“Ruhaninin növbəti dəfə seçilmək şansı yoxdur” - Real namizəd açıqlandı !

“Bu gün üçün ən real namizəd keçmiş prezident Əhməd Nejatdır”

“Çünki mövcud rejimi qoruyub saxlamaq məqsədilə radikal addımlar ata bilən insana ehtiyac duyulur”

 “Hər halda hakimiyyətə gələn şəxs mühafizəkar və fars düşüncəli, başqa sözlə, fars şovinizminin qulu olmalıdır”



İranda növbəti prezident seçkilərinin keçiriləcəyi vaxt açıqlanıb. İran daxili işlər nazirinin müavini Camal Ürf deyib ki, 13-cü prezident seçkiləri 2021-ci il iyun ayının 18-də keçiriləcək.
O, həmçinin, 11-ci çağırış parlament seçkilərinin ikinci mərhələsinin cari ilin sentyabr ayının 11-də keçiriləcəyini söyləyib.
Parlament seçkilərinin ikinci mərhələsi 9 əyalət və 24 şəhərdə 11 seçki dairəsi üzrə təşkil olunacaq.

"Koronavirus epidemiyasına görə, seçkiyə qatılacaq namizədlərin seçicilərlə canlı toplantı keçirilməsi qadağan olunacaq", - deyə, bildirilib.

C.Ürfanın sözlərinə görə, ölkədə 118 partiya rəsmi qeydiyyatdan keçib.
 İrandakı rejim hər kəsə məlumdur. Yeni prezident seçkilərinin nələri dəyişəcəyi, gələcək üçün hansı perspektivlər vəd etdiyi isə çox üçün maraqlıdır. Odur ki, “Sherg.az” olaraq politoloq Sədrəddin Soltanın bu seçkilərlə bağlı fikirlərini öyrəndik:


- Sizcə, növbəti prezidenti seçkilərində qələbə qazanan kim olacaq?

- Yəqin ki, mühafizəkarlardan biri. Ümumiyyətlə, bu seçkilər hakimiyyət daxilindəki siyasi rəqabətdən başqa heç nə deyil. Başqa sözlə, sərt və mülayim xətt tərəfdarlarının, yəni mühafizəkarlarla islahatçıların mübarizəsidir. 

- Nəyə görə düşünürsünüz ki, hakimiyyətə mühafizəkar partiyasının nümayəndəsi gələcək?

- Bunun iki səbəbi var. Birincisi, mövcud rejimi qoruyub saxlamaq məqsədilə radikal addımlar ata bilən insana ehtiyac duyulmasıdır. İkinci məqam isə növbəlilik prinsipidir. Əhməd Nejat mühafizəkar idi. İndiki prezident Həsən Ruhani isə islahatçıdır. Deməli, məntiqlə növbəti prezident mühafizəkar olacaq. Bu, təxminən ABŞ-da respublikaçılarla demokratların bir-birini əvəzləməsinə bənzəyir. Amma qeyd edim ki, indi dediklərim mövcud şəraitə uyğundur. İki aydan sonra vəziyyət tamamilə dəyiş bilər. Eyni zamanda İranda prezident vəzifəsinin səlahiyyətlətinin o qədər də geniş olmadığını nəzərə almaq lazımdır. O, sadəcə nazirlər kabinetinin sədridir. Azərbaycan, Türkiyə Rusiya və İran prezidentlərinin görüşü zamanı “üç dövlət başçısı və bir hakimiyyət başçısı” ifadəsinin işlənməsi də təsadüfi deyil. 

- Konkret olaraq ad çəkmək olar?

-Həsən Ruhaninin növbəti dəfə seçilmək şansı, ümumiyyətlə, yoxdur. Hər halda hakimiyyətə gələn şəxs mühafizəkar və fars düşüncəli, başqa sözlə, fars şovinizminin qulu olmalıdır. Bu gün üçün ən real namizəd keçmiş prezident Əhməd Nejatdır. O, arzusunu dəfələrlə dilə gətirib. Həm də başqa iddialı şəxs yoxdur. Lakin dəqiq söz demək çətindir. Hətta xaricdən də kimsə hakimiyyətə gələ bilər. Fəqət ölkə ictimaiyyəti seçkilərə ilbəil daha az maraq göstərir. 

- Bu nə ilə bağlıdır?

-Çünki insanlar səslərinin formal xarakter daşıdığını və nəticəyə təsir etmədiyini başa düşürlər. Ona görə də deyirlər ki, saman da sizindir, samanlıq da. Həm də hakimiyyətə xalqın səsi lazım deyil.

- Niyə?

-Çünki hakimiyyətin seçki kontingenti kifayət qədərdir. Dövlət qulluqçuları, hərbçilər səsvermədə iştirak edirlər və məsələni bitirirlər. Çox vaxt hərbçilər seçkilərə mülki geyimdə gəlirlər. İnsanlar da prosesin tam şəffaf keçirildiyini düşünürlər. Həqiqətdə isə belə deyil. İranda keçirilən seçkilərdə şəffaflıqdan söhbət gedə bilməz. Eləcə də, siyasi rəqabət yalnız hakimiyyət daxilində gedir. 

- Deməli, seçkiləri saxtalaşdırırlar?

- Əlbəttə. Seçkinin saxtalaşdırılması isə hakimiyyətin zəbt edilməsi deməkdir. Elə buna görə də İran hakimiyyətinin legitimliyi tanınmır. İran şahı devirib, hakimiyyəti zəbt edən bir ölkə kimi xatırlanır. 

- Yəni təxminən Belarusdakı kimi...

-Bəli. Lukaşenkonunun qalibiyyətinin legitimliyini, demək olar, heç kim tanımır. Onun başına gələnlərin əsas səbəbi də məhz budur. Ümumiyyətlə, avtoritar rejimlərin ən böyük problemi legitimliyin olmamasıdır.