Dərsə davam ya tamam...? – Nazirlik sözçüsü danışdı 

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ölkənin bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Azərbaycanda valideynlər və müəllimlər koronavirus təhlükəsinə görə, təhsil müəssisələrinin bağlanması tələblərini səsləndiriblər. Və nəticədə bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb.

Maraqlıdır, görəsən Təhsil Nazirliyi buraxılan dərsləri necə kompensasiya edəcək? 



Sualımızı cavablandıran  Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Sherg.az"a açıqlamasında bunları deyib:

 “Bu barədə indidən nə isə demək tezdir. Tətil günlərinin necə kompensasiya ediləcəyi hələ ki, müzakirə olunur. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.