Aksiyalar səngiməsin ! - “Fransa xalqı Makronun əleyhinə səs verənədək davam etsin!” 

“Fransa prezident səhvini başa düşməli, üzr istəməlidir”

“Və dini mövqeyinə görə kimisə tənqid etməyin, ona təzyiq göstərməyin yanlış olduğunu anlamalıdır”



Bir qrup müsəlman Rusiyanın Moskva şəhərində, Fransa səfirliyinin qarşısında “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturasının nəşrinə görə mitinq keçirib. “İnterfaks”ın müxbirinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları  aksiyanı dayandırıblar.  Etirazçıların əksəriyyəti tez bir zamanda uzaqlaşdırılıb. Qalanlar növbə ilə peyğəmbərin xatirəsinin qorunmasını ifadə edən pankart ilə səfirliyin önündə etirazlarına davam ediblər.



Politoloq, ADP sədrinin müavini Həsrət Rüstəmov aksiyalarla bağlı “Sherg.az”a fikirlərini bildirib: 

“Dini cameəni qıcıqlandıra biləcək bəyanatlara yol vermək olmaz. Xüsusilə də dövlət başçıları səviyyəsində. Bilirsiniz ki, Makron özünü qeyri-ciddi aparır. O, müsəlmanlara qarşı qərəzli olduğunu dəfələrlə sübut edib.

Hazırkı fikirləri də açıq-aydın tənqiddir. Odur ki, belə aksiyaları obyektiv qarşılayıram. Mitinqlər davam etməlidir. Və bu, bütün ictima-siyasi şəxslərə dərs olmalıdır.

Əslində İslam tərəfdarları məsələyə vaxtında reaksiya vermədilər. Səbəb isə müəyyən qüvvələrin müxtəlif dünya ölkələrində ayrı-ayrı problem və bəhanələrlə müsəlmanların başlarını qatmalarıdır.

Amma dediyim kimi, aksiyalar səngiməməlidir. Ta ki, Fransa xalqı Makronun əleyhinə səs verənədək. Bunu real hesab edirəm. Fransada üç milyondan çox müsəlmanın yaşadığını və xristianların heç də hamısının dini dözümsüzlüyə malik olmadığını nəzərə almaq lazımdır.

Prezident səhvini başa düşməli, üzr istəməlidir. Və dini mövqeyinə görə kimisə tənqid etməyin, ona təzyiq göstərməyin yanlış olduğunu anlamalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu