“Türkiyə terroru bitirmək məsələsində də son dərəcə qətiyyətlidir” - Türkiyəli professor

“Türkiyə Fərat çayının şərqinə ordusunu yeridəcək. Hazırda buna mane olacaq bir güc yoxdur”.  

Bunu “Sherg.az”a açıqlamasında Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib. 

Professor bildirib ki, Vaşinqton bu reallığın fərqində olduğu üçün Amerikalı əsgərlərin Fərat çayının ətrafında olma ehtimalını irəli sürür: 

“ABŞ öz əsgərləri üzərindən Türkiyə ilə sövdələşməyə çalışır. Ağ Ev bölgədə hər hansı ABŞ-Türkiyə qarşıdurmasından ehtiyat edir. Vaşinqton Ankara hökumətini razı salmaq üçün bazarlıq etməyə ən yüksək səviyyədən başlayır və amerikalı rəsmilər ard-arda açıqlamalar verirlər. 

Məlumdur ki, Fərat çayının şərqində hərbi əməliyyat keçirmək Soçi görüşündə alınmış qərarla bağlıdır. Türkiyənin Suriyadakı hərbi əməliyyatlardan vaz keçməsi ancaq və ancaq bölgənin terrorçulardan təmizlənməsindən sonra mümkündür. 

Əgər tərəflər arasında gedən müzakirələr müsbət nəticə verərsə və Suriyada “təhlükəsiz ərazi” formalaşarsa, o zaman türk ordusu sözügedən bölgəyə girməz”. 

Analitik bildirib ki, mülki şəxslərə ziyan gəlməməsində böyük həssaslıq nümayiş etdirən Türkiyə terroru bitirmək məsələsində də son dərəcə qətiyyətlidir: 

“Amerika Yaxın Şərqdə terrorçulara dəstək verən bir ölkə imici formalaşdırıb. Hərbi əməliyyatları zəruri edən bir çox amillər var. YPG-PYD və PKK terror qruplaşmaları Fərat çayının şərqində özlərinə “sərhəd” müəyyənləşdiriblər. Terrorçular bölgə əhalisinə zülm edir, insanlardan zorla xərac toplayırlar. 

Nəticədə sakinlər başqa yerlərə köçməyə məcbur olur və ərazi boşalır. Türkiyənin bu kimi hallara göz yumması mümkün deyil. Ona görə də hərbi əməliyyat qaçılmazdır”.