Əmək bazarı yenidən təhlil olunmalıdır - EKSPERT

Hər il 100 min kadrı işlə təmin etmək çətin vəzifədir
Təhsil sistemi buna uyğun qurulmalı və təşkil edilməlidir


  Azərbaycanda ali təhsil alanların sayı 20 min nəfər artacaq. Bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilib.
Qeyd edilib ki, gəlirindən asılı olmayaraq, bütün ailələrin övladları üçün təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq. Bununla yanaşı, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq. Rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq. Qeyd edək ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrində 205 mindən artıq tələbə təhsil alır.


  Təhsil eksperti  Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında  deyib ki, Azərbaycan dünyada oxuma-yazma səviyyəsinin ən yüksək olduğu ölkələrdən biridir - 99.8 faiz. Hansı ki, bu rəqəm Avropa ölkəsi olan Yunanıstanda 97.9 faiz, ən inkşaf etmiş dövlətlərdən biri Sinqapurda 97.3 faiz, bizim kimi neftlə zəngin olan ölkə Nigeriyada 62 faiz, Hindistanda 74.4 faiz, texnologiya nəhənglərinin müasir vətəni Çində 96.8 faiz və s. təşkil edir: 

“Müstəqillik dövrünün ilk illərindən təhsildə bir sıra yeniliklər tətbiq edildi və post-sovet təhsil sistemində islahatlar aparıldı. Test və kurrikulum sistemlərinin tətbiqi, dövlət sifarişi əsasında təhsil, fərqli layihələr buna misal ola bilər. Bu təhsil sisteminin məzunu olaraq indi bəzi boşluqların olduğunu, təcili bəzi dəyişikliklərin gərəkdiyini görürük.
  Azərbaycanda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Lakin bu gün Azərbaycan ali təhsil müəssisələrinin bir çoxu əmək bazarının tələblərinə cavab vermir. Bunun əsas səbəbi isə ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının tələb və istəklərinin nəzərə alınmamasıdır. Hesab edirəm ki, əmək bazarı yenidən təhlil olunmalıdır. Hansı ixtisaslar üzrə kadrlara ehtiyac duyulursa, həmin ixtisas üzrə qəbul həyata keçirilməlidir. Bu gün heç bir planlaşdırmaya ehtiyac yoxdur. Ali təhsil müəssisələri dövlət orqanları, özəl sektor, digər xidmət sahələrinə kadr hazırlayır. Bütün hallarda əmək bazarının tələbləri, ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlar araşdırılmalıdır.
İllər üzrə rəqəmlərə nəzər yetirdikdə görə bilərik ki, son 22 ildə ölkədə ali təhsil almaq istəyənlərin sayı artıb. Belə ki, 2000-2001-ci ildə 119 min 683 nəfər, 2005-2006-cı ildə 129 min 948, 2020-2011-ci ildə 140 min 241, 2015-2016-cı idə 161 min 234, 2020-2021-ci ildə 198 min 707, 2021-2022-ci ildə isə 212 min 173 nəfər ali təhsil müəssisələrinə qəbul olub”.

  Ekspertin sözlərinə görə, bir tədris ilində ali təhsil müəssisələrinə qəbul olan mütəxəssislərin 4 il sonra, sadəcə, 42 faizi ixtisası üzrə fəaliyyət göstərə bilir. Bu onun göstəricisidir ki, ali təhsil müəssisələrində əmək bazarının tələbləri nəzərə alınmır. Müəllimlərin işə qəbul imtahanı zamanı pedaqoji ixtisası bitirən şəxs yüksək bal toplayır, amma o, sinfi idarə etməyi bacarmır: “Çox təəssüf ki, hazırda Azərbaycanda orta məktəb dövründə şagirdlərdən tələb olunan və əzbərə əsaslanan 11 illik dərs sisteminin əsas məqsədi sadəcə şagirdi anlamını belə bilmədiyi, sadəcə onun üçün asan və ya haqqında müəyyən dərəcədə məlumatının olduğu ixtisas üzrə universitetə qəbul olmasına nail olmaqdır. 11 illik təhsilin ilk illərində gərəkli ilkin biliklər verilir və bir nöqtədən sonra tələbənin fokusu illər sonra olacaq 3 saatlıq bir imtahana yönəlir, sadəcə, 5 fəndən ibarət olan bir çərçivəyə salınır (bu illər ərzində tətbiq olunan dərs vəsaitləri, metodik vəsaitlərin keyfiyyəti də başqa müzakirə mövzusudur).
  Növbəti mərhələdə ali təhsil müəssisələri gəlir və burda da uzunmüddətli dövrdə qarşımıza çıxan fərqli problemlər üzə çıxır. Hazırda Azərbaycanda 40 dövlət və 12 özəl universitet var. Bəs bu universitetlər öz potensiallarından nə qədər istifadə edə bilirlər? Təhsil sistemi tələbəyə, onun bilik və bacarıqlarının hərtərəfli inkişafına xidmət etməlidir, əzbər əsaslı yox, praktik biliklərə əsaslanan və uzunmüddətli dövrdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına xidmət etməlidir.  Hesab edirəm ki, özəl sektorda iş imkanlarının yüksək əksəriyyətinin paytaxtda mövcud olduğunu nəzərə alsaq, ali təhsil müəssisələrinin məzunları iş imkanları üçün burda toplandığını və bu da ölkənin kiçik bir hissəsində yüksək rəqabət mühiti yaratdığını görərik. Rəqabət yaxşıdır, ancaq təhsil sisteminin əmək bazarının tələblərini nəzərə almadan kadr yetişdirməsi kəmiyyət və keyfiyyət fərqləri yaradır. Bu, sadə bir iqtisadi qanundur: tələb və təklif=> çox sayda ixtisaslı kadr->yüksək rəqabət->aşağı əməkhaqqı”.
  K.Əsədov deyib ki, 2001-2023-ci illər arasında Azərbaycanda təhsil üçün ayrılan vəsait ümumdaxili məhsulun 20 faizdən 7.4 faizinə qədər düşüb, ümumi məbləğ hər il artmaqdadır. Amma bu vəsait doğru istiqamətdə yatırılmadıqda uzunmüddətli dövrdə öz nəticələrini göstərir: “Son akademik ildə Azərbaycandan 975 nəfər fərqli ixtisaslar üzrə təhsil üçün xaricə üz tutub. Əslində, bu yaxşı bir statistika olmalıdır, çünki xaricdə təhsil almış tələbə fərqli təcrübə və bacarıqları özündə cəmləşdirə, ölkə üçün çox dəyərli kadr rolunu oynaya bilər. Amma əgər əmək bazarı fərqli səbəblərdən gözləntiləri qarşılaya, özü-özünü yaxşıya doğru tənzimləyə bilmirsə, o zaman bu kadrlar başqa ölkələrə üz tutmalı olurlar.

  ABŞ-də dövlət bir tələbənin orta məktəb dövründə təhsili üçün ortalama olaraq hər il 14.000 dollar, ali təhsil təhsili üçün 35.000 dollar xərclədiyi, OECD ölkələrində isə orta və ali təhsil üçün bu rəqəmlərin uyğun olaraq 10.000 və 17.000 dollar olduğu hesablanıb. İnsan çox dəyərli bir kapitaldır. Və yaşadığımız cəmiyyətin hərtərəfli inkişafı üçün bu kapitala ehtiyacımız var. Bir sıra dövlətlər ixtisaslı kadrları yuxarıda qeyd etdiyim yüksək xərcləri çəkmədən cəlb etmək üçün fərqli siyasətlərə əl atırlar. Kanada, İsveçrə buna ən yaxşı nümunələr ola bilər. Yerli kadr sayı kifayət etmədiyi üçün hər il əmək bazarının tələblərinə uyğun olaraq müəyyən say limiti daxilində fərqli sahələrdə ixtisaslaşmış kadrlar üçün öz sərhədlərini açırlar. Burada keyfiyyətli təhsil sistemi və bazarda mövcud "görünməz əl" öz funksiyalarını yerinə yetirmiş olurlar. Sadəcə olaraq, məşğulluq strategiyasında əsas hədəf odur və başlıca məqsəd də məhz bu, olmalıdır ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşim əldə etsin. Bizdə bu rəqəm təxminən ildə 100 min nəfər təşkil edir. Bunun üçün isə 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər işçi qüvvəsi kütləsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi isə iqtisadi artım daimi xarakter daşımalıdır. Hər il 100 min işçinin müvafiq iş yerlərilə təmin edilməsi olduqca çətin vəzifədir. Lakin sahibkarlığı fasiləsiz olaraq inkişaf etdirməklə təhsilin səviyyəsini də buna uyğun təşkil edərək, ildə 100 min nəfərdən də çox işçi qüvvəsinə tələbat yaratmaq mümkündür. Hesab edirəm ki, iqtisadiyyatın tələbi nəzərə alınmalıdır. Təhsil sistemi buna uyğun qurulmalı və təşkil edilməlidir. Bu sahədə kredit siyasəti konkret olaraq iqtisadi tələblərə cavab verməli, əmək bazarındakı mövcud vəziyyətə uyğun həyata keçirilməlidir. Yoxsa bizdə ali təhsil ocaqları lazım gəldi və gəlmədi, ucdantutma məzun buraxmaqdadır. Əmək bazarı dolub daşır”.