Region universitetləri problemlər içindədir-Ekspert

Bölgələrdə çalışan müəllimlərin əməkhaqlarına ikili yanaşma tətbiq edilməlidir



  Ali təhsil müəssisələrində dərs deyən müəllimlərin əməkhaqlarının aşağı olması mövzusu zaman-zaman gündəmə gəlir. Xüsusən regionlardakı universitet müəllimlərinin əməkhaqları onları qane etmir.
Ümumorta təhsil müəssisələrində müəllimlərin əməkhaqlarının artırılması yönündə müəyyən imtahanlar keçirilsə də, bu addım ali təhsil müəssisələri üçün keçərli deyil.
  Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili  deputat Ceyhun Məmmədov da bu məsələni gündəmə gətirib. Ceyhun Məmmədov deyib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi sisteminə yenidən baxılmalıdır: “Bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun hesabına universitetləri saxlamağa çalışırlar. Belə olan halda universitetlər daha çox tələbə sayını artırmaq barədə düşünürlər. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə də baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır. Həyata keçirilən islahat nəticəsində orta məktəb müəllimlərinin maaşı artırılıb. Hazırda bir sıra ali təhsil müəssisələrində əməkhaqqı orta məktəb müəlliminin maaşından aşağıdır. Bu ziddiyyət aradan qaldırılmalıdır. Universitetlərin tədqiqatyönümlü fəaliyyətinin dəstəklənməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmalıdır”.
  
Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında bu problemin daha çox regionda fəaliyyət göstərən universitetlərdə yaşandığını deyib. 
Onun sözlərinə görə, bölgələrdə çalışan universitet müəllimlərinin əməkhaqları günün tələblərinə uyğun deyil: 
“Ölkədə fəaliyyət göstərən 51 ali təhsil müəssisəsinin 20-dən çoxu bölgələrin payına düşür. Etiraf edək ki, bölgədəki ali təhsil müəssisələrində çalışan işçilərin əməkhaqqı paytaxtla müqayisədə  xeyli aşağıdır. Bunun da bir neçə səbəbi var. Əməkhaqlarının ödənməsi vahid taariflə həyata keçirilsə də, bölgələrdə fəaliyyət göstərən universitetlərdə tələbələrin sayı az olduğuna görə müəllimlərin dərs yükü və dərs saatı Bakı ilə müqayisədə aşağıdır. Paytaxtda fəaliyyət göstərən universitet müəllimlərindən fərqli olaraq region universitetlərində işləyən müəllimlərin elmi dərəcələri də aşağı olur. Eyni zamanda əməkhaqqının yüksəlməsinə təsir göstərən digər amillər də olmur”. 

K.Əsədovun fikrincə, universitet müəllimlərinin əməkhaqlarına ikili yanaşma tətbiq edilməlidir: 
“Necə ki sərhəd bölgələrində xidmət göstərən hərbi qulluqçulara əməkhaqqı ikiqat verilir, o cümlədən də regionların sosial vəziyyətlərini nəzərə almaqla  bölgələrdə yerləşən ali məktəb müəllimlərinin də dərs yükü nəzərə alınmaqla onların əməkhaqlarının hesablanması qaydası müəyyən qədər dəyişməlidir. Bölgələrdə fəaliyyət göstərən 3 universitetin tələbə kontingenti Bakıdakı bir universitetin tələbəsi qədərdir. Bu da universitetlərin maliyyələşməsinə təsir göstərir”.