İtən qırıcı... - Xəzər səssizdir, pilotun oğlu isə dörd gözlə atasını gözləyir - Özəl fotolar

Şahinimizin ailəsi, qohumları əzablı günlər yaşayır

24 iyul 2019-cu il - Azərbaycan hərb tarixində məşum gün kimi xatırlanacaq. 
Həmin gün saat 22:00 radələrində Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. 



Əlbəttə, məlum müdhiş və ya mübhəm olay Azərbaycan ictimaiyyətini sözün əsl mənasında silkələdi. Təyyarəni idarə edənin polkovnik-leytenant, öz işinin peşəkarı və sərrafı olan şahinimiz Rəşad Atakişiyev olması insanların sarsıntı dolu həyəcanını bir az da şiddətləndirdi. Bəli, məhz Rəşad Atakişiyev olması... O Rəşad Atakişiyev ki, Azərbaycan Ordusunun 100 illiyinə dair keçirilən möhtəşəm hərbi parad zamanı Bakı səmasında insanları heyrətləndirən uçuşlar, manevrlər etmişdi. Axı çoxları Rəşad Atakişiyevin bu sahədəki uğurlarına, onun şücaət və rəşadətinə yaxşı bələddir. Ona görə də bu dəhşətli hadisə cəmiyyətdə “Niyə Rusiya istehsalı olan MİQ-29, Niyə Rəşad Atakişiyev?” kimi müəmma dolu suallara yol açıb. İnanırıq ki, Azərbaycan Müdafiə Nazirliyi bütün sorğulara ədalətli, obyektiv cavab verəcək. Çünki pilotun axtarışına şəxsən müdafiə naziri general-polkovnik Zakir Həsənovun özü nəzarət edir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırır. Şahinimizin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. 




Hə, düz oxudunuz məhz xilas edilməsi üçün... 

Bu mənada ki, qəhrəmanımızın fenomenal bilik və bacarığa malik olması onun sağ qalma, sağ olma ehtimalını daha da artırır. Hər kəs onun sağ-salamat ailəsinə, vətəninə, öz işinin başına dönəcəyinə çox böyük ümid bəsləyir. O dəfələrlə bu cür müdhiş hadisələrlə üzləşib, son anda özünü, təyyarəsini çox böyük ustalıq və məharətlə xilas edə bilib. Axı o peşəkar idi.

"Rəşadı dörd gözlə gözləyirik!"

Onun həyat yoldaşı Könül Hüseynova da “Sherg.az”a açıqlamasında öz qəhrəmanının gəlişini dörd gözlə gözlədiklərini bildirdi: “Ailəmiz onu gözləyir. Nəysə danışmaq iqtidarında deyiləm. Ancaq Rəşadın evə sağ-salamat gəlişini səbirsizliklə gözləyirəm. Sizə onunla birlikdə müsahibəmizi verərik, inşallah. Nə deyim, bizə çox ağırdır!”.

Bundan sonra qəhrəmanımızın uşaqlığı, orta və ali məktəb həyatı, eyni zamanda fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandırmaq üçün atası Saləddin Atakişiyevlə əlaqə saxladıq.  


“Pilot ixtisasını seçdi"

“Sherg.az”a açıqlamasında atası Rəşadın uşaq vaxtı təbiətən çox sakit olduğunu söylədi: "Rəşad 9 aylığından qayınatamgilin himayəsində böyüyüb. Qayınatamın bir oğlu var idi və 30 yaşında rəhmətə getdi. Ona görə də bizim birinci uşaq olanda qayınatam istədi ki, o baxsın. Şəmkir rayonunun Qılıncbəyli kəndində yaşayırdılar. Orta məktəbə də həmin kənddə getdi. 10-ci sinfi bitirəndən sonra soruşdum ki, Rəşad, sənədlərini hara verəcəksən? Amma bir söz demirdi, gizlin saxlayırdı. Bir gün dedi ki, dədə, sənədlərimi hazırlamışam, Heydər Əliyev adına Ali Hərbi Məktəbə verəcəm. Beləliklə imtahanı verdi, qəbul olundu və 1-ci kursdan ixtisaslaşma oldu, pilot ixtisasını seçdi”. 

İşinin vurğunu olan qorxmaz şahin 

S.Atakişiyev qeyd edib ki, Rəşad işini çox sevirdi: “Bir dəfə aramızda belə bir dialoq yaşandı.  Dedim ki, təyyarə ilə səmada manevrlər edəndə cüzi də olsa, qorxu yaranırmı? Onda cavab verdi ki, ata, sən öz işindən qorxursan? Dedim yox. O da bildirdi ki, bəs mən nədən qorxmalıyam? Mən bu sahəni sevmişəm və ona görə də buranı seçmişəm". İşinin vurğunu idi.

"Rəşad tək sizin yox, vətənin itkisidir"


Qəhrəmanımızın atası diqqətə çatdırdı ki, Rəşad Atakişiyevin onu tanıyan hər kəslə çox yaxşı münasibətləri olub: - Hadisə baş verən gündən, qayınatası Qabil müəllim (sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli - red.), mən, qonşular yığılıb binanın qabağında otururuq. Bir nəfər polkovnik qonşusu var. O da bizimlə oturmuşdu. Dedi ki, ağsaqqal, Rəşad tək sizin yox, Azərbaycanın hərbi qüvvələrinin və vətənin itkisidir. Bütün qonşular bizə deyirlər ki, biz bu binada elə bir adam tapa bilmərik ki, onu Rəşada bənzədək.


"Telefonunun ekranında “Hər şey Vətən üçün” yazılırdı”





S.Atakişiyevin sözlərinə görə, Rəşad çox vətənpərvər insan olub: “Onun telefonuna zəng gələndə ekranında “Hər şey vətən üçün” sözü yazılırdı”.

"Böyük oğlu hönkür-hönkür ağladı"

Müsahibimiz deyir ki, R.Atakişiyevin böyük oğlu baş verənlərdən duyuq düşüb: “İndi Qabil müəllim yanımda oturub. Bayaq mənə danışır, ikimiz də ağlayırıq. Böyük oğlunun 7 yaşı var. Bir neçə gün qohumumuzgildə qaldı. İndi isə qayıdıb evə gəlib, girib hamamda hönkür-hönkür ağlayır (kövrəlir). Artıq məsələni dərk edir. Amma balaca o qədər də dərk etmir”.

"Babası Nəsir kişinin himayəsində böyüyüb"


Əfsanəvi pilotun qayınatası sabiq dövlət müşaviri və tanınmış politoloq Qabil Hüseynli də kürəkəninin həyat və fəaliyyətindən geniş söz açıb: “Rəşad Şəmkir rayonunun Alabaşlı stansiyasında dünyaya gəlib. Daha sonra isə babası Nəsib kişinin himayəsində böyüyüb. Nəsib kişi əslən cənubi Azərbaycandan idi. Bir neçə il bundan öncə rəhmətə getdi. Bağı-bağatı, kənd təsərrüfatı işlərini sevən, çox zəhmətkeş, abırlı, namuslu bir insan idi. Dəmir yolu stansiyasında işləyirdi. Onun xasiyyətinin bir çoxu elə Rəşada keçib. Nəsir kişi Rəşadın oxumasına şərait yaradıb, ondan heç nəyini əsirgəməyib. Onun kiçik bir həyətyanı təsərrüfatı var idi və orada bəlkə də, 50 cür meyvə yetişdirirdi. Həmin kəndin torpağı çox münbit sayılırdı. Rəşad orta məktəbdə oxuyandan ali məktəbə qədər hamiliyi Nəsir kişi edib. Nəsir kişi düzgün adam olduğundan onun bir çox xarakterik cəhətləri, düzgünlük, harama göz dikməmək, hər şeyi halal zəhməti ilə etmək, əməyə məhəbbət - bütün bunların hamısı Rəşadda uşaqlıq vaxtlarında formalaşıb. O, məktəbdə oxuya-oxuya babasının yaxın köməkçisi idi.
Rəşad ali hərbi məktəbdə oxuyanda da babası ona maddi və mənəvi dəstək olub. Rəşad da bu əziyyəti yüksək dəyərləndirərək onlara arxa-dayaq durub. Rəşad bütün təsərrüfat işlərini gözəl bilirdi. Artıq orta məktəbdə oxuyandan "santexnika"dan tutmuş bir sıra təmir işlərini görürdü. Güclü mühəndis təfəkkürünə malik idi. O həmişə uşaqlıqda babasına təyyarəçi olacağını deyirmiş. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyanın Aviasiya şöbəsinə sənədlərini verir və imtahanlardan müvəffəqiyyətlə keçərək həmin məktəbə daxil olur. Akademiyada da oxuması və dərslərə münasibəti ilə seçilir. Əlaçı olduğu üçün akademiyanın son kursunda təlim keçərkən qabiliyyət və bacarığını göstərir. Beləliklə, ilk dəfə təlim təyyarəsinə oturur və təyyarəni müstəqil idarə etməyi bacarır. Rəşadın öz hədəfi qırıcı təyyarəçilik idi və qırıcı təyyarəçilik korpusuna təyinatını alır. Təxminən 10 il bundan əvvəl orada işləməyə başlayır”. 

"Təyyarədən düşən kimi polkovnik-leytenant rütbəsi verildi"




Sabiq müşavir deyib ki, Rəşad hər şeyi çox tez mənimsəyirdi: “Həmişə çalışardı ki, təyyarənin bütün hissələri haqqında məlumat əldə etsin. Texnikin ən mühüm keyfiyyətlərindən biri o idi ki, təyyarə uçuşdan əvvəl hazırlanır, bütün hissələri yoxlanılır, nöqsan varsa, aradan qaldırılır və təyyarəçiyə təhvil verilir. Amma onda bu xüsusiyyət yox idi ki, texnikin verdiyi akta qol çəkib təyyarəyə otursun. O, ən azı 40 dəqiqə, 1 saat tez gəlirmiş və yenidən təyyarənin bütün hissələrini bir-bir özü yoxlayıb müəyyən detallara baxırmış. Sanki təyyarəni özü yenidən təmirdən keçirirmiş. Özü inanadan sonra təyyarəyə əyləşirmiş. O, uçuş sirlərini qısa müddətdə mənimsəyib, havada müxtəlif manevrlər etməyi və təhlükəni dəf etməyi bacarırdı. Təyyarəni yan və arxası üstə çevirirdi, aşağı endirib, yenə də sürətlə şaquli istiqamətdə qaldırırdı. Təyyarənin buraxdığı maddə ilə havada ürək və bayraq şəkli çəkirdi. Hətta Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda da bu gedişləri nümayiş etdirdi. Ondan sonra Rəşada təyyarədən düşən kimi dərhal polkovnik-leytenant rütbəsi verildi. Hərbi Hava Qüvvələrinin komandanı da Rəşadın təyyarəsində oturmuşdu və Azərbaycan bayrağını onun təyyarəsinə taxıblar. O təyyarə birinci hərbi hava qüvvələrinin parad çıxışını edib. 

"Rusiyaya getməmişdi və getmək də istəmirdi"


Q.Hüseynli bəyan edib ki, şahinimiz Türkiyədə də təcrübə keçib: “Türk pilotlar ona etibar edirdi. Rəşad Türkiyə və Azərbaycanın “Türkaz” deyilən hərbi təlimlərində iştirak üçün 3 dəfə Konya şəhərində olub. Türkiyədə F-16  təyyarəsini idarə etməyi də ona həvalə ediblər. F-16-nı kifayət qədər mənimsəmişdi. O, Türkiyədən başqa heç bir ölkədə təcrübə keçməyib. Rusiyaya getməmişdi və getmək də istəmirdi. Yalnız Türkiyədə 3 dəfə təcrübədə olmuşdu və orada da F-16-nı öyrənirdi. Çox şeyi öz hərbi hissələrində öyrənirdi.  Rəhbərlik də ona böyük etimad göstərirdi. Onun inkişaf etməsi üçün yaxşı şərait yaradırdı. Rəşad həmişə öz üzərində çalışırdı. Bədii ədəbiyyatdan tutmuş hərbi təyyarələrə dair kitabları həmişə oxuyurdu. Onlarda çox ciddi rejim var idi. Məsələn, həmişə onlara dərs keçirdilər, sağlamlıqlarının möhkəmlənməsi üçün müəyyən imtahanlar verirdilər. Bu imtahanları verməli idilər, müəyyən qədər məsafəni qaçmalı idilər”.

Üzməyi də çox gözəl bacarıb

Həmsöhbətimiz diqqətə çatdırıb ki, şahinimiz üzməyi də çox gözəl bacarıb: “Elə olurdu ki, 2 saat gedib dənizin lap dərinliklərində üzürdü. Biz qorxurduq, amma dənizdən çıxan kimi isə deyirdi ki, qorxmayın, mən üzürəm, yorulanda, arxası üstə çevrilib dincəlirəm. Çox cəsarətlə üzürdü, onun dənizdə batması demək olar ki, qeyri-mümkün idi. O, dənizdə məharətlə manevr etməyi bacarırdı”. 
Ailəsinə mehriban idi, uşaqlarını hədsiz çox istəyirdi


Q.Hüseynli söyləyib ki, Rəşad çox yumşaq xasiyyətli adam idi: “Nizam-intizamı çox sevirdi və kollektivdə də böyük hörmət qazanmışdı. Komandiri deyirdi ki, hansı işə buyursaq, Rəşad ona baş üstə deyir və o işi layiqincə yerinə yetirirdi. Onun bir dəfə də olsun nəyəsə etiraz etdiyini görməmişik. Onların iş günləri bəzən ağır olurdu. Bəzən həm gündüz, həm də gecə uçuşlar olurdu. Bu, çox böyük həyəcan və əsəb keçirmək demək idi. Ailəsinə qarşı da mehriban idi. Uşaqlarını hədsiz çox istəyirdi. İki oğlu var. Biri 7, digəri isə 3 yaşındadır. Uşaqlara müxtəlif uydurmalar söyləməklə yola veririk. Böyük oğlunu bir qohum var, onlara göndərdik. Bir neçə gün orda qaldı. Sonra mənim yaşadığım evə gətirdik, burada da qalmadı. Elə bil nəyisə duyub. Elə hey deyirdi ki, evimizə getmək istəyirəm. Danışanda isə qulağını şəkləyir və müxtəlif suallar verir. Sanki, nəyisə başa düşüb, amma dəqiqləşdirə bilmir. Elə bil bu olanları bilir, amma ifadə etmək, inanmaq istəmir. Çox ağır və psixoloji bir durumdur. Böyük uşaq çox əzab çəkir”.

"İş yerində hamı onu çox istəyirdi"

“Adətən bizdə belədir ki, kimsə inkişaf edəndə, tanınanda ona qarşı müəyyən xəyanət və ya təxribat törətməyə çalışırlar. Bəs, Rəşada qarşı da belə bir davranışlar var idimi” sualına gəlincə, müsahibimiz dedi ki, belə şeylər olsa belə, Rəşad onu onlara deməzdi: “Amma mən hiss edirdim ki, iş yerində hamı onu çox istəyirdi və böyük hörməti var. Rəşad vətənpərvər adam idi. O vətənpərvərliyi övladlarına yansıtmağa çalışırdı. Onlara müxtəlif kitablar alırdı və izah edirdi. Riyaziyyatı çox gözəl bilirdi. Hələ balaca uşağa da riyaziyyatı öyrətməyə çalışırdı. Rəşad həm də çox yaxşı futbol oynayırdı. Yay mövsümündə dənizə çox gedirdi. Dənizdə üzməyi sevirdi. Boş vaxtlarında çoxlu gəzirdi. 


"Aprel döyüşlərində təyyarəsini söndürüblər, lakin..." 


“Rəşadın iş həyatında yaşadığı təhlükəli uçuşlarla bağlı sizə hər hansı xatirə ərz edibmi“ sualına müsahibimiz  olduqca maraqlı cavab verdi:
“2016-cı ilin aprel döyüşlərində MİQ-29-la səs effekti yaratmaqla düşməni çaşdırmağa çalışıblar. Həmin an qurğunu söndürmək istəyiblər və Rəşad görüb ki, sistem işləmir. Havada manevr edərək öz ərazimizə keçmək üçün sistemi yenidən işə salmağa müyəssər olub. Bu onun üçün kifayət qədər həyəcanlı və çətin məqam olub. Bunu özü danışmışdı. Amma bu hadisə ilə bağlı elə məqamlar var ki, onları deyə bilmirəm”.


Hazırladı: Yeganə Bayramova, Ayyət Əhməd