Martın 3-də keçirilən buraxılış imtahanı: Vəziyyət necədir?

Maksimum nəticə toplayan şagirdlərin sayı əvvəlki illərlə müqayisədə daha çox olacaq

  Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. DİM-dən verilən məlumatda bildirilib ki, 30 şəhər və rayonda təşkil olunan imtahanda 52 min 267 şagird iştirak edib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
  Qeyd olunub ki, imtahanda ümumilikdə 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib: “Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən olunmuş şəxslərə fərdi nəzarətçilər təyin edilib. İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
  Təhsil eksperti Kamran Əsədov da “Sherg.az"a açıqlamasında martın 3-də keçirilən buraxılış imtahanını müsbət qiymətləndirib. Onun sözlərinə görə, maksimum nəticə toplayan şagirdlərin sayı əvvəlki illərlə müqayisədə daha çox olacaq:

“Mart ayının 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycanın orta ümumtəhsil məktəblərinin 11-ci sinifində təhsil alan 2000-ə yaxın şagird üçün keçirdiyi buraxılış imtahanları əvvəlki illərdən fərqlənirdi. Ən ciddi fərq ondan ibarətdir ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycan ərazilərində buraxılış imtahanları keçirilib. Bu, dövlətimiz və millətimiz üçün çox böyük xoşbəxtlik və qürurdur.
  İkinci yenilik isə ondan ibarətdir ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. Bu da kifayət qədər müsbət haldır. Bu isə o deməkdir ki, imtahan və qəbul stressi yaşayan şagirdlər bir aya yaxın vaxt ərzində nəticələrini gözləməyəcəklər. Test tapşırıqlarını müəllimləri, həmçinin DİM-in saytındakı etalonlarla yoxlamaqla topladıqları ilkin nəticələrlə bağlı məlumatlı olacaqlar.
  Biz də mütəxəssis olaraq sual kitabçaları əsasında 52 min şagirdin iştirak etdiyi buraxılış imtahanının ilkin nəticələrini təhlil etdik. Azərbaycan dili fənnindən olan test tapşırıqları orta ümumtəhsil məktəblərinin tədris proqramına uyğun idi. Kurrikulum məzmun standartları demək olar ki, reallaşmışdı. Xüsusi diqqət çəkən isə dilin qrammatik qaydalarını özündə əks etdirən yeni tipli suallar idi.
  Riyazi bilgilərlə bağlı test tapşırıqları da orta ümumtəhsil məktəblərinin tədris proqramına tamamilə uyğun idi. Artıq məktəblərin tədris proqramında mövcud olan məntiqi riyazi tapşırıqlar da buraxılış imtahanında şagirdlərə ünvanlanan test tapşırıqları arasında yer almışdı. Riyaziyyat fənnindən olan tapşırıqlarda da kurrikulumun məzmun standartları reallaşmışdı. Xarici dillə bağlı da vəziyyət kifayət qədər ürəkaçan idi. Sevindirici hal ondan ibarətdir ki, şagirdlərimizin ingilis dili ilə bağlı bilikləri sadəcə nəzəri deyil, onların praktiki bacarıqlarını yoxlamaq üçün dinlənmə tipli test tapşırıqlarından istifadə edilir. Mətn tipli test tapşırıqlarının işlənməsi də əvvəlki illərlə müqayisədə kifayət qədər yaxşı idi”.
  K.Əsədov deyib ki, martın 3-də buraxılış imtahanı verən şagirdlər pandemiya dövründə tədrisdən geri qalsalar da, boşluqların aradan qaldırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən kifayət qədər uğurlu addımlar atılıb: “2022 və 2023-cü illərdə keçirilən buraxılış imtahanları ilə müqayisədə builki imtahan nəticələrinin daha yüksək olacağını güman edirəm. Hətta maksimum nəticə toplayan şagirdlərin sayının çox olacağını proqnozlaşdırırıq. Bu qənaətə həm imtahandan çıxan şagirdlər arasında apardığımız sorğu, həm də Mərkəz olaraq test tapşırıqları üzərində apardığımız analizlər əsasında gəlmək olur. Tədris proqramına uyğun olan test tapşırıqları Dövlət İmtahan Mərkəzinin Test Bankında yer alan tapşırıqlara da uyğun idi. Ötən illərlə müqayisədə test tapşırıqları daha rahat idi. Onun da deyim ki, ümumilikdə 85 test tapşırığına cavab verən şagirdlərin toplayacağı maksimal bal 300-dür. Hər fənn üzrə toplanmalı bal isə 100 baldır”.