Mediada istinad məsələsi xüsusi mexanizmlə tənzimlənməlidir - AKTUAL

Vəziyyət o həddə çatıb ki, müsahibə və reportajlar da istinadsız dərc olunur



“Bu məsələlərdə cəzasızlıq yazıların daha böyük miqyasda oğurlanmasına gətirib çıxaracaq. Təkcə ictimailəşdirməklə iş bitməməlidir”



Müasir Azərbaycan mediasının bəlkə də ən ciddi problemi istinad mədəniyyətinin formalaşmamasıdır. Xüsusən elektron mediada istinad məsələsi aktual bir problemə çevrilib. Portalların dünya praktikası ilə ayaqlaşmaq cəhdi təqdirəlayiq hal olsa da, istifadə olunan informasiyalara istinad olunmaması xəbər yayıcısının peşəkarlığını kölgə altına salır. Hazırda gündəlik xəbər yayan informasiya saytlarında məlumatların əksəriyyəti istinadsız göstərilir. Ən mənfi cəhət isə odur ki, bu sahədə problem ötən illərdə necə idisə, bu gün də eyni vəziyyət hökm sürür. Eyni məlumatın müxtəlif saytlarda istinadsız yayılması isə mübahisələrə səbəb olur. Həmin xəbərin ilk dəfə hansı saytda və ya qəzetdə dərc olunduğu ətrafında söz-söhbət sosial şəbəkələrdə qarşılıqlı ittihamlara yol açır, hətta bəzən təhqirlərə də yol verilir. Ancaq bu, təkcə şəbəkə söhbəti deyil, həm də peşəkarlıq məsələsi və müəllif hüququnun pozulmasıdır. 

Xüsusən son vaxtlar bəzi həmkarlarımız “istinad mədəniyyəti” ifadəsindən geninə-boluna istifadə edirlər. Bəzi saytlar tirajladığı informasiyanı başqa bir mənbədən götürdükləri halda, xəbəri yayımlayan mənbəyə istinad etməyi ya özlərinə sığışdırmır, ya da görməməzlikdən gəlirlər. İstinad mədəniyyətinin pozulması problemi ilə əksər hallarda cəmiyyətdə nüfuzu olan, geniş oxucu auditoriyası ilə sayılıb-seçilən agentliklər, xəbər portalları üzləşirlər. Dünya mətbuatında qəbul olunmuş təcrübə isə belədir: - Hər hansı KİV digərindən məlumat götürərək, bu məlumatı öz qəzetində, jurnalında, internet saytında və s. yerləşdirirsə, mütləq məlumatın ilkin mənbəyinə istinad edir. Bu normaldır və çox yaxşı təcrübədir. Əlbəttə, insanlara lazım olan informasiyanın daha sürətlə çatdırılması mühüm amildir. Amma bu, o demək deyil ki, başqa bir mətbu orqanın informasiyasını özününküləşdirib, nöqtə, vergülünə belə dəymədən öz adına çıxmaq olar. Auditoriya kimin nə söylədiyi, informasiya və fikirlərin haradan qaynaqlandığı barədə açıq siqnal almalıdır. Əks halda, auditoriyada fakt, şərh və rəy arasında çaşqınlıq yarana bilər. Əfsuslar olsun ki, 90-cı illərdən, yəni müstəqil media formalaşandan bəri bu məsələ müzakirə olunsa da, indiyə qədər həllini tapmaq mümkün olmayıb. 



Mövzunu “Şərq”ə dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib ki, Azərbaycan mediasının ilkin mənbədən informasiya almaq imkanları çox zəifdir: 

“Biz istədiyimiz dövlət qurumlarından, yaxud ictimai qurumlardan məlumat almaqda problemlərlə üzləşirik. Peşə fəaliyyətimizi yerinə yetirərkən qarşılaşdığımız ən ciddi problem ilkin mənbədən informasiya almaqdır. “İnformasiya əldə etmək haqqında” qanunda bununla bağlı konkret müddəalar var. Ancaq bu qaydalar gözlənilmir. Bu, ciddi problemdir və dəfələrlə gündəmə gətirməyimizə baxmayaraq, həllinə nail ola bilmirik. Dünyanın hər yerində qəzet və saytların gün ərzində istehsal etdikləri məhsulun təxminən yarıdan çoxu onların öz məhsulları olur. Nüfuzlu media qurumları xəbər üçün başqa saytlarda gəzişmirlər, özlərinə məxsus informasiyalar hazırlayırlar. Amma Azərbaycanda iqtisadi səbəblərdən KİV-lərdə gedən informasiyaların 80-90 faizi ümumi məlumatlar olur. Onları da böyük informasiya agentlikləri və qurumların mətbuat xidmətləri təqdim edir. Əslində bu, normal hal sayılmır”. 

Y.Məmmədlinin sözlərinə görə, bütün saytlarda xəbərin eyni formada olması doğru deyil: 

“Səbəbi odur ki, media orqanlarının müxtəlif qurumlarda jurnalist saxlamağa maddi imkanları çatmır. Belə imkan olsaydı, həmin müxbirlər özəl informasiyalar hazırlayardılar. Jurnalistlərimizin özəl informasiyalar hazırlamaq imkanları çox azdır. Ona görə də tirajımız və oxucularımız azdır. Əlbəttə, bu durum bizə haqq qazandırmır. Ancaq vurğulamaq lazımdır ki, sadəcə istinadla sayt işlətmək, bütün xəbərləri istinadla vermək də doğru deyil. Çünki belə çıxır ki, bir nəfər əziyyət çəkib xəbər hazırlayır, digər saytlar ona istinad edərək dolanırlar. Belə də olmaz”. 



Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə də “Şərq”ə bildirib ki, Azərbaycan mətbuatında istinad problemi danılmaz faktdır: 

“Biz təkcə gündəlik informasiyaların deyil, hətta müsahibələrin, reportajların da istinad edilmədən müxtəlif saytlarda yerləşdirildiyinin şahidi oluruq. Bu isə haqlı narazılığa səbəb olur. Jurnalistlər biri-birlərinin əməyinə hörmət etməlidirlər. Heç kimin ixtiyarı yoxdur ki, mənim müxtəlif mənbələrdən dəqiqləşdirdiyim özəl xəbəri istinadsız yaysın. Amma bu məsələdə ifrata varmaq olmaz. Gənclər və idman naziri Azad Rəhimovun Polşaya səfəri özəl xəbər deyil. Belə xəbərləri nazirliklər vaxtında öz saytlarında yerləşdirməlidirlər ki, mətbuat faydalana bilsin. Sosial şəbəkələrdə istinad üçün “saçyoldusuna çıxan” elə adamlar var ki, sınıq-salxaq kompüterindən başqa heç nəyi yoxdur. Onun işi-gücü başqalarının xəbərlərini çırpışdırmaqdan ibarətdir. Belə adamların istinad mədəniyyətindən dəm vurması yersizdir”.

S.Verdizadə bəyan edib ki, informasiya mənbələrinin çoxu üzümüzə qapalıdır: 

“Azərbaycanda heç bir KİV-in Pentaqondakı gizli mənbələrə istinadən özəl məlumat yaymaq imkanı yoxdur. Yardımlıda ot tayasının yanmasıyla bağlı xəbərin birinci hansı saytda getməsi isə mətbuat hadisəsi deyil. Həmkarlarımın belə məsələlərə enerji sərf etməsinə görə təəssüflənməyə bilmirəm. Müsahibələri, reportajları, araşdırma materiallarını yayarkən mütləq ilkin mənbəyə istinad olunmalıdır. Təkcə saytın və ya qəzetin deyil, həm də jurnalistin imzasının saxlanılmasının tərəfdarıyam. Biz jurnalistlərin sahib olduğu ən böyük sərvət imzalarımızdır. Jurnalistin imzasının itməyinə imkan vermək olmaz. Tez-tez iş yerini dəyişən peşə sahiblərinin sırasına jurnalistlər də daxildir. Ancaq illərlə əziyyət çəkib tanıtdığımız imzamızın hesabına gələcəkdə işsizlik problemindən sığortalana bilərik”.



“Milli.az” xəbər portalının baş redaktoru Anar İmanov da qəzetimizə açıqlamasında vurğulayıb ki, onun üçün istinad - hörmət məsələsidir: 

“Əgər kimsə özünə hörmət edirsə, o zaman başqalarına da, onların zəhmətinə də hörmət edəcək. Yox, əgər o şəxs xəbəri oğurlayıb, istinad etmirsə, o zaman ilk növbədə özünə hörmət etmir. Mənim üçün də o şəxs həmkar deyil, oğrudur. Təsəvvür edin, hansısa jurnalist araşdırma aparır, tərcümə edir, vaxtı gedir, məqalə yazır və bu yazı yayımlanandan bir qədər sonra kimsə onu oğurlayaraq istinadsız işlədiyi mətbu orqanda dərc edir. Mənə görə, bunun adı oğurluqdur və bununla məşgul olmaq jurnalistika deyil. Bu məsələdə tənzimləmə mexanizmləri fikirləşmək lazımdır. Oğru cəzasız qalmamalıdır. Bu məsələlərdə cəzasızlıq xəbərlərin daha da böyük miqyasda oğurlanmasına gətirib çıxaracaq. Təkcə ictimailəşdirməklə iş bitməməlidir. Bu kimi halların cəzası da olmalıdır, yetər ki, media əhli bunu istəsin. Fikrimcə, əgər xəbər oğruları cəzalandırılsa, bütün həmkarlarımın ürəyincə olacaq”.



“Pia.az” saytının baş redaktoru Azər Qaramanlı isə söyləyib ki, istinad məsələsi hər şeydən əvvəl mədəniyyət məsələsidir: 

“Əgər kimsə başqasının müəllif haqqını mənimsəyirsə, bu, hər şeydən əvvəl mədəniyyətsizlikdir. Həm də hüquqi məsuliyyət yaradır. Düzdür, bəzən belə hallar bilmədən də olur və bu da nəzərə alınmalıdır. Başqasının xəbərini dəqiqləşdirmə ilə versək belə, xəbərin ilkin mənbəyə olan hissəsinə istinad verilməlidir və bu mütləqdir. İstinad, müəllif hüququ ən kiçik xəbərə də aiddir, təkcə araşdırma və müsahibələrə deyil. Hesab etmirəm ki, istinad məsələsi vicdani bir yanaşmadır. Bir daha qeyd edim ki, bu hal hüquqi məsuliyyət daşıdığına və müəlliflik hüququ qanunla tənzimləndiyinə görə vicdani yanaşma bu məsələdə rol oynaya bilməz. Çünki burada xoş məramdan deyil, qanunla məcburi hala gətirilən məsələdən söhbət gedir”. 

Baş redaktorun fikrincə, istinad xüsusi mexanizmlə tənzimlənməlidir: 

“Sadəcə qanunla tənzimlənən istinad məsələsi bütün hallarda məcburi xarakterlidir və bu, birmənalı olaraq belə qəbul olunmalıdır. Buna riayət etməmək və bilməyərəkdən baş verdikdə üzr istəyib istinadı bərpa etməmək sadəcə oğurluqdur”.