QARDAŞ DƏSTƏYİ... ! 

“Türkiyə Xarici İşlər Nazirliyi sərhəddəki insidentdən dərhal sonra Azərbaycana tam dəstəyini ifadə etdi”

“...və Ermənistanın işğalçı siyasətini pisləyən bəyanat yaydı”


Türkiyə XİN Tovuz istiqamətindəki təxribatla əlaqədar olaraq Azərbaycana dəstəyini ifadə edib. Qardaş ölkə XİN-nin bəyanatında deyilir:
“Erməni silahlı qüvvələrinin  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətinə silahlı hücumlarını şiddətlə qınayırıq. Həyatını itirən Azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik”. 

Bundan başqa, bəyanatda o da qeyd olunub ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının  göstəricisidir: 
“Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz  işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır.

Türkiyə bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək”.

Qardaş ölkənin dəstəyinə dair fikirlərini “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib ki, son insident Rusiya ilə Türkiyənin Azərbaycan üçün fərqini bir daha ortaya qoydu:



“Türkiyə Xarici İşlər Nazirliyi sərhəddəki insidentdən dərhal sonra Azərbaycana tam dəstəyini və Ermənistanın işğalçı siyasətini pisləyən bəyanat yayıb. Sərhəddəki insidentdən sonra Ermənistanın müdafiə naziri isə Rusiyanın təyyarəçilərini qəbul edərək Ermənistan hərbi hava qüvvələrinə verdiyi dəstəklərə görə onlara minnətdarlığını bildirib. İrəvandakı görüşdə rusiyalı təyyarəçilərə medallar verilib.

Azərbaycan işğalla barışmayacaq. Ermənistanda bir-birini dəyişən hakimiyyətlər münaqişənin həlli üçün “mərhələli həll” planını qəbul etmirlər. Demək lokal toqquşmalar və genişmiqyaslı müharibə ehtimalı hər zaman yüksək qalacaq.

Bunun qarşısını nə Rusiyadan edilən telefon zəngləri, nə də həmsdərlərin ortamı yumşaltmaq üçün yaydıqları və yayacaqları bəyanatlar ala bilər”.