Millət vəkili: "Cümhuriyyət xadimlərinin istəkləri və arzuları həyata keçirilib"

“Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin Dan Ulduzu oldu. Azərbaycan tarixində Cümhuriyyətin tutduğu yeri və oynadığı rolu bilməkdən ötrü dövlətin elanına və həyata keçirdiyi tədbirlərə nəzər yetirmək lazımdır”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, sovet dövründə Cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi:

“Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura-Parlament dururdu. Azərbaycan parlamentli respublika idi.

Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir. Cümhuriyyətimizin 102 illiyi ilə bağlı tədbirlər həyata keçirilir”.

M.Qasımlı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi:

“Buna görə də yeni yaranan hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yürütməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya ingilis generalı U.Tomson başda olmaqla noyabrın 17-də müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.

Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Onlara zülmətdən xilas olmağın yolunu göstərdi, ürəklərində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaq üçün müraciət etmişdilər. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülüm altında inləyən xalqlarının olmaması eyni zamanda Cümhuriyyətin təsiridir.
Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaraq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır”.

Deputatın sözlərinə görə, Cümhuriyyət xadimlərinin istəkləri və arzuları həyata keçirilib:

“Azərbaycan xalqı dövlət müstəqilliyinə nail oub. Azərbaycan Respublikası Cümhuriyyətin varisidir. Ərazilərinin bir hissəsinin işğal altında qalmasına, qaçqın və məcbur köçkünlərin olmasına baxmayaraq, möhtərəm cənab Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti daxili və xarici siyasətdə çoxlu uğurlar qazanıb. Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, xüsusi yeri və rolu olan dövlətdir. Xalqımızın və dövlətimizin çox yaxşı gələcəyi var”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu