“Hamı həmrəylik nümayiş etdirir, radikal müxalifət isə...”

“Bu xoşməramlı kampaniyaya qoşulmaq və bunu alqışlamaq əvəzinə iyrənc məqsədlərə əl atır”

“Onlar Azərbaycan dövlətinin və millətinin düşmənləridir”


“Dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir”. Bunu Prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib. Dövlət başçısının sözlərinə görə, koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır:

“Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıb”.

Dövlət başçısının vurğuladığı məsələ ilə bağlı “Sherg.az”a danışan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, həqiqətən də bu cür şəxslərin Azərbaycan vətəndaşı olması, bizim millətə məxsus qan daşıdıqları şübhəlidir: 

“Əlbəttə, müxalifət hansısa iqtisadi problemdən dolayı hökuməti ittiham edə bilər. Amma koronavirus pandemiyası kimi ümumbəşəri bir problemə, dünyanı cənginə almış bir bəlaya görə, birbaşa hökuməti əsassız yerə suçlamaq vicdansızlıqdır. 160-dan çox ölkədə pandemiya var. Milyonlarla insan koronavirusdan əziyyət çəkir. Dünya əhalisinin yarısı izolyasiya vəziyyətində yaşayır. Əgər belə bir məqamda radikal qüvvələr öz siyasi maraqlarını güdürsə, bu bəladan da özlərinə xal qazanmaq, ölkədə çaxnaşma yaratmaq istəyirsə, deməli, onlar insanlıqdan məhrum olublar. Bu qədər şər-böhtan və həyasızlıq bizi çox məyus edir. Açıq şəkildə demək lazımdır ki, onlar Azərbaycan dövlətinin və millətinin düşmənləridir. Görürsüz, ölkədə dövlət qurumları, iş adamları, gənclər təşkilatları, hər kəs gücü çatdığı qədər könüllü yaşı 65-dən yuxarı olanlara, sosial vəziyyəti zəif olan adamlara yardım kampaniyaları həyata keçirirlər. Hamı həmrəylik nümayiş etdirir, əlindən gələn köməyi əsirgəmir. Radikal müxalifət bu xoşməramlı kampaniyaya qoşulmaq və bunu alqışlamaq əvəzinə iyrənc məqsədlərə əl atır”.