Məktəbəqədər təhsilin əhatəliliyi artırılır - Əhəmiyyəti nədir?

Lazımdır, gərəklidir

“Bu həm də, valideynlərin məşğulluq qabiliyyətini artırır ki, bu da öz növbəsində ölkənin ümumdaxili məhsuluna müsbət təsir göstərir”

  Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindəndir. Bu məqsədlə Nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur.
  Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ilk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da həmin istiqamətdə görülən işlərdən biridir.
Qeyd edilən proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə edir. İl ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.
  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, hazırda Azərbaycanda 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. Bu müəssisələrdə 1-5 yaş arası uşaqlar təlim-tərbiyə prosesinə cəlb edilir:

“120 minə yaxın uşaq məktəbəqədər təhsil pilləsinin təlim- tərbiyə pilləsinə cəlb edilib ki, bu da ölkə üzrə olan uşaq sayının 25 faizini təşkil edir. Kifayət qədər aşağı göstəricidir. Bu da məktəbəqədər təhsil müəssisələrinin sayının az olmasından irəli gəlir. Bu baxımdan Elm və Təhsil Nazirliyinin “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” layihəsi təqdirəlayiq haldır. Onu da deyim ki, Dövlət proqramı çərçivəsində məktəbəqədər təhsilin əhatəliliyinin 25 faizdən 50-yə qaldırılması nəzərdə tutulur”.
  Bir çox bölgələrimizdə məktəbəqədər təhsil resurslarının məhdud olduğunu vurğulayan K.Əsədov mövcud müəssisələrdə isə yerlərin az olduğunu deyib.
  "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” layihəsinə gəldikdə isə ekspert deyib ki, məktəbəqədər təhsil müəssisələrinin az olduğu və ya heç olmadığı yerlərdə fəaliyyət göstərən digər ictimai iaşə obyektlərinin, kitabxana, xəstəxana və məktəblərin bir neçə otağında alternativ məktəbəqədər təhsil xidmətini təşkil etmək olar. Hətta standartlara cavab verən şəxsi mənzillərdə belə bu işi təşkil etmək olar".
Məktəbəqədər təhsilin uşaqların gələcək həyatında mühüm rol oynadığını xatırladan K.Əsədov bildirib ki, təhsilin bu pilləsinə cəlb edilən uşaqlar bilik və bacarıq baxımından bu prosesdən kənarda qalanlardan daha yüksək akademik göstəricilərə malikdir: “Məktəbəqədər təhsil müəssisələrinin mövcudluğu və uşaqların bu pilləyə cəlb olunması eyni zamanda valideynlərin məşğulluq qabiliyyətini də artırır ki, bu da öz növbəsində ölkənin ümumdaxili məhsuluna müsbət təsir göstərir”.