Bütün ailələr üçün təhsilə əlçatanlıq təmin olunacaq


Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Eyni zamanda ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq

  Bu gün Azərbaycan Beynəlxalq Bankının maliyyə tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Təhsilin İnkişafı Forumu keçiriləcək. “Gülüstan” sarayında təşkil ediləcək Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur. Forumla bağlı verilən xəbərdə qeyd edilir ki, tədbirdə “İnnovasiya ekosisteminin yaradılması”, “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” mövzuları müzakirəyə çıxarılacaq. Panellərdə təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası məsələlərinə diqqət yönələcək. 


Eləcə də, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömür boyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularında polemikalar aparılacaq. Forumun məqsədi işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, innovasiya ekosisteminin yaradılması, həmçinin dövlət – özəl tərəfdaşlığıdır. Tədbirdə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da ekosistemin inkişafında bankların rolu mövzusunda çıxış edərək iştirakçıların suallarını cavablandıracaq. Təhsilin İnkişafı Forumuna ABB-dən başqa “NEQSOL Holding”, BP, “SOCAR”, Sumqayıt Texnologiyalar Parkı, “Azersun Holding” və “BestComp Group” da tərəfdaşlıq dəstəyi verir. Bu məlumatı xatırlatmağımız əsassız deyil. Ölkənin ən böyük banklarından birinin, eləcə də bir neçə holdinq və şirkətlərin Foruma dəstək verməsi ümumilikdə təhsil sektoruna diqqətin, qayğının göstəricisi, təhsilimizin inkişafında maraqlı tərəflərin sayının getdikcə artmasıdır. Əlbəttə ki, bu diqqətin əsasında da dövlətin təhsil sektoruna daim artan qayğısı dayanır. İri şirkətlərin, müəssisələrin təhsil ocaqları, ali məktəblərlə əməkdaşlığı da son illərdə genişlənib. Ölkədəki ali təhsil müəssisələrinin müxtəlif şirkətlər, holdinqlərlə, xarici şirkətlərlə, investorlarla əməkdaşlığına dair müntəzəm məlumatlar verilir. Bu sırada Azərbaycan Aviasiya Akademiyası, Diplomatik Akademiya, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Aqrar Universitet, Azərbaycan Dövlət Texniki Universiteti və bir çox digər məktəblərimiz nümunədir. İqtisadi inkişafın sürətlə getdiyi ölkəmizdə Azərbaycan Dövlət İqtisad Universitetinə maraq da böyükdür. Bu həm xarici şirkətlərin, həm də yerli müəssisələrin universitetlə əməkdaşlığa meyl etməsində özünü göstərir. Bu günlərdə isə  “Azərlotoreya” korporativ sosial məsuliyyət çərçivəsində elm və təhsilin inkişafı istiqamətində növbəti mühüm layihəyə imza atıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə imzalanan əməkdaşlıq memorandumuna əsasən, “Azərlotoreya” UNEC kitabxanasına müxtəlif dillərdə nəşr olunan kitablar hədiyyə edərək, universitetin kitab fondunu daha da zənginləşdirib. “Azərlotoreya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş təqdimolunma mərasimində çıxış edərək, nəfis tərtibatla nəşr olunan kitabların UNEC-də yeni fənlərin tədrisi üçün nəzərdə tutulduğunu deyib. Kitabların tələbələrin daha çox bilik və bacarıq əldə etmələrinə imkan yaradacağından əminliyini ifadə edən Osman Karakuş, UNEC ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib. UNEC-in rektoru professor Ədalət Muradov universitet kitabxanasına göstərilən dəstəyə görə Osman Karakuşa təşəkkürünü bildirib, kitabların tələbələrin yeni biliklər əldə etməsində, eləcə də tədqiqatların aparılmasında faydalı olacağını deyib. Korporativ sektorun təhsilin inkişafı istiqamətində təşəbbüslərlə çıxış etməsini yüksək qiymətləndirən rektor, digər şirkətləri də bu layihələrə qoşulmağa çağırıb. Qeyd edilir ki, tərəflər arasında imzalanan memorandumda birgə layihələrin reallaşdırılması, tələbələrə təcrübə keçmək imkanının yaradılması, “Azərlotoreya”nın əməkdaşları üçün peşə hazırlığı kurslarının, eləcə də müəllimlərin praktiki biliklərinin artırılması məqsədilə təlimlərin təşkili və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulur.

  Təhsil eksperti Elşən Ramizoğlu “Sherg.az”a  açıqlamasında qeyd etdi ki, bu cür tərəfdaşlıq və əməkdaşlıqlar təhsilimizin inkişafında böyük əhəmiyyət daşıyır: 

- Təhsil sektoruna qayğı hər ötən gün artmaqdadır. Nəzərinizə bir faktı çatdırım. Azərbaycanda ali təhsilə qəbul olan tələbələrin sayının qarşıdakı illərdə 20 min artacağı proqnozlaşdırılır. Bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir. Qeyd edilir ki, gəlirindən asılı olmayaraq, bütün ailələrin övladları üçün təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq. Bununla yanaşı, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq. Rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq. Qeyd edək ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrində 205 mindən artıq tələbə təhsil alır. Ali təhsil müəssisələrinin müasir çağırışlara diqqət yönəltməsi, bu məqsədlə şirkətlər, investorlarla əməkdaşlığa can atması  müsbət haldır. Bir sıra ali təhsil müəssisələri ayrı-ayrı qurumlarla əməkdaşlıq edir, tələbələrin təhsil aldıqları ixtisaslara uyğun təcrübə qazanmaları üçün onların müxtəlif  layihələrdə iştiraklarını təmin edirlər. Bir müddət əvvəl Dövlət İqtisad Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi ilə birlikdə “Gələcək üçün bacarıqlar” layihəsinə qoşuldu. Layihə icra edildiyi müddətdə iştirakçılara biznes, sahibkarlıq, innovasiya menecmenti və bir sıra ixtisaslar, peşələr üzrə təlimlərə qoşuldu. Belə layihələr tələbələrin daha çox bilik və təcrübə əldə etməsi üçün çox əhəmiyyətlidir. 

  Ümumiyyətlə, bütün hallarda kitab ianə edilməsi layihəsi möhtəşəmdir. Əslində, hesab edirəm ki, kitab oxucularının hər birinin kitabxanasının zəngin olması faydalıdır. Bu məqsədlə layihə həyata keçirən “Azərlotoreya”  gözəl bir təşəbbüs üçün addım atıb.  Hesab edirəm ki, bir çox təhsil müəssisələrimiz də bu təşəbbüs üçün digər sirkətlərlə əməkdaşlıq edə bilər. Burada sadəcə təhsil alanlar deyil, həmçinin təhsil verənlər də faydalana bilər. Xüsusən kitabların müxtəlif dillərdə olması daha yaxşıdır.  Laboratoriya ilə bağlı ciddi problemlərin olması, təcrübələrin həyata keçirilməsini UNEC üçün gözəl bir başlanğıc hesab etmək olar. Əminəm ki, bu faydalı təşəbbüsə digər sirkətlər də qosulacaq. Bu, təhsilimizin daha da inkişafına əhəmiyyətli töhfə olardı.