdə sırf “Sience” müəllimi bakalavr ixtisasları var. Həmin ixtisasdan məzun olanlar da bu fənni tədris edir. Qısamüddətli kurslarla fizika, biologiya, kimya müəllimlərini “Təbiət” fənni müəllimi kimi yetişdirmək bir o qədər effektiv seçim deyil, çətinliklər olacaq. Amma istənilən halda gözəl işdir, işi də doğru görmək lazımdır. Zamanla yenilik təhsil sistemimizdə oturuşacaq və öz effektini verəcək. Dediyim kimi, bakalavriat səviyyəsində “Sience” müəllimliyi üzrə ixtisaslı kadrlar hazırlanana qədər çatışmazlıqlar və zəif tədris qaçılmazdır”.