Savab adı ilə günah qazananlar: “ İftar süfrəsini çəkib paylaşmaq...”

“Başqası  niyə həmin süfrəyə həsrətlə baxmalıdır?” 

“İftar süfrəsinə quş südünə kimi hər cür ərzağı qoymaq israfçılıqdır. İsrafçılıq isə günahdır”



Ramazan  ayı  başlayandan  sosial  şəbəkələrdə  qəribə  bir tendensiya  müşahidə  olunur.  Oruc tutanların bir qismi iftar süfrəsinin fotosunu çəkərək paylaşırlar. Əgər oruc Allah yolunda tutulursa, daha bu cür əməllərə, göstərişə nə ehtiyac var? Axı iftar süfrəsini çəkib paylaşmaq orucu başqası üçün tutmaq deməkdir.  İkinci bir tərəfdən də, ola bilər, süfrənin fotosunu görənlərin imkanları zəifdir. Onların müxtəlif naz-nemətlərlə dolu süfrələr açmağa maddi gücləri çatmır.  Elə isə fotonu paylaşan şəxs savab adı ilə günah qazanmırmı?


 Sözügedən tendensiyaya dair “Sherg.az”a açıqlama verən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Camal Əzimbəylinin fikrincə, bu,  düzgün deyil: 

“Ramazan mərhəmət, şəvqət ayıdır. İnsanların günahlarını yumaq üçün fürsətdir. Bu mənada oruc tutub, Ramazan ənənələrini təbliğ etməyin əleyhinə deyiləm. Lakin iftar süfrəsindən başqa məqsədlərlə istifadə edənləri şəxsən mən qəbul etmirəm. Bu, mərhəmətə, yüksək insani dəyərlərə ziddir. Həm də hər cür ərzaqla dolu süfrənin fotosunu çəkib paylaşmaq qul haqqına girmək deməkdir. Başqası niyə həmin süfrəyə həsrətlə baxmalıdır?”. 

C.Əzimbəyli israfçılıq haqqında da danışdı: 

“İftar süfrəsinə quş südünə kimi hər cür ərzağı qoymaq israfçılıqdır. İsrafçılıq isə günahdır. Tanrı da insanlara buyurub ki, yeyin, için amma israfçılıq etməyin. Allah belə bəndələrini sevmir”.