Ekspert: Buraxılış imtahanlarının martda keçirilməsi yanlış qərardır

Ekspertin fikrincə, bu, heç bir halda qəbul edilə bilməz

“Özümüzü onunla müdafiə etməməliyik ki, imtahan sualları yanvara qədər keçirilmiş mövzulardan olacaq”


  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hər il ali təhsil müəssisələrinə qəbul, eləcə də, buraxılış imtahanları keçirilir. Müşahidələrə əsasən görürük ki, imtahanların tarixi ildən-ilə qabağa çəkilir.
Qəbul və buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha tez keçirilə biləcəyi ilə bağlı yayılan xəbərlər ali məktəbə qəbulu hədəfləyən şagirdlərdə, həmçinin onların valideynlərində narahatlıq yaradıb. Valideynlər hesab edirlər ki, şagirdlərin həssas dönəmində imtahan tarixlərinin dəyişdirilməsi ilə bağlı yayılan açıqlamalar onlara psixoloji təsir edə bilər.
  Bəs, görəsən, imtahan tarixlərinin irəli çəkilməsinin səbəbləri nədir?
Dövlət İmtahan Mərkəzindən  AzEdu.aza verilən məlumata görə, imtahanlar əsasən həftə sonu keçirilir: “İmtahan qrafiki müəyyən olunarkən hər il bayram və istirahət günləri, istehsalat təqvimi, eləcə də, dövlət əhəmiyyətli digər kütləvi tədbirlər nəzərə alınır. Eyni zamanda hər hansı bir gün üçün imtahan iştirakçılarının sayı, həmin gün keçirilən müxtəlif təyinatlı digər imtahanlar, texniki şərtlər və s. məsələlərə diqqət yetirilir”.
Qeyd olunub ki, ötən il DİM tərəfindən 40 növ imtahan keçirilib və bu imtahanlarda 600 mindən artıq iştirakçı sayı qeydə alınıb.

  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında  ümumiyyətlə, mart ayında buraxılış imtahanlarının keçirilməsinin yanlış qərar olduğunu deyib. Ekspertin fikrincə, bu, heç bir halda qəbul edilə bilməz: 

“Özümüzü onunla müdafiə etməməliyik ki, imtahan sualları yanvara qədər keçirilimiş mövzulardan olacaq.  Həmin tarixlərdə məktəb proqramı yekunlaşmır, proqram bitmədiyi halda hansısa imtahanın keçirilməsi yanlışdır. İkinci səbəb imtahan tarixləri imtahana üç-dörd ay qalmış elan olunur ki, burada abituriyentlərin dərslik proqramını oxuyub bitirməsi üçün çox qısa bir zaman qalır. Bu səbəbdən şagird məcburən əlavə müəllim yanına üz tutur, hətta getdiyi müəllimin yanında saatını artırmaq məcburiyyətində qalır. Üçüncü səbəb şagirdin dərs prosesi pozulur, buraxılış imtahanını verən şagird artıq tədris ilinin digər hissəsindəki dərslərə etinasız yanaşacaq. 
  Bəli, real vəziyyət odur ki, buraxılış imtahanlarından sonra şagirdlərin dərsə davamiyyəti ciddi şəkildə azalır və imtahan verdiyi fənlərə marağı ciddi şəkildə azalır. Məsələn, 9 və 11-ci siniflər mart ayındakı buraxılış imtahanlarından sonra İngilis dili fənnindən mövzuları oxumurlar və yekun nəticədə dərsliklərdə olan mövzular mənimsənilmir. Həmçinin qüvvədə olan kurikulum standartları şagirdlərdə tədris ilinin sonunda zəruri bilik və bacarıqları formalaşdırır. Bu kompetensiyalar formalaşmadan imtahan həyata keçirmək doğru deyil”.