Məktəblərdə tənəffüs vaxtı artırıla bilər? - AÇIQLAMA

Belə olarsa, şagirdlərin həm yorğunluqları çıxar, həm də növbəti dərsi daha yaxşı mənimsəyərlər

  Türkiyənin Milli Təhsil Nazirliyi şagirdlərin rahat yemək yeməsi üçün tənəffüs saatlarının uzadılmasına qərar verib. "Sherg.az" “milliyyet.com”a istinadən xəbər verir ki şagirdlərin rahat qidalanması üçün məktəblərdə fasilələrdən birinin ən azı 20 dəqiqə olması təmin edilib. Əsasnamədə dərs saatının müddətinin 40 dəqiqə olduğu, tək növbəli məktəblərdə tənəffüs üçün məktəb rəhbərliyi tərəfindən ən azı 20 dəqiqə, digər tənəffüslər üçün ən azı 15 dəqiqə, ən azı 10 dəqiqə vaxt ayrılacağı bildirilir. İkinövbəli məktəblərdə isə fasilələr üçün 10 dəqiqə vaxt ayrılacağı bildirilib. Qeyd edək ki, Azərbaycanda da məktəblilərin qidalanması aidiyyatı qurumlar üçün prioritet məsələlərdəndir. Hətta Elm və Təhsil Nazirliyi tərəfindən pilot layihə olaraq məktəbəqədər təhsil müəssisələrində bu sahədə islahatlara başlanılıb ki, vahid menyu tərtib edilsin.
  Mütəxəssislər isə hesab edir ki, uşaqların sağlam böyüməsini təmin edəcək ən birinci şərt düzgün qidalanmadır. Uşaqların qida rasionunda mütləq mal əti, quş əti, balıq və balıq məhsulları, süd məhsulları, paxlalı, dənli bitkilərdən hazırlanan yeməklər, tərkibi kalium, kalsium, maqnezium, dəmirlə zəngin qidalar, meyvə-tərəvəz mütləq olmalıdır. Bu qidalar uşaqlarda sümükləri bərkidir, mədə-bağırsaq sisteminin düzgün çalışmasını təmin edir, qanazlığı problemini aradan qaldırır.
  Təhsil üzrə ekspert Kamran Əsədov da “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda da dərslərarası tənəffüs müddəti şagirdlərin dərs prosesində iştirak saatına görə çox azdır. 5 dəqiqə tənəffüslə dərslərin ard-arda keçirildiyini vurğulayan ekspert deyib ki, bu da şagirdlərin yorulmasına gətirib çıxardır:

 "Altı 45 dəqiqə müddətində dərslərin 5 dəqiqə fasilə ilə keçirilməsi düzgün deyil. Bu, müəllimlərin də səhhətinə təsirsiz ötüşmür. Çünki elə müəllimlər var ki, ikinövbəli işləyirlər. Müəllimin 9-10 saat dərs prosesində beş dəqiqə fasilə ilə işləməsi onu yorur. Bu isə sözsüz ki, dərs keyfiyyətinə təsir göstərir".
  Ekspert qeyd edir ki, 4432 orta ümumtəhsil məktəbinin bəziləri iki növbəli fəaliyyət göstərir. Tənəffüslərin müddətinin artırılması dərs müddətinin də artırılmasına gətirib çıxardır: "Azərbaycanda şagird sıxlığı aradan qaldırılarsa, tənəffüs müddətinin artırılması mümkündür. Hazırda şagirdlər tənəffüsə vaxt tapa bilmirlər. 5 dəqiqəlik tənəffüsdə heç nə yemək mümkün deyil. Bu müddət sinif dəyişməyə belə çatmır. Kiçik tənəffüs 10, böyük tənəffüs ən azı 15 dəqiqə olmalıdır. Şagirdlərin bu zaman həm yorğunluqları çıxır, həmçinin də növbəti dərsi daha yaxşı mənimsəyirlər. Ona görə də tənəffüs müddətinin uzadılması labüddür. Tənəffüsün müddətinin azlığı təhsilin keyfiyyətinə mənfi təsir edir".
  Vahid menyu məsələsində gəldikdə isə K.Əsədov deyib ki, uşaq bağçaları kimi məktəblər də sağlam qidalarla təmin edilməlidir. Uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir: “Uşaqlıq dövrü insan orqanizminin sonrakı fiziki, əqli inkişafında xüsusi əhəmiyyətə malikdir. Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də, çəki problemləri ilə qarşılaşırlar ki, bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də, zərərli qidalanma vərdişləri uşaqlarda piylənmənin inkişaf etməsində əsas rol oynayır. Türkiyədə şagirdlərə, xüsusən də, ibtidai sinif şagirdlərinə süd, süd məhsulları, quru meyvələr verilir. Hamımız da bilirik ki, süd məhsulları uşağın inkişafında necə əhəmiyyətli rol oynayır. Eləcə də tərkibi vitaminlərlə zəngin olan quru meyvələr həm toxluq hissi yaradır, həm də faydalıdır. Yaxşı olar ki, vahid menyu ilə bağlı həyata keçirilən layihədən əldə edilən nəticələr uşaqların sağlam qidalanmasında dəyişikliklərə gətirib çıxarsın