Qarabağ Universitetini ən yüksək bal toplayanlar seçəcək
"Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb. Fikrimcə, universitetin böyük kampusunun, yataqxana şəhərciyinin, laboratoriyaların yaradılması üçün əlverişli şərait var".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili, təhsil eksperti Etibar Əliyev deyib.
Deputat bildirib ki, Azərbaycanda yeni yaradılmış universitetlərin sürətli inkişaf modeli mövcuddur:
"Bura ADA Universitetini və Bakı Ali Neft Məktəbini aid etmək olar. Düşünürəm ki, Qarabağ Universitetinə də bu iki sürətli inkişaf etmiş universitetin təcrübəsi tətbiq olunacaq. Universitetin inşasını səbirsizliklə gözləyək. Məncə, müəyyən olunmuş ixtisasları ən yüksək bal toplamış abituriyentlər seçəcəklər. Güclü universitet güclü cəmiyyət deməkdir. Bəli, biz qələbəmizi insan kapitalına çevirəcəyik. Qarşımızda duran məqsədlərdən biri budur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elm və təhsilə verdiyi töhfələr artıq Xankəndiyə çatdı. Ölkənin akademik heyətinin əsas arzularından biri də baş tutdu. Ən keyfiyyətli dərsləri keçməyə hazırlaşaq...".