Sosial media, yoxsa valideyn nəzarəti?

Bu gün hansı evə daxil olsaq, orada kiçik bir ekran qarşısında saatlarla vaxt keçirən bir uşaq görmək artıq adi hala çevrilib. Sosial media artıq təkcə böyüklərin ünsiyyət vasitəsi deyil, uşaqlar üçün oyun meydançasına, “məktəbə” və hətta dost çevrəsinə çevrilib. İlk baxışda bu, rəqəmsal dünyanın gətirdiyi rahatlıq kimi görünsə də, ekranın o tərəfindəki rəngli dünya uşaq psixologiyasında dərin izlər buraxa bilir.

Aparılan araşdırmalar göstərir ki, uşaqlar real həyatda qura bilmədikləri ünsiyyəti bəzən virtual “bəyənmə” və şərhlərdə axtarırlar. Bu isə onları tədricən canlı ünsiyyətdən, ailə süfrəsi arxasındakı səmimiyyətdən və həyətdəki real oyunlardan uzaqlaşdırır.

Məsələnin ən düşündürücü tərəfi isə budur ki, sosial media uşaqlara hələ hazır olmadıqları bir dünyanı təqdim edir. İnternetdəki məlumat axını və ideallaşdırılmış həyat tərzləri, süni gözəllik standartları onlarda özlərinə qarşı narazılıq yarada bilir. Uşaqlar öz həyatlarını başqalarının “parlaq” görüntüləri ilə müqayisə etməyə başlayırlar. Bu müqayisə isə bir çox hallarda daxili gərginliyə və özünəinamın azalmasına səbəb olur.

Bu barədə psixoloq Hüriyyə Alquliyeva daha ətraflı bildirib:

“Müasir dövrdə uşağın inkişafı ailə, yaxın mühit və rəqəmsal dünyanın kəsişməsində formalaşan mürəkkəb bir prosesdir. Bu inkişafı dörd əsas faktor - uşağın fərdi mizacı, ailə mühiti, sosial mühit (məktəb, dostlar) və rəqəmsal platformalar müəyyən edir. Xüsusilə sosial media uşağa sadəcə informasiya vermir, onun ehtiyac duyduğu dəyər və qəbul olunma hisslərini manipulyasiya edərək davranışlarını yönləndirir.

Əsas məsələ sosial medianın gücü deyil, uşağın ən güclü emosional bağının harada qurulmasıdır. Əgər uşaq ailədə diqqətdən kənarda qalırsa, daim tənqid olunursa və ya emosional tənhalıq yaşayırsa, sosial mediadakı riskli trendlərə və manipulyasiyalara daha açıq olur. Çünki rəqəmsal mühit çox vaxt mövcud psixoloji boşluqları doldurur.

Problemin həlli qadağalarda deyil, ailədaxili ünsiyyətin keyfiyyətindədir. Valideyn uşaqla mühakiməsiz ünsiyyət qurduqda, onun emosiyalarını dinlədikdə və tənqidi düşünmə bacarığını inkişaf etdirdikdə, sosial media ikinci plana keçir. Nəticə etibarilə, evdə özünü dəyərli hiss edən uşaq virtual dünyada saxta dəyər axtarmağa ehtiyac duymur.”

Bəs biz nə etməliyik? Texnologiyanı uşaqların həyatından tamamilə çıxarmaq artıq mümkün deyil, bəlkə də doğru da deyil. Amma biz onlara ekranın yalnız bir vasitə olduğunu, əsl həyatın isə pəncərənin o tərəfində - parkda, kitab səhifələrində və ailə ilə edilən söhbətlərdə olduğunu xatırlatmalıyıq.

Övladlarımızın rəqəmsal dünyada hansı yollarla getdiyini izləməli, onlara “bəyənmə” sayından daha vacib olan dəyərləri - səmimiyyəti, dürüstlüyü və real dostluğu öyrətməliyik. Unutmayaq ki, bir uşağın ən böyük ehtiyacı telefondakı bildirişlər deyil, valideynin ona ayırdığı keyfiyyətli vaxt və diqqətdir. Gələcəyimizi virtual dünyanın tozlu dumanından qorumaq elə bu gün atacağımız sadə addımlardan başlayır.

Südabə Mətanətli,

BDU-nun 4-cü kurs tələbəsi