Ekspert: Bizə əsas ixtisas biliklərinə yiyələnmiş kadrlar lazımdır

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Xarici dil bilikləri ilə bağlı tələblərin sərtləşdirilməsinə ehtiyac yoxdur

“Çalışmalıyıq ki, elmimiz gəncləşsin. Tələbənin xarici dil biliklərinin olması, əlbəttə, müsbətdir. Amma ilk növbədə, tələbə öz ana dilini mükəmməl bilməlidir”
 
 
 Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb. Yeni proqramın hazırlanmasında məqsəd Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsidir. Bu, prioritet məsələ kimi müəyyən edilib. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə danışıb. M.Abbaszadə bildirib ki, belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək. DİM sədri “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqramın artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirildiyini qeyd edib.  “Proqrama müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib. Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR – The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib”. M.Abbaszadə qeyd edib ki, Azərbaycan dili bacarıqları üzrə imtahan verərək sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq. O bildirib ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” proqramı və imtahan modeli ölkədə və ölkədən kənarda azərbaycanca öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb: “Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlarda iştirakçılara sertifikat veriləcək. Gələcəkdə sertifikatların müvafiq səviyyələrinə malik olanların həmin sertifikatın qüvvədə olduğu müddətdə Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunması və buna uyğun normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur”, - deyə sədr əlavə edib.
 M.Abbaszadə orta ümumtəhsil məktəblərində xarici dil fənlərinin aşağı səviyyədə tədris olunduğuna da diqqət çəkib və qeyd edib ki, xarici dil imtahanları verən 9-cu sinif şagirdlərinin müvafiq bilik səviyyəsi A2-dir. O bildirib ki, 11-ci sinfi bitirən şagirdlərin xarici dil biliklərinin səviyyəsi isə B1-dir. “Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb. Mən istərdim ki, müsbət dinamika şagirdlərin riyaziyyat biliklərində də özünü göstərsin”, - deyə Məleykə Abbaszadə bildirib. 
 Qeyd etməliyik ki, ölkədə xarici dillərin öyrənilməsi, mənimsənilməsində ali təhsil ocaqlarının xarici ölkə ali məktəbləri ilə, həmçinin təhsil sahəsində fəaliyyət göstərən beynəlxalq cəmiyyətlərlə əməkdaşlıq da önəmli yer tutur. Bu günlərd\ə Almaniyanın aparıcı universitetlərinin professorları və Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramının nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar. Rektor professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə DAAD Tbilisi regional Ofisinin təmsilçiləri olan almaniyalı professorlara UNEC barədə ətraflı məlumat verilib. UNEC-in beynəlxalq əməkdaşlıq proqramlarından və həyata keçirilən layihələrdən söz açan rektor, universitetin müəllim və tələbələrinin DAAD proqramı çərçivəsində Almaniyanın müxtəlif ali təhsil müəssisələrində mübadilədə iştirak etdiklərini bildirib. O, Almaniya universitetləri ilə əlaqələrin daha da genişləndilməsində maraqlı olduğunu deyib. Sonra tərəflər arasında UNEC-in potensialının artırılması, eləcə də almaniyalı professorların UNEC-də tədrisə cəlb edilməsi, müəllim-tələbə mübadiləsi, müəllimlər üçün təlimlərin keçirilməsi, birgə tədqiqatların aparılması, konfransların təşkil edilməsi və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. 

 Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ali təhsil müəssisələrimizin xarici ölkə universitetləri ilə əlaqələr qurması, beynəlxalq əməkdaşlıq proqramlarında iştirak etmələri, əlbəttə, Avropa təhsil sisteminə inteqrasiya və dil bacarıqlarına yiyələnmək baxımından çox önəmlidir: 

-  DİM magistratura imtahanlarında ciddi dəyişikliklər edib. Başadüşüləndir ki, DİM-in dəyişiklikləri gələcək mütəxəssislərin, tədqiqatçıların bacarıqlarının inkişaf etməsinə yönəlib. Ancaq hesab edirəm ki, xarici dil bilikləri ilə bağlı tələblərin sərtləşdirilməsinə ehtiyac yoxdur. Bakalavr pilləsində təhsil alan heç də bütün tələbələr yüksək xarici dil təhsili almır. Bakalavr pilləsində xarici dillər yaxşı tədris olunmur. Bu cür imtahanlar onlar üçün əlavə yükdür. Və bu cür çətin imtahanlara ehtiyac yoxdur. Bizə əsas ixtisas biliklərinə yiyələnmiş kadrlar lazımdır. Elə etməliyik ki, daha çox gəncimiz təhsilin ali pilləsində təhsil ala bilsin, gənclərin təhsilin yüksək pilləsində təhsil alması təmin edilməlidir. Gənclərin elmə gəlməsinə töhfə verməliyik. Çalışmalıyıq ki, elmimiz gəncləşsin. Tələbənin xarici dil biliklərinin olması, əlbəttə, müsbətdir.  Ali təhsil müəssisələrinin xarici ölkə universitetləri ilə bu sahədə əməkdaşlığı alqışlanmalıdır. Amma ilk növbədə, tələbə öz ana dilini mükəmməl bilməlidir.  Azərbaycan dili bacarıqları üzrə səviyyələrin təyini müsbət haldır. Səviyyələrə uyğun olaraq sertifikatlara malik olanların Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunacağı da müsbətdir. Bu yenilik şagird və tələbələrdə ana dilini daha mükəmməl öyrənməyə marağı artıracaq.